Azərbaycanda maaşlar artırıla bilər

img

24-08-2015 [12:26]


"Dövlət təminatsız təbəqəni nəzərə almalıdır. Amma indiki halda bu real görünmür”.

Bunu Modern.az saytına Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov ərzaq məhsullarının bahalaşması səbəbindən əmək haqlarının artırılması məsələsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, sosial yönlü tədbirlər 21 fevral devalvasiyasından sonra sosial tədbirlərin görülməli idi: "Nəzərə almaq lazımdır ki, proses zəncirvari gedir. İndiki halda risklər böyükdür. Bütün hallarda dövlət aztəminatlı vətəndaşını düşünməli və müvafiq addım atmalıdır. İstər özəl, istərsə də dövlət büdcəsindən maliyyələşən sektorlarda əmək haqları bahalaşan qiymətlərə uyğun artırılmalıdır.

Əks halda, inflyasiya və hiperinflyasiya mərhələsinə keçid başlayır”.

Sahib Məmmədovun sözlərinə görə, maaş artırılsa da, vəziyyət dəyişməyəcək: "Neftin qiymətinin düşməsi, istehlak məhsullarının bahalaşması, yaranan süni ajiotaj fonunda cüzi maaş artımı heç nəyi dəyişməyəcək.

Cüzi deyirəm, çünki hazırda dövlətin total maaş artımı etməsi mümkünsüzdür. Artım ancaq 5-10 faiz olacaq. Bununla da heç nə dəyişməyəcək. Ümumilikdə götürdükdə, bu gün Azərbaycanda əmək haqları Rusiya, Qazaxıstana nisbətən çox aşağıdır. Ona görə də əmək haqlarının hər zaman artırılmasına ehtiyac var”.

O, özəl və dövlət müəssisələrindəki vəziyyəti dəyərləndirib: "Hazırkı iş yerlərinin böyük əksəriyyətinin özəl sektora aid edildiyini nəzərə alsaq, həmin sektorda maaş artırılması real deyil. Çünki ayrı-ayrı iri şirkətlərin özünün problemləri, kredit borcları var. Bu problemlərin içərisində onların hansısa maaş artımı edəcəyi inandırıcı deyil. Ona görə, maaşların 50-100 faiz qaldırılacağını gözləməyin.

Dövlət büdcəsi də buna hazır deyil.Ən yaxşı halda manatın məzənnəsini stabilləşdirmək və qoruyub saxlamaq lazımdır.

Əgər növbəti devalvasiya qaçılmazdırsa, bunu yumşaq şəkildə etmək lazımdır. Eyni zamanda, ajiotajın qarşısı alınmalıdır. Xüsusilə valyutadəyişmə məntəqələrində yaranan sperkulyasiyanın önünə keçilməlidir.

Mərkəzi Bank onsuz da etimadı itirib. Çünki bank rəhbəri bir dəfə vətəndaşı aldadıb. İndiki halda doğru bir açıqlama versə belə, vətəndaşlar ona inanmayacaq.

Buna görə də hökumət nümayəndələri məsələyə biganə qalmamalı, süni ajiotajın qarşısını almalıdır. Məsələyə müdaxilə edəcək tək qüvvə isə Mərkəzi Bank deyil. Prezidentə qədər hökumətdə vətəndaşları yönləndirmək, məlumatlandırmaq üçün bəyanat verə biləcək rəsmilər var. Bu gün vətəndaşın onların dəstəyinə ehtiyacı var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA