Mərkəzi Bankdan dollarla bağlı xüsusi bəyanat

img

22-08-2015 [23:21]



Mərkəzi Bank (MB)son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə yayılan məlumatlara aydınlıq gətirdi.

MB-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.


Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, MB tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.

Bu gün Bakı şəhərində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina ediblər. Şəhərin mərkəz hissəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların olmadığını deyirlər.

Məlum olub ki, bir sıra bankların filiallarına baş ofisləri tərəfindən bu gündən bütün valyutalar üzrə satışı dayandırmaq tapşırılıb.

Bakıdakı mübadilə məntəqələrinin çoxu isə ümumiyyətlə fəaliyyətini dayandırıb. Onlar bunu dolların bahalaşacağı ilə bağlı şayiələrin yayılması ilə əlaqələndirirlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA