Azərbaycan Banklar Assosiasiyasında rəhbər dəyişikliyi oldu

img

07-08-2015 [19:49]


Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni rəhbəri seçilib. 

Mia.az xəbər verir ki, bu barədə anspress-ə ABA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, Z.Nuriyev bu postda "Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılovu əvəzləyəcək.

Xatırladaq ki, Nuriyev Zakir Əlibala oğlu oktyabrın 2-i 1960-cı il Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakultəsinə daxil olub və 1981-ci ildə "İqtisadçı” ixtisası üzrə tam kursu bitirib.

Əmək fəaliyyətinə 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, Nəzarət-Təftiş İdarəsində aparıcı mühasib kimi başlayıb.

1981-1983-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 1983-cü ilin iyul ayından etibarən 1989-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Rabitə Nazirliyinin Nəzarət-Təftiş İdarəsində mühasib-revizor, baş təftişçi və baş mühasibin müavini kimi fəaliyyət göstərib. 1989-cu ildən AR Rabitə Nazirliyinin "Rayon Rabitəsi" İstehsalat Birliyinə Nəzarət və mühasibat uçotu şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1993-1998-ci illərdə "Rabitəbank” SKB-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb və 1998-ci ildən indiyədək "Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb. 2006-cı ildən indiyədək Assosiasiyanın Rəyasət Heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA