"ABB-nin indiki vəziyyətdə satılması probemlər yaradacaq" - Ekspert

img

15-07-2015 [23:50]


"Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bank nəhayət ki özəlləşdirilir. Beynəlxalq Bank ölkənin bir nömrəli bankıdır və onun bazar payı, təxminən 40%-ə yaxındır, dövlət bankı olmaqla, sistem əhəmiyyətli bank hesab olunur. Ölkə üzrə kredit qoyuluşlarının 1/3-i, depozit qoyuluşlarının isə 1/4-i Beynəlxalq Bankın payına düşür".

Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də "Kapital Bank" vasitəsi ilə reallaşdırılır. Digər banklar kənarda qalır və bu da rəqabət mühitini pozur. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin də əsas benefisiarı bu bankdır:

"İndisə prezidentin son fərmanına əsasən, Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus "Aqrarkredit” QSC-nin idarəetməsinə veriləcək. "Aqrarkredit” QSC isə öz növbəsində borclanmaya gedəcək, mərhələlərlə istiqraz emissiya edərək onları qiymətli kağızlar bazarında yerləşdirəcək. Bu istiqrazlara dövlət zəmanəti veriləcək, ancaq onun həcmi hər ilin dövlət büdcəsinin daxili borclanma limiti nəzərə alınmaqla tənzimlənəcək. Buraxılmış istiqrazlar uzunmüddətli və aşağı faizli (yəqin ki uçot dərəcəsi səviyyəsində olacaq - illik 3%) olacaq. Mərkəzi Bank həmin istiqrazların satın alınmasını həyata keçirəcək. "Aqrarkredit” QSC istiqrazdan cəlb etdiyi vəsaiti dövrü olaraq Beynəlxalq Banka ödəyəcək. Restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda Beynəlxalq Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlanıb Prezidentə təqdim ediləcək".


Samir ƏLİYEV

İqtisadçının sözlərinə görə, Beynəlxalq Bankın çox böyük problemləri var. Əsas problemlər vaxtı keçmiş və problemli kreditlər ilə bağlı idi:

"Təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur. Bankdan milyonlarla dəyərində kredit götürmüş ancaq geri qaytarmamış müştərilərindən həbs yolu ilə borcların bir hissəsi geri alınsa da aktivləri tam xilas etmək mümkün olmayıb. Geri qayıdan vəsaitlərin həcmi barədə məlumatlar açıqlanmır, ona görə zərərli aktivlərin həcmi barədə dəqiq məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, "Aqrarkredit” QSC-nin boynuna ən azı bir milyard manata yaxın zərərli aktiv yüklənəcək".

Samir Əliyev deyir ki, Beynəlxalq Bankın özəlləşdirməyə çıxarılması düzgün addımdır:

"İndiki vəziyyətdə özəlləşdirməyə çıxarılması, onun dəyər-dəyməzə satılmasına, beynəlxalq reytinqinin aşağı düşməsinə gətirib çıxara bilər. Sağlamlaşmadan sonra isə bankı normal qiymətə satmaq mümkündür. Həm də bankın indiki vəziyyətdə satılması sektor üçün probemlər yarada bilərdi. Təbii ki, əsas məsələ bankın kim tərəfindən alınması olacaq. Əks halda, onun özəlləşdirilməsi ciddi əhəmiyyət daşımayacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA