Rusiya rəsmi Bakıya meydan oxudu - Putinin Bakıya gəlişi ərəfəsində nə baş verdi?

img

10-06-2015 [12:49]


Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin "Transxəzər" qaz kəmərinin tikintisi layihəsinə dair birtərəfli addımlara qarşı olduğunu ifadə edən bəyanatla çıxış edib.

 Bəyanat Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində səslənir. Kreml bildirib ki, Putin Bakıdakı danışıqlar zamanı  Xəzər məsələlərinə də müzakirə edəcək.

Son zamanlar Avropa İttifaqı "Transxəzər” qaz kəməri layihəsinə dair fəallığı artırıb. Brüssel Azərbaycan və Türkmənistana bu layihəyə dair 2011-ci ildə imzalanmış anlaşma memorandumunu yeniləməyi təklif edib.

Habelə Aşqabadda Türkiyə tərəfinin də iştirakı ilə "Transxəzər” qaz kəmərinə dair danışıqlar aparılıb. Türkmənistan tərəfi bildirib ki, "Transxəzər” qaz kəməri layihəsi ölkənin qaz ixracı marşrutlarının şaxələndirilməsi baxımından əsas prioritetdir.  Lakin rəsmi Moskva bildirir ki, bu layihənin həyata keçirilməsi Rusiyanın razılığı olmadan baş tuta bilməz.

"Bütün mənalarda unikal olan su hövzəsində magistral boru kəmərlərinin çəkilməsinə hər şeydən əvvəl ekologiya prizmasından baxmaq lazımdır, ancaq bundan sonra məsələnin iqtisadi tərəfinə nəzər salmaq olar”- deyə Aleksandr Lukaşeviç Rusiyanın "Transxəzər” qaz kəmərinə niyə skeptik baxdığını əsaslandıraraq deyib.

Rusiya XİN rəsmisi əlavə edib ki, "Transxəzər” qaz kəməri layihəsinin effektivliyini və maliyyə baxımından özünü doğrultmasını ilk növbədə bu layihəyə qoşulacaq ölkələr mühakimə etməlidir.

"Ancaq layihənin ekoloji tərəfinin ilk növbədə Xəzər sahilində yerləşən ölkələrə dəxli var, özü də istisnasız olaraq bütün sahilyanı ölkələrə”- deyə Lukaşeviç  xəbərdarlıq edib.

Rusiyalı diplomatın sözlərinə görə, Qərb ekoloji təşkilatları nədənsə Rusiyanın müxtəlif ucqarlarında  ekoloji problemlərə diqqət göstərir, ancaq Xəzər regionunda təbiət və insanlar üçün potensial təhlükələri görməməzliyə vurur.

A.Lukaşeviç xəbərdarlıq edib ki, "Transxəzər” qaz kəmərinin tikintisinə dair birtərəfli addımlar Xəzər ölkələri arasında etimadı sarsıda bilərdi: "İstisna deyil ki, bu layihənin regiondankənar lobbiçiləri özlərini  Xəzər ölkələrinə ”strateji tərəfdaşlar" kimi təqdim edərək və bu layihənin tərəfdarlarına bütün mümkün siyasi dividendlər vəd edərək məhz bu etimadı sarsıtmağı nəzərdə tuturlar".

Rusiya XİN rəsmisi xatırladıb ki, ötən il Həştərxanda keçirilən Xəzər sammitində beş ölkənin liderləri açıq şəkildə Xəzərə dair mühüm məsələlərin həllində ancaq sahilyanı ölkələrin qərar qəbul etmək haqqının olduğunu vurğulayıblar.

"Hesab edirik ki, belə məsələlərə heç şübhəsiz boru kəmərləri mövzusu da daxildir” - Lukaşeviç deyib.(musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA