"Konstitusiya Məhkəməsinin qərarı iqtisadi cəhətdən düzgün verilməyib" - Qubad İbadoğlu

img

17-05-2015 [23:03]


"Konstitutsiya məhkəməsinin qərarı ilə tanışlıq onu göstərir ki, müraciət edənlərin qaldırdığı maddələr üzrə araşdırma zamanı Konstitusiyanın 19-cu maddəsinin III hissəsinində Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır cümləsinin şərhi iqtisadi cəhətdən düzgün verilməyib". 

Bu fikirləri Mia.az-a açıqlamasında ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. Onun sözlərinə görə, bu normanın izahatı zamanı "pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəasının necə şərh olunması qərarın qəbulundə xüsusi əhəmiyyət kəsb etdiyindən müzakirələrdə iqtisadi ekspertlərin də iştirakı təmin olunmalı idi: "Belə olanda ödəniş vasitəsinin hüquqi anlayışı , yəni pulun hansı hallarda ödəniş vasitəsi kimi çıxış etməsini müəyyənləşdirərkən nəzərə alınardı ki, pul özü də xüsusi növ əmtəədir. Lakin, Konstitusiya Məhkəməsinin Plenumu pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılmasını aid edib. Əslində bu siyahıya pulun tədiyyə vasitəsi kimi çıxış etməsini, onun xüsusi növ əmtəə olduğunu əsas götürüb, kreditlər üzrə hesablaşmaları da daxil etmək olardı. Buna Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, pullar və qiymətli kağızların da əşya sayılması əsas verirdi. Digər tərəfdən iqtisadi mahiyyətinə görə, pulun tədiyə funk¬siyanın mənbəyini kredit və bu iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir. Bütün bunlar nəzərə alınardısa, Konstitutsiya məhkəməsi valyuta ilə olan kreditlər üzrə hesablaşmalar zamanı manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edən qərar çıxara bilərdi. Hesab edirəm ki, bu daha dügün yanaşma olardı. Fərqli yanaşma ondan ibarət olub ki, Konstitutsiya məhkəməsi kredit hesablaşmalarında olan pulu iqtisadi çəhətdən xüsusi növ əmtəə, hüquqi baxımdan əşya kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi təvsir edib. Məhkəmə izahat verib ki, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Hesab edirəm ki, bu səhv yanaşmadır. Çünki, bankdan götürülən pul müxtəlif valyutalara, eləcə də əmtəəyə, yenidən pula transformasiya olunaraq müxtəlif funkisiyalar yerinə yetirir, mülkiyyət isə münasibətlər prosesində formasını dəyişsə də eyni funksiyaya malik olur. Ona görə də onları funksional olaraq eyniləşdirmək düzgün deyildir. Həm də unutmayaq ki, pul əmtəəyə çevriləndən sonra mülkiyyət funksiyasını daşıya bilər. Odur ki, hesab edirəm ki, səhv iqtisadi təvsirlərə və ondan irəli gələn hüquqi nəticələrə görə, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin mahiyyətinə də düzgün qiymət verilməyib. Əslində Konstitutsiya məhkəməsi manatın yeganə ödəniş vasitəsi olmasını əsas götürüb dollarla olan kreditlərin manatla ödənilməsinə qərar çıxara və eyni zamanda bununla da milli valyutanın nüfuzunu da artıra bilərdi".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA