"2015 ən çətin ildir" - Elman Rüstəmov təhlükəli inflyasiyadan danışdı

img

16-02-2015 [15:33]


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollardan asılılığını azaldacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyəti sədri Elman Rüstəmov "Financial Times” qəzetinə müsahibəsində bildirib.
 
"Büdcə və pul-kredit siyasətinə düzəlişlər etmək həddən artıq vacibdir. Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik”, - deyə E. Rüstəmov bildirib.
 
Bununla belə, E. Rüstəmov Azərbaycanın nə vaxt manatın dollardan faktiki asılılığından imtina edəcəyinə dair suala cavab verməyib. Baş bankir qeyd edib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank "bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq".
 
AMB rəhbəri deyib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib: "Burada avronun payı 20-30%, inflyasiya ilə bağlı oriyentir isə 5-7% təşkil edəcək".
 
E. Rüstəmov onu da qeyd edib ki, 2015-ci il ən çətin illərdən biridir: "Bu ildə əsas məqsəd iqtisadiyyatın diversifikasiyası, yeni inkişaf modelinə keçmək və xammaldan asılılığın azaldılmasıdır".
 
Sədr bildirib ki, cari ilin əvvəlindən Mərkəzi Bank manatın məzənnəsinin saxlanması məqsədilə 1 mlrd. dollar həcmində vəsait xərcləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA