Hirkan meşəsi məhv edilir, departament direktoru faktı nazirdən gizlədir - Şikayət

img

14-02-2015 [12:37]


 Lənkəran rayonu Səpnəkəran kənd sakini Hüseynov Bəhmən Əbdülhəsən oğlu tərəfindən Mia.az-a şikayət məktub daxil olub. 

Mia.az həmin məktubu olduğu kimi təqdim edir: 

 "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hirkan meşələrinin qorunub saxlanması məqsədilə Hirkan Milli Parkının yaradılması barədə 9 fevral 2004 – cü il tarixli sərəncam imzalamışdır. Sərəncama əsasən, Parkın ərazisi ( Lənkəran və Astara inzibati rayonlarının ərazilərinin ) meşə fondu hesabına  40358 hektar təsdiq olunmuşdur. 

Parkın təxminən bütün sahəsi meşə ilə örtülmüşdür. Burada relikt (çox qədim dövrdən qalma) və endemik (yerli,müəyyən bir yerə xas olan) ağac və bitki növləri mühafizə olunur. Parkın florası 1900 növdən ibarətdir. Burada yaşı mini ötmüş 170-dən çox ağac növü qorunur. 

Parkda təsərrüfat əhəmiyyəti olan fıstıq,vələs,palıd, dəmirağacı və s. ağaclarla bərabər, alma, armud, qoz, fındıq, şabalıd, zoğal, əzgil, alça, yemişan, itburnu, və digər yabanı meyvələr də vardır. 

Bəli, meşə bizim milli sərvətimizdir. Lakin biz bu sərvətin qədrini bilmirik. Son vaxtlar Lənkəran bölgəsində meşələrin qırılması faktı artıb.  Əhalinin gündəlik istilik tələbatını ödəmək üçün meşələrin qırılması halları çoxalıb. Bundan başqa, taxta, parket istehsalına görə də, xeyli ağac kəsilib və hazırda kəsilir. 

Bütün bu qanunsuzluqlara Hirkan Milli Parkının direktoru Səfərəli Şahbazov və digər şəxslər  rəhbərlik edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Cənub bölgəsi üzrə kuratorları Bəhruz və Mühəddin adlı şəxslər bu qanunsuz əməllərə göz yumur və ört – basdır etməklə məşğuldurlar.   

Dəfələrlə bu qanunsuzluqlar barədə cənab nazir Hüseynqulu Bağırovu xəbərdar etmək istəsəm də, hər dəfə Nazirliyin Meşə Departamentinin sədri Vaqif Cavadov məni qəbul edərək, cənab nazirlə görüşməyimə imkan verməmiş və yalançı vədlərlə geriyə qaytarmışdır. 

Kəsilən bir ağacın yetişməsinə illərlə vaxt lazımdır. Hər bir ağacı yetişdirmək, onu böyütmək bir insan ömrünə bərabərdir. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər  Əliyev "Hər kim bir ağac kəsirsə, elə bil mənim qollarımı kəsir" müdrik kəlamını səsləndirmişdir. 

 Hörmətli redaksiya! 

Sizdən xahiş edirik, meşələrimizin qorunmasında bizə yardımçı olasınız”. 

Qeyd edək ki, şikayətçi yazıya aid foto-faktları da Mia.az-a təqdim edib. Bununla bağlı qarşı tərədin də münasibətini dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA