İlham Əliyevin qanunsuz tiklilərlə bağlı sərəncamına rəsmi izah verildi

img

19-01-2015 [10:26]


Prezident İlham Əliyev yanvarın 13-də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalasa da, Bakıətrafı ərazilərdə qanunsuz tikinti işləri davam edir.
 
Yeni salınmış şəhərkənarı qəsəbələrin sakinləri qeyri-qanuni tikililərinə yaşayış massivi statusunun veriləcəyinə inanırlar.
 
Lakin Əmlak Məsələləri Dövlət Komitəsi belə düşünmür. Qurumun mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov "Trend”ə bildirib ki, qanunsuz tikililərin qeydiyyatı prezidentin imzaladığı fərmanla tənzimlənməyəcək:
 
"Daşınmaz əmlakın dövlət qeydiyyatı 2014-cü ildə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna əsasən aparılır. Daşınmaz əmlakın qeydiyyatı üçün lazım olan sənədlər qanunun səkkizinci maddəsinə əsasən müəyyən edilir. Prezident İlham Əliyevin yeni fərmanı sadəcə bu sənədlərin siyahısını genişləndirdi. Fərman ölkədə qanunsuz tikintiləri əhatə etmir".
 
Onun sözlərinə görə, əvvəllər həmin sənədlərin adları qanunda çəkilmirdi ki, bu da dövlət qeydiyyatı orqanlarının işini çətinləşdirirdi: 
 
"Həmin sənədlər əsasında qeydiyyat əvvəllər də aparılırdı, lakin mülkiyyətçilər həmin sənədləri qanuna uyğunlaşdırmaq üçün məhkəməyə müraciət etməli olurdular. Fərman qeydiyyat orqanlarının işini asanlaşdırdı və əhali üçün bir sıra çətinlikləri aradan qaldırdı”.
 
Azərbaycanda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına yaşayış və bağ evləri haqqında sənədlər daxildir(Trend).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA