“Akkord” Ağstafa və Tovuzda işini başa vurdu - FOTO

img

25-12-2014 [17:50]


"Akkord” Korporasiyası Ağstafa və Tovuz rayonlarında icra etdiyi su-kanalizasiya layihələrinin üçüncü mərhələsini də müvəffəqiyyətlə yekunlaşdırıb.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr xidmətindən Mia.az-a verilən məlumata görə, bu mərhələ çərçivəsində Ağstafa rayonu üzrə çirkab su təmizləmə həcmi 4500 kubmetr/gün, Tovuz rayonu üzrə isə, 7000 kubmetr/gün həcmində olan sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işi başa çatdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı Sərəncama əsasən, Azərbaycanın regionlarının, o cümlədən Şirvan şəhərinin, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı təsdiq edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılıb. Layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabr ayında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanılıb.

Layihələrin icrasına 2010-cu ilin dekabr ayında start verilib, hər iki layihənin icrası üç mərhələyə bölünüb.

Layihənin son mərhələsi üzrə görülən işlər sayəsində kanalizasiya şəbəkələri sisteminin potensialı Ağstafa şəhərinin Xətai qəsəbəsini, Qaçaq Kərəm və Yenigün kəndlərini əhatə etməklə çirkab təmizləyicisinə əlavə yaşayış məntəqələrinin də qoşulmasına imkan yaradıb.

Tovuz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi əvvəldən rayon mərkəzinin, Abulbəyli, Bozalqanlı, Aşağı Öysüzlü, Düz Cırdaxan, Cəlilli və Qazqulu kəndlərinin suya tələbatının ödənməsini nəzərdə tuturdu. Layihənin tələblərinə əsasən, 16 min şəhər və 28 min kənd əhalisinin sutka ərzində su tələbatı, bütövlükdə tikintinin başa çatdırılması ilə 20 min şəhər və 30 min kənd əhalisinin suya olan tələbatı tam ödənilməli idi.

Layihənin üçüncü mərhələsində çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması ilə kanalizasiya şəbəkələri sisteminin potensialı Tovuz şəhərinin Əlimərdanlı, Abulbəyli və Bozalqanlı kəndlərini əhatə edib, qurğuya əlavə yaşayış məntəqələrinin də qoşulması imkanı yaradılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA