Gələn il dolanışığımız necə olacaq? - İqtisadi proqnoz

img

24-12-2014 [12:28]


İqtisadçı ekspert Samir Əliyev 2014- cü ilin Azərbaycan iqtisadiyyatında baş verən prosesləri şərh edib və 2015- ci illə bağlı proqnozlar verib.

S. Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2014-cü il Azərbaycan iqtisadiyyatı üçün daha çox xaricdən təzyiqlərin çoxaldığı bir il kimi yadda qalacaq: "Birincisi, dünya bazarında neftin qiymətinin düşməsi, ikincisi Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar nəticəsində onun ölkə iqtisadiyyatına təsiri. Dünya bazarında neftin qiymətinin düşməsi onunla səciyyələnir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olan ölkələrdəndir. İxracının 95 faizi, büdcə gəlirlərinin 70-40 faizi daxili məhsulun təxminən yarısı neftin hesabına formalaşır. Ona görə də bu ölkə iqtisadiyyatının həcminin azalmasına gətirib çıxarır. Düzdür, hələ ki neftin düşməsinin neqativ təsirləri ölkə iqtisadiyyatında hiss olunmur. Əgər proses bu cür davam edərsə, gələn il təsirlərini göstərəcək.

Biz gələn il neftin ucuzlaşmasının ölkə iqtisadiyyatında təsirlərini hiss edəcəyik. İkincisi isə, sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatının pisləşməsi və rublun kəskin ucuzlaşmasıdır. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Rusiya bizim 2 milyon vətəndaşımız üçün iş yeridir. Bu gün də bu ölkədə hər hansı dəyişiklik Azərbaycan iqtisadiyyatına təsirini göstərməlidir. Orada işləyən soydaşlarımızın Azərbaycana göndərdiyi pulun dəyərinin düşməsinə təsir göstərdi.

Digər tərəfdən Neft Fonduna rubldan yatırılan vəsaitlərin ucuzlaşması ilə yadda qaldı. Rusiyadakı böhran nəticəsində yayda bizim fermerlər uzun müddət fasilədən sonra heç bir əziyyət çəkmədən məhsullarını Rusiya bazarında satması ilə də yadda qaldı. Belə bir üstünlük qısa müddətli olsa da yarandı. Rusiyada sanksiyanın doğurduğu nəticədən biri də həmin ölkədə daşınmaz əmlak bazarında qiymətlərin düşməsidir ki, belə vəziyyətdə Azərbaycan biznesmenləri Rusiya bazarında daşınmaz əmlak almağa üz tutdu. Bu da Azərbaycanın valyuta bazarında gərginlik yaratdı. Xeyli dərəcədə dollar ölkədən kənara çıxarıldı. Bu dollar bazarında qıtlıq yaratdı. Təbii ki, Mərkəzi Bankın müdaxiləsi ilə bu məsələnin qarşısı alındı. Yəni manatın məzənnəsi hələ ki sabit olaraq qalmaqdadır”.

Ekspert hesab edir ki, 2015- ci il Azərbaycan iqtisadiyyatı üçün çox gərgin il olacaq: ”2014- cü ildə baş verən bu proseslər artıq öz təsirini 2015- ci ildə göstərəcək. Həm dövlət büdcəsinin icrası ilə bağlı məsələlər həm Neft Fondunun kəsirlərin yaranması, müəyyən narahatçılıq yaradacaq. Nəzərə alsaq ki, Olimpiya Oyunlarının olması , həm də seçki keçirilməsi ilə bağlı böyük həcmdə pulların dövretməsi səbəbindən diqqət cəlb edəcək. Həm də gələn il manat üçün sınaq ili olacaq. Dünya bazarında kəskin ucuzlaşma olmasa, manatın məzənnəsi sabit qalacaq. Əgər ucuzlaşma olarsa, bu Mərkəzi Bank üçün sınaq ili olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA