Bu gün Prezident İlham Əliyev bir sıra vacib sənədləri imzalayıb.
Mia.az xəbər verir ki, Prezident "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edib.
Yeni Fərmanda deyilir: :
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinin ikinci abzasının birinci cümləsində nəzərdə tutulmuş əmək qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;
1.5. "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3, I kitab, maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791) aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci hissəsinin üçüncü abzasında "və 257-ci maddəsinin üçüncü hissəsində” sözləri ", 257-ci maddəsinin üçüncü hissəsində və 312-ci maddəsinin ikinci abzasının ikinci cümləsində” sözləri ilə əvəz edilsin;
3.2. ikinci hissəsinin dördüncü abzasında "284-cü maddəsinin birinci hissəsində” sözlərindən sonra ", 312-ci maddəsinin ikinci abzasının birinci cümləsində (hər iki halda)” sözləri əlavə edilsin.
***
Prezident digər Fərmanı isə "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1118-IVQD nömrəli Qanununun tətbiqi haqqında olub:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş həmin Qanunun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;
1.5. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 525; 2002, № 8, maddələr 485, 488; 2008, № 9, maddə 798; 2011, № 7, maddə 633) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2-ci hissəsinin ikinci abzasında "25.6-cı” sözlərindən sonra ", 29.3-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;
3.2. 2-ci hissəsinin dördüncü abzasında "və 19.4-cü maddələrində” sözləri ", 19.4-cü maddələrində və 29.3-cü maddəsinin birinci cümləsində (hər iki halda)” sözləri ilə əvəz edilsin.