"Cənub" mehmanxanasının torpağı payçılarının iradəsinin əleyhinə hərraca çıxarılıb. Bu barədə cəmiyyətin səhmdarı Şahin Əlizadə "Bizim Yol" qəzetinə bildirib.
Xatırladaq ki, paytaxtın "Sahil" metrostansiyası yanında, Zərifə Əliyeva küçəsi 31 ünvanda, 0.12 ha ərazidə yerləşən 4 mərtəbəli hotelin binası da səhmdarlarının xəbəri və razılığı olmadan sökülüb. Şəhərin prestijli zonasında yerləşən müəssisənin 99 faizlə səhm nəzarət paketi sahibi - "AZORS" MMC-dir, yerdə qalan 1 faiz minoritar səhmdarlara məxsusdur.
Bu ilin sentyabrında müəssisənin keçirilən ümumi yığıncağında cəmiyyətin istifadəsində olan torpağın özəlləşdirilməsi müzakirəyə çıxarılıb. Hotelin səhm nəzarət paketi sahibi nümayəndəsinin "səhmdar cəmiyyətin büdcəsində yetərli qədər vəsait yoxdur ki, biz onu müəssisənin adına özəlləşdirək" bəhanəsinə minoritar səhmdarlar "torpağı özəlləşdirmək lazımdırsa, gəlin özəlləşdirək", deyə maliyyələşməni öz üzərlərinə götürməyi təklif ediblər. Sözügedən ərazidə torpaq sahəsi olmadığından və yerin dəyəri nəzərə alınsa, səhmdarlar müəssisənin torpağını yarım milyon manat dəyərində qiymətləndirirlər.
Lakin təcrübədən çıxış edilsə, adətən hərraclarda dövlət satış qiyməti belə ərazilər üçün 30 min manat civarında müəyyənləşdirilir. Yığıncaqda səhmdardan biri komissiya yaradaraq 1 faiz minoritar səhmdarlardan pul toplayıb cəmiyyətin hesabına köçürməklə torpağı cəmiyyətin adına özəlləşdirmək təklifini irəli sürüb. Lakin bu təklifə majoritar səhmdarın nümayəndəsi maraq göstərməyib. Bəzi səhmdarlar isə torpağın hərraca çıxarılmasını, minoritar səhmdarlara da özəlləşmədə iştirak üçün şərait yaradılmasını təklif edib. Lakin bu, minoritarların xeyrinə deyildi. Torpaq hərraca gedərsə, artıq onların əlindən çıxacaq. Çünki 0.12 ha ASC-nin istifadəsində olan yerdir, cəmiyyət burada tikinti aparmağa başlasa, torpaq onun balansına keçməlidir, ayrı-ayrı səhmdarların adına yox.
Sahibkar mərkəzdəki torpağından "könüllü" imtina etdi
Majoritar səhmdarı təmsil edən Xəqani Əhmədov torpağı "AZORS" MMC-nin adına özəlləşdirmək niyyətlərini bəyan edib. Lakin yığıncaqda özəlləşdirilmədən imtina edərək torpağı müəssisənin adına keçirmək mümkün olmadığından, torpaqdan imtina edib, başqasının adına özəlləşdirmə niyyətini bildirib. Hətta kimin adına özəlləşdirəcəklərini də deyib, onun 99 faiz paket sahibinin nümayəndəsi Naze Şahverdiyeva olduğunu bildirib, "biz imtina edirik, xanım hərrac vasitəsilə özəlləşdirsin", deyib.
Halbuki xanıma yönəldiləndə bu, artıq hərrac olmur, sifarişli özəlləşdirmədir. Ş.Əlizadə: "Qanunla keçirilən hərraclarda əmlakı kimin alacağı bilinməməlidir. Burada isə torpağın kimə çatacağından qabaqcadan məlumatlıdırlar. Torpaq xanımın adına özəlləşsə, tikinti haqqında sərəncam da onun adına qeydə alınacaq. Cəmiyyətin əmlakı yoxdur, binası sökülüb, balansında 1 qəpik pul olmadığını deyirlər, tikintini də həmin xanım maliyyələşdirəcək. O zaman həmin yeni bina xanımın olacaq. Torpaq onun, sərəncam onun, tikintini də özü maliyyələşdirir, yaxşı burada "Cənub"un nəyi qaldı?", deyə səhmdar soruşur.
Onun sözlərinə görə, torpaq əldən gedəndən sonra "Cənub" havada qalacaq. Sabah ASC ləğv olunanda səhmdarlara bölməyə bir əmlak qalmayacaq, çünki onsuz da torpaqdan başqa heç nəyi yoxdur. Sonda yığıncağın sədri torpağın səhmdar cəmiyyət tərəfindən özəlləşdirilməsinə dair qərar mətnini səsverməyə çıxardıb. 99 faiz paket sahibi əleyhinə səs verib və beləliklə, özəlləşdirmə haqqında qərar keçməyib. Lehinə səs verən səhmdarlar gedib özlərinin torpaq sahəsini cəmiyyətin adına özəlləşdirəcəklərini bəyan ediblər. Lakin yüksək çinli məmur tərəfindən himayə edildiyi və ona aid olduğu bildirilən cəmiyyətin torpağının özəlləşdirilməsindən imtina edilməsinə dair qərar layihəsi səsverməyə çıxarılmayıb.
Dövlət rüsumu əvəzinə bazar qiymətini üstün tutdu
O vaxt səhmdar proqnoz verirdi: "İndi bunu əsas götürüb protokola yazacaqlar ki, səhmdarlar özəlləşdirmənin əleyhinə olduqlarına görə xahiş edirik, torpağı hərraca çıxarın. Sizi əmin edirəm, 1 həftə - 10 günə torpağın hərraca çıxarılması barədə elan "Mülkiyyət" qəzetində çıxacaq. İştirak etmək istəyən minoritar səhmdarları da hərraca buraxmayacaqlar, özləri satmaq istədikləri adamın adına "düzüb-qoşacaqlar". Səhmdarların maliyyə yardımı təklifinə rəğmən, paket sahibi torpağı özəlləşdirməkdən imtina etdi. Nəzərə alsaq ki, ASC-nin balansında əmlakı yoxdur və olan-qalan əmlakını da özbaşına söküblər, yerdə qalan torpağı istifadə etmək əvəzinə ondan da imtina edir. Halbuki torpağı özəlləşdirmək üstünlüyü hüququ var. Bu gün ayrı-ayrı şəxslər hərraca getsələr, onlar üçün həmin torpaq sahəsi bazar qiyməti ilə müəyyənləşəcək - yarım milyon manat. Həmin torpaq üçün real hərrac keçirilsə, qiymət hara istəsəniz, gedib çıxar. ASC-nin üstünlük hüququ ona imkan verir ki, istifadəsində olan torpağı dövlətin müəyyən etdiyi qiymətlə özəlləşdirsin, heç bir hərrac keçirilmədən dövlətin müəyyən etdiyi bir qiymətə torpaq sahibi olsun. İstifadə hüququnun, özəlləşdirmə hüququnun da qeyri-maddi aktiv kimi dəyəri var və bir neçə qiymətləndirici rəyində onun qiyməti müəyyən etdiyini də görmüşəm. 40 səhm sahibi olan mən deyirəm ki, "gəlin bu hüquqdan istifadə edək", 99 faizin sahibi isə "yox, mən istifadə etmək istəmirəm", deyir".
Səhmdar bildirir ki, ASC torpağın özəlləşdirilməsindən imtina etməyib: "Məsələ səsverməyə tam başqa formada qoyuldu. "Özəlləşdirilsin" qərarı qəbul olunmadı və bu o demək deyil ki, özəlləşdirmədən imtina edildi. Könüllərində varsa, torpaqdan imtina üçün ayrıca iclas çağırmalıdırlar. Ancaq mən biləni bunların hamısını elə bu protokolla edəcəklər".
Sonradan X.Əhmədovla da telefonla danışdım. Cənab Əhmədov elə cümləsinin başındaca "biz torpağı özəlləşdirməkdən imtina etməmişik, torpağı səhmdar cəmiyyətin yox, fiziki şəxsin adına özəlləşdirmək istəyirik" dedi.
Auksion Mərkəzində keçiriləcək hərracdan "xəbərsiz"dilər
Həqiqətən də dediklərini elədilər. Səhmdarlara məlumat sızıb ki, müəssisənin torpağı hərraca çıxarılır. Amma bu barədə elanı görən olmayıb. "Mülkiyyət" qəzetinin noyabr ayındakı bütün saylarını ələk-vələk elədim. Qəzetin 8 noyabr 2014-cü il tarixli 44-cü (894) sayında, 6-cı səhifədə Bakı şəhərində hərrac vasitəsilə satılması nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi barədə elan var. Qiymətli kağız sahiblərinin reyestrindən çıxarışın nömrəsi AZ 1001008031-dir. Ünvan sütununda Bakı şəhəri və 31 rəqəmi göstərilib, küçənin adı, obyektin sahəsi və qiyməti isə qaralanıb, göründüyü kimi, üzərində şrtixlər qoyulub. Torpaq sahəsinin satışının dekabrın 3-ü saat 11-ə təşkil olunacağı bildirilib.
Səhmdarlar bu elanın məhz "Cənub"a aid olduğunu və onun məxfi qrif altında verildiyini deyirlər. Qəzetin 15 noyabr tarixli 45-ci sayının yenə 6-cı səhifəsində bildiriş verilib. Söhbətigedən qeyri-yaşayış sahəsinin hərracının dekabrın 9-na keçirildiyi elan olunur. Dəyişiklik ediblər, ancaq qaralama barədə düzəliş verilməyib. Bizim təhlilimiz və araşdırmamıza görə elandakı Səbail rayonu Zərifə Əliyeva küçəsi 31 ünvanıdır, yəni "Cənub" Hotelin yerləşdiyi ərazi. Məlumatlara görə, torpağın hərrac qiyməti 30 min manatdan bir qədər çox təyin olunub - faktiki dəyərindən 15 dəfə az. Fikirləşdim, bəlkə sadəcə məndəki qəzetdə belədir, bəzi səhmdarlara zəng elədim. Onlarda da ünvan, sahə və hərracın qiyməti eynilə qaralanmışdı.
Bu dəfə "Mülkiyyət" qəzetinin redaksiyası ilə əlaqə saxladım, texniki işçi və mühasib də özlərində olan qəzetlərə baxıb həmin hissədə qaralama olduğunu təsdiqlədilər. Sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla danışdım. Qulu müəllimin də kabinetindəki qəzet nüsxəsində təsadüfdən, yoxsa zərurətdənmi vəziyyət eyni idi. Lakin MX rəhbəri bunun mətbəə nöqsanı olduğunu deyib komitənin web-saytında elanlar bölməsinə baxmağı məsləhət gördü. Dedi ki, oxunmayan yerləri oradan görə bilərəm. Komitənin rəsmi saytına da baxdım, elandan əsər-əlamət görmədim. Dedim, bəlkə mən tapa bilmirəm. Hərracların Təşkili Üzrə Auksion Mərkəzinə zəng elədim. Məsləhətçi İlham Hüseynov yarım saatlıq axtarışdan sonra bu hərrac barədə heç bir məlumat tapa bilmədi. Onun baxdığı "Mülkiyyət" qəzeti"ndə də eyni yerlərdə qaralama vardı. Saytdan isə elanı İ.Hüseynov da tapa bilmədi.
Artıq "tapa bilmədi" deməyəcəm, çünki elə bir elan saytda yox idi. Sonradan sayta yerləşdirib məni yalançı çıxartmasınlar deyə səhifənin "screenshot"unu da çıxartmışam. İ.Hüseynovla xeyli "danışıqlar"dan sonra kiçik müəssisələrin satışı üzrə hərracların təşkili şöbəsinin müdiri Azər Sadıxovdan məlumat gətirdi ki, "hələlik sözügedən hərrac barədə sərəncam Auksiona daxil olmayıb". Məsləhətçi ehtimal da irəli sürdü: "Yəqin ki, o hərrac keçirilməyəcəyinə görə ünvan və qiymət sonradan mətbəədə pozulub". Telefondakı cavan kadr təbii ki, rəhbərliyin dediyini mənə çatdırırdı, əminəm ki, şüurlu şəkildə söyləmirdi. Yoxsa bu sözlərinin hansı məntiqə söykəndiyini özü də analiz eləsə, bir yerə gedib çıxa bilməyəcəkdi. İlhama dedim ki, çox da özünü yormasın, axtardığım bilgilər məndə var, yazını oxuyub keçiriləcək hərrac barədə məlumatlansınlar.
Elan təsadüfən, yoxsa bilərəkdən qaralanıb?
Təcrübəli səhmdarlar deyirlər ki, bu onları hərraclardan kənarda tutmaq üçün düşünülmüş yeni bir "oyun"dur və çaşdırma xarakteri daşıyır. Buna qədər bir dəfə hətta hərrac elanlarının çap olunduğu qəzetin özünü belə "yox" edibmişlər, kimsə qəzetin nüsxəsini köşklərdən əldə edə bilməyib. Kitabxanaların arxivlərini də ələk-vələk edib, tapmayıblar. Səhmdarlar şübhələnirlər ki, həmin vaxt faktiki hərraca çıxarılandan daha çox müəssisənin adı qeyd olunubmuş, lakin həmin müəssisələrin özəlləşməsinə xalqı buraxmayıb, yalnız bir adamın adına rəsmiləşdiriblər. Həmin müəssisələrin adı bəlli deyil.
Mütəxəssislər deyirlər ki, hazırda söhbətigedən elanın qüvvəsi yoxdur və onun əsasında hərrac keçirilə bilməz. Məlumatların bilərəkdən pozulması hərracda kütləvi iştirakın qarşısını almaq və əmlakın konkret adamların əlində cəmləşməsinə xidmət edir. ƏMDK də burada öz rolunu gizlətmir. Bununla da komitə və onun mətbu orqanında məsuliyyət yaranır. Uzun illər qəzetdə işləyən və hər gün bir neçə qəzeti əlinə alıb oxuyan biri kimi deyə bilərəm ki, bu, mətbəə nöqsanı deyil, ştrixlər qəsdən yazının üzərindən vurulub. Hər halda mətbəə işçiləri də yazdıqlarımı təsdiqləyər. Hətta bu məsələyə məndən daha peşəkar şərh verərlər...