Şəmsəddin Hacıyev: “2015-ci il dövlət büdcəsini təminatlı büdcə adlandırmaq olar”

img

05-11-2014 [15:57]


Bu gün Milli Məclisin komitələrində 2015-ci ilin dövlət büdcə zərfinin müzakirələri davam etdirilib. 

Modern.az saytı xəbər verir ki, elm və təhsil, regional məsələlər, insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu, mədəniyyət, beynəlxalq münasibətlər və parlametlərarası komitələri birgə 2015-ci ilin dövlət büdcə zərfini müzakirəyə çıxarıblar. 

Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, bugünkü əsas müzakirə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında olacaq. Onun sözlərinə görə, sənədlərlə tanışlıq onu deməyə əsas verir ki, Azərbaycanda oturuşmuş büdcə sistemi formalaşıb: "İldən-ilə büdcə layihəsi əsaslandırılmış şəkildə Milli Məclisə daxil olur. Əsas hədəflər Azərbaycanın davamlı iqtisadiyyatının inkişafına yönəlib. Büdcə layihələri "Azərbaycan – 2020: gələcəyə doğru” istiqamətində qurulub.

Komitə sədrinin sözlərinə görə, büdcə layihəsi dünyada gedən siyasi proseslərin təhlili, onun Azərbaycan iqtisadiyyatına təsiri baxımından hazırlanıb: "2001-ci ildən etibarən Avropa məkanında böhranın davam etməsi, Yaxın Şərqdəki qarşıdurmalar, Ukrayna böhranı və digər məsələlər Azərbaycan iqtisadiyyatına təsir edəcək. Büdcə layihələrində bütün təhlükələr nəzərə alınıb və buna görə də mükəmməl adlandırmaq olar. Azərbaycanda tam olaraq iqtisadi-siyasi sabitlik var. Bizim potensialımız tükənməyib”.

O, dünya ölkələrini ən çox narhat edən məsələnin xarici borc olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan da bu istiqamətdə inkişafa nail olub və demək olar ki, xarici borcu ildən-ilə azalır: "Azərbaycanın xarici borcu strateji valyuta ehtiyatlarında 9 dəfə azdır. 2015-ci il dövlət büdcəsini təminatlı büdcə adlandırmaq olar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA