İşədüzələnlərlə bağlı xüsusi qanun qəbul olundu - QƏRAR

img

17-10-2014 [16:08]


Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.

Milli Məclisin bugünkü iclasında bununla bağlı "Reklam haqqında” və "Məşğulluq haqqında” qanunlara dəyişikliklər edilib.
 
Dəyişikliyə əsasən,  Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. 
 
Qanun layihələrinin müzakirəsində çıxış edən millət vəkili S.Rüstəmxanlı deyib ki, Milli Məclis qanunları Miqrasiya Məcəlləsinə uyğunlaşdırır: "Amma Miqrasiya Məcəlləsinin özü də yanlışdır. Əgər Rusiyada haradasa işləmək imkanı varsa, bir azərbaycanlı 5-10 azərbaycanlını işləməyə aparırsa, bunun fiziki yox, mütləq hüquqi şəxs olmasının, Azərbaycanda hansısa qurumlara xəbər verməsinin məsələyə nə dəxli var?”
 
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə S.Rüstəmxanlıya etiraz edib: "Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Bunun pensiya təminatı, səhiyyə məsələsi var. 20 ildən sonra da o insanlar Azərbaycana gəlir, pensiya, sosial sığorta məsələləri necə olacaq? Bu qul əməyidir, bunun qarşısını almaq lazımdır”
 
Millət vəkili Çingiz Qənizadə də insan alveri hallarının qarşısını alınması üçün hüquqi şəxslərin bu işlə məşğul olmasının daha məqbul olduğunu vurğulayıb.
 
Vitse-spiker Ziyafət Əsgərov isə izahların yetərli olduğunu qeyd edib: "Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin”.
 
Hər iki qanun layihəsi qəbul edilib.

APA 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA