İRANLA SƏRHƏDDƏ SƏRHƏDÇİLƏRİMİZƏ SİLAHLI MÜQAVİMƏT OLUB - DSX açıqlama yaydı

img

27-02-2026 [12:34]


Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə 4 naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilib.

Mia.az xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA