AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılacaq

img

27-02-2026 [12:07]


Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış rəssam Cəmilə Həşimovanın “Gözəllik aşiqi” adlı fərdi sərgisi açılacaq. Layihə müəllifin zəngin bədii dünyasını, yaradıcılıq üslubunu və estetik baxışını geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Mia.az xəbər verir ki, sərgidə 60-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdiriləcək. Rəssamın yaradıcılığında əsas motivləri fərqli şəkildə təqdim olunan qadın obrazları, çiçəklər, quşlar və təbiət formaları təşkil edir. Açıq rəng palitrası, yumşaq ton keçidləri və detallara həssas yanaşma sərginin ümumi vizual poetikasını müəyyənləşdirir.

Layihədə muzeyin Ənənəvi texnologiya şöbəsində Cəmilə Həşimovanın əsəri əsasında toxunmuş “Yol” adlı xalçaya xüsusi yer veriləcək. Əsərdə təsvir edilən şəhər, evlər və hərəkətdə olan insan fiquru simvolik məna daşıyır. Burada ənənəvi toxuculuq texnikası ilə müasir müəllif baxışı harmoniya təşkil edir.

Cəmilə Həşimova Roma, Paris, Sofiya, Brüssel, Berlin və digər şəhərlərdə keçirilmiş fərdi sərgilərin müəllifidir. Onun əsərləri bir çox muzey və şəxsi kolleksiyalarda qorunur. “Gözəllik aşiqi” sərgisi də rəssamın fərdi üslubunu, bədii mövqeyinin ardıcıllığını nümayiş etdirən növbəti əhəmiyyətli mədəni hadisədir.

Sərgi martın 8-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA