İCRA BAŞÇISI VƏKİLƏ BELƏ TƏHQİRAMİZ MESAJ YAZDI: "Öz evindən xəbərin var? Qonşularından soruş, mənə dedilər" - FOTO

img

23-02-2026 [18:08]


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və vəkil Aqil Layıc sosial şəbəkədə bir-birlərini təhqir edib.

Mia.az “Yeni Sabah”a istinadla xəbər verir ki, hüquqşünas öz “Facebook” səhifəsində A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən töhmət alması xəbərini paylaşaraq aşağıdakı fikirləri yazıb: "Çox ikrah doğuran insandır. Başdan ayağa hər hərəkəti suni və iyrənc gəlir mənə”.

Aqil Layıcın iddiasına görə, Adil Əliyev onun yazdıqlarına publik deyil, şəxsi mesaj vasitəsilə cavab verib:

“Mənə belə bir mesaj yazıb. Öz evindən xəbərin var? Qonşularından soruş. Mənə dedilər. Bununla məni təhqir edib”.

Vəkil bu yazışmanın skrinşotunu da paylaşıb. Mesajı göndərən “Facebook” səhfəsi həqiqətən də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adınadır. Sözügedən səhifədə icra başçısının fəaliyyətləri ilə bağlı paylaşımlar dərc edilir. Amma səhifənin həqiqətən də ona məxsus olmasını təsdiqləyən başqa fakt da yoxdur.

Qeyd edək ki, fevralın 17-də Bakı Şəhər İcra Hakimiyyətində müşavirədə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

E.Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib.

A.Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA