Birinə 550, digərinə 1800 manat... - "Azəriqaz"da eyni vəzifə, fərqli maaş və... 

img

16-02-2026 [09:12]


"Azəriqaz”ın rayon və şəhər qaz istismar sahələrində çalışan əməkdaşların əmək şəraiti ilə bağlı şikayətlər artır.

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı hesabında yazıb.  

Onun sözlərinə görə, hazırda qaz sayğaclarının göstəricilərinin oxunması, təbii qaza görə yaranmış debitor borcların yığılması, qaz sayğaclarının əvəzlənməsi və digər ağır işlərdə çalışan çilingər və texniki işçilər ayın son 10 günü ərzində, habelə istirahət və bayram günləri olmasına baxmayaraq, mütəmadi şəkildə işə cəlb edilirlər: "Təəssüf ki, həmin günlərdə görülən işlərə görə əməkdaşlara əlavə əməkhaqqı, gün və ya saat hesablanmır və bu da əmək qanunvericiliyinin tələblərinə ziddir".

Komitə sədri yazır ki, Azəriqaz işçiləri bunu nəzərə alaraq, aşağıdak məsələlərin həllini xahiş edir:

MİRVARİ QƏHRƏMANLI

"• İşçilərin istirahət və bayram günlərində işə cəlb edilməsi yalnız qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilsin;

• Həmin günlər üçün əlavə əməkhaqqı və ya istirahət günü təmin edilsin;

• Əməkdaşların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görülsün;

Ümid edirik ki, müraciətimiz diqqətlə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".

M.Qəhrəmanlı bildirib ki, “Azəriqaz” İB üzrə qaz avadanlıqlarının bərpası və təmiri üzrə ümumilikdə 2568 nəfər çilingər fəaliyyət göstərir və onların 2026-cı ilin yanvar ayı üzrə orta aylıq əməkhaqqısı təxminən 550–600 AZN olub:

"Bununla yanaşı, 104 Növbə Xidmətində çalışan usta-çilingər heyətinin orta aylıq əməkhaqqısı 1 500–1 800 AZN olmuşdur ki, bu da digər eyni ixtisaslı işçilərlə müqayisədə ciddi əməkhaqqı fərqi yaratmışdır. Eyni zamanda, “yeni əməliyyat modeli və təkmilləşdirmə” adı altında həyata keçirilən struktur dəyişiklikləri zamanı, rayonlar da daxil olmaqla şəhər qaz istismar sahələrində fəhlə kateqoriyasına aid yerli telefon rabitəçiləri (rabitəçi) ştatları ləğv edilərək, onların əvəzinə isə 460 usta ştatı yaradılıb. Nəticədə həmin 460 usta ştatı üzrə yalnız 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 760 000 manat əməkhaqqı hesablanıb ki, bu da müəssisə üzrə əməkhaqqı balansında ciddi disproporsiya yaradıb...".

E.ARAZ

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA