"AXPO üçün böyük bir addım..." - ARDNŞ-də görüş

img

28-06-2014 [14:57]


Dövlət Neft Şirkətinin Baş ofisində Şirkətin prezidenti Rövnəq Abdullayev İsveçrənin AXPO Group şirkətinin İdarə heyətinin sədri Robert Lombardininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Dövlət Neft Şirkətindən verilən məlumata görə,  R.Abdullayev Azərbaycanda energetika sahəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələrdən danışıb, qazanılan uğurlar haqda məlumat verib.

O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əhəmiyyətli ölkəyə çevrildiyini nəzərə çatdırıb, bu baxımdan qısa müddətdə yaradılmış etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolunu qeyd edib.

Şirkətin prezidenti Azərbaycan qazının Avropaya nəql olunmasında AXPO şirkətinin də iştirakçısı olduğu TAP layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Robert Lombardini şirkəti haqqında məlumat verərək bildirib ki,  AXPO şirkəti son illər AGL AG şirkətini konsolidasiya edib və bununla da öz aktivlərini artırıb.

R.Lombardini TAP AG şirkətində 5%-lik paya sahib olan AXPO menecerlərinin Azərbaycanla tanışlıq məqsədi ilə Bakıya gəldiklərini diqqətə çatdırıb. O, Səngəçal terminalında olduqlarını və səfərdən böyük təəssürat qazandıqlarını söyləyib.

Azərbaycan qazını Avropaya nəql edəcək TAP layihəsində iştirak etmələrini AXPO üçün "böyük bir addım” kimi qiymətləndirən R. Lombardini bu istiqamətdə apardıqları işlərdən söz açıb, birgə səylərlə layihənin vaxtında və yüksək keyfiyyətlə həyata keçiriləcəyinə əminliyini bildirib.

R.Abdullayev "Şahdəniz-2”, Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi, TransAnadolu qaz kəməri (TANAP) layihələri üzrə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində irimiqyaslı hazırlıq işlərinin uğurla davam etdirildiyini bildirib.

SOCAR və xarici tərəfdaşların qüvvə və potensialının bu məqsədlə səfərbər edildiyini söyləyən R.Abdullayev TAP layihəsi çərçivəsində görülən işlərdən məlumatlı olduğunu nəzərə çatdırıb.

Sonra o, SOCAR-ın həyata keçirdiyi xarici investisiya layihələrindən danışıb, İsveçrə ilə əməkdaşlıq məsələlərindən ətraflı bəhs edib. Şirkət prezidenti Azərbaycana məxsus xam neft satışının əsas hissəsinin "SOCAR Trading” vasitəsilə İsveçrə üzərindən həyata keçirildiyini və şirkətin son illərdə bu ölkənin pərakəndə yanacaq satışı bazarına inamla daxil olduğunu vurğulayıb, qarşıdakı illərdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

"SOCAR” brendi ilə çalışan yanacaqdoldurma məntəqələrinin İsveçrədə rəğbət qazandığını söyləyən AXPO şirkətinin İdarə Heyətinin sədri eyni zamanda SOCAR-ın İsveçrədə həyata keçirdiyi sponsorluq fəaliyyətindən razılığını bildirib(Pia.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA