Vahid Əhmədov: "Azərbaycandakı korrupsiya dövləti içindən yeyir"

img

11-06-2014 [22:23]


Bu günlərdə Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı hesabatını açıqlayıb. Sənəddə ölkədəki iqtsadi inkişaf qeyd olunsa da, problemlər də yaddan çıxmayıb. Xüsusən də, korrupsiya ölkə iqtisadiyyatı üçün təhdid kimi dəyərləndirilib. Bu və ya digər məsələlərlə bağlı "Reytinq"ə müsahibə verən Milli Məclisin Sosial Siyasət Komitəsinin üz-vü, tanınmış iqtisadçı Vahid Əhmədov diqqətçəkən məqamlara toxunub:
- Beynəlxalq Valyuta Fondunun zaman-zaman bu tipli tövsiyyələri olur. Azərbaycan hökuməti də, parlamenti də sözügedən qurumun təklif və tövsiyyələrini nəzərə alır. Fondun korrupsiya və rüşvətxorluqla bağlı Azərbaycan hökumətinə verdiyi təklifləri də müsbət qiymətləndirmək lazımdır.
Bilirsiniz ki, Azərbaycan hökuməti korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparır. Hətta Milli Məclisdə dövlət büdcəsini müzakirə edərkən də, bu məsələyə ciddi yanaşırıq.
Hesablama Palatası bir ildə təxminən 70-ə yaxın audit yoxlamaları aparır, nazirliklərin, icra hakimiyyətlərinin, bir sözlə, büdcə təşkilatlarının fəaliyyətini təftiş edir. Bütün bu müzakirələrin yekunu olaraq, ildə bir dəfə hesabat verir.
Milli Məclis üzvləri olaraq, biz də aparılan yoxlamaların nəticələrini nəzərdən keçirir, korrupsiya faktlarının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini tələb edir, həm də təkliflərimizi veririk. Yəni, bu, elə bir məsələdir ki, onu qısa müddətdə aradan qaldırmaq çətindir. Azərbaycanda koorupsiya və rüşvətxorluq faktları var və bunun qarşısını mütləq almaq lazımdır.
Dövlət başçısının göstərişi ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı komissiya yaradılıb, cənab Ramiz Mehdiyev də həmin komissiyaya rəhbərlik edir. O cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də fəaliyyət göstərir. Bir sözlə, bu məsələ dövlət başçısının diqqət mərkəzində-dir. Mənə elə gəlir ki, zamanı gələndə, bu məsələlər öz həllini tapacaq, amma fakt faktlığında qalır.
- Hesablama Palatası da, Baş Prokurorluq da korupsiyaya qarşı mübarizə aparır, amma mübarizənin ciddi nəticəsi yoxdur. Aşkarlanan faktlara görə isə, yalnız "kiçik oyunçu"lar həbs olunur, əsas söz sahibləri məsuliyyətdən kənarda qalırlar...
- Bu yaxınlarda Hesablama Palatasının hesabatını dinləyəndə təklif verdik ki, kiçik layihələrdən iri layihələrə keçmək lazımdır. Elə layihələr var ki, 500 milyon, milyard manata yaxın investisiya layihələridir. İndi bu cür iri layihələri Hesablama Palatasının audit yoxlamalarına salmaq lazımdır ki, bunlar barədə məlu-matlı olaq. Artıq bu məsələ Milli Məclis tərəfindən Hesablama Palatası qarşısında qoyulub.
- Suala tam cavab vermədiniz. Nəyə görə korrupsiyaya qarşı mübarizədə yüksək vəzifəli məmurlar kənarda qalırlar?
- Nə deyim e? Ümumiyyətlə, korrupsiya elə ağır prosesdir ki, onun qarşısını almaq çox çətindir. Azərbaycandakı korrupsiya dövləti içindən "yeyir".
Bu gün böyük problemlərimiz var. Həmişə qeyd eləmişəm ki, bizim üçün ən önəmli məsələ Azərbaycanın müstəqilliyidir, hər şeydən öncə onu qoruyub-saxlamalıyıq. Ancaq dövlət məmuru vəzifəyə təyin olunanda başa düşməlidir ki, vəzifə onun üçün daimi deyil, müəyyən vaxtdan sonra vəzifədən getməlidir. Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edib rüşvət və korrupsiya ilə məşğul olursa, məsuliyyətə cəlb olunmalıdır.
Beynəlxalq təşkilatlar - istər Dünya Bankı, istər Beynəlxalq Valyuta Fondu, istərsə də digər təşkilatlar bu məsələ ilə əlaqədar mütəmadi olaraq, öz tövsiyyələrini verirlər. Bütün bunlara baxmayaraq, mən düşünürəm ki, Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti, ehtiyyatı və digər faktorlar ölkədə korrupsiyanın qarşısını almaq üçün münbit şəraitin olduğunu göstərir. Əgər bununla bağlı dövlət başçısının siyasi iradəsi varsa, bu istiqamətdə daha ciddi addımlar atmaq lazımdır.
- Vahid müəllim, son günlər "Aqrolizinq" ASC-nin yerli rəhbərlərinə qarşı cinayət işi açılıb, həbslər olub. Bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Cənab Prezident kənd təsərrüfatına yardım göstərmək üçün "Aqrolizinq" ASC-nin yaradılmasına göstərişi vermişdi. Bu qurumun yaradılması ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı proqramın tərkib hissəsi idi. Əgər "Aqrolizinq"də bu kimi cinayət faktları olubsa, cavabdeh şəxslərin hamısı məsuliyyətə cəlb olunmalıdır. Çünki "Aqrolizinq"in yaradılmasına külli miqdarda vəsait xərclənib və bu dövlət vəsaitini israf edən, mənimsəyən şəxs törətdiyi əmələ görə cavab verməlidir.
Mən, "Aqrolizinq"də nələrin baş verdiyini dəqiq deyə bilmərəm, bu barədə hüquq-mühafizə orqanları məlumat verməlidir. Cinayət işi açılıb, istintaq gedir, yəqin ki, nəticədə cinayətkarlar cəzalarını alacaqlar.
- Verilən məlumatlara görə, "Aqrolizinq"dəki korrupsiya faktları bir müddət öncə vəzifəsindən kənar-laşdırılan ASC sədri Əli Bayramovun rəhbərliyi dönəmində baş verib. Necə düşünürsünüz, Əli Bayramovun məsuliyyətə cəlb olunması mümkündürmü?
- Kənd təsərrüfatı sahəsinə yeni nazir təyin olunub. Mən Heydər Əsədovu yaxşı tanıyıram. Keçmiş nazir, indiki Baş nazirin müavini İsmət Abasovla da tanışlığım var. Hər ikisi yüksək keyfiyyətli kadrlardır, hər ikisinə hörmətim var. Əgər "Aqrolizinq"lə bağlı irəli sürülən ittihamlar öz təsdini taparsa, hesab edirəm ki, burada ən böyük məsuliyyət elə "Aqrolizinq" rəhbərliyinin üzərinə düşür. Belə bir cinayət baş verib-sə, deməli, onlar cinayətin törənməsinə rəvac veriblər. Bunlar sübut olunarsa, aidiyyatı şəxslər də mə-suliyyətə cəlb oluna bilərlər.
- Buna qalanda, "Aqrolizinq" rəhbəri də Kənd təsərrüfatı nazirinə tabedir. Onda bu yanaşma ilə keçmiş nazir İsmət Abasov da məsuliyyətə cəlb olunmalıdır?
- Burada məsələ başqa cürdür. Düzdür, bu təşkilat Kənd Təsərrüfatı Ќazirliyinə tabedir. Amma bu o demək deyil ki, həmin təşkilatda kim nə edirsə, nazir ona cavabdehidir. "Aqrolizinq"də hər hansı bir cinayət baş veribsə, buna görə hamını məsuliyyətə cəlb eləmək olmaz. Cinayət əməlini törədən konkret şəxslər var, onları cəzalandırmaq lazımdır.
- Yeri gəlmişkən, artıq neçə müddətdir ki, kənd təsərrüftı sahəsində rəhbər dəyişikliyi baş verib. Heydər Əsədovun gəlişi ilə bu sektorda nə dəyişib?
- Heydər Əsədov bu sahədə hələlik təzədir. Nazir kimi səfərləri olub, həmin səfərlərdən müəyyən nəticəlr çıxarmaqdadır. Orda əsas məsələ dotasiyaların vaxtlı-vaxtında fermerlərə çatdırılması, güzəştlərin edilməsi idi. İndi o məsələlər öz həllini tapıb, yerlərdə müvafiq addımlar atılır.
Bilirsiniz ki, Heydər Əsədov gözəl maliyyəçidir, o sahəni yaxşı bilir. Yəqin ki, qarşıdakı dönəmdə bu sektora da tam adaptasiya olunacaq və problemlər də yavaş-yavaş həllini tapacaq.
- Ötən həftə Britaniyanın "The Economist İntelligence Unit" araşdırma şirkəti dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayarkən Azərbaycanda da bu sahədə vəziyyətin qənaətbəxş olmadığını bəyan etdi. Bu hesabatı bölüşürsünüz?
- Bu problem bütün dünyada var. Problem çox ciddi olduğuna görə, cənab Prezident də vaxtaşırı bu məsələyə toxunur. Hətta ərzaq təhlükəsizliyi ilə bağlı 2009-2015-ci illəri əhatə edən dövlət proqramı da qəbul olunub.
O dövlət ərzaqla təminat məsələsində təhlükəsiz dövlət hesab olunur ki, özünü 80 faiz ərzaqla təmin etsin. Amma təəssüflər olsun ki, keçən müddət ərzində biz, özümüzü ərzaqla təmin edə bilməmişik. Baxmayaraq ki, müəyyən problemlər həllini tapıb, amma ölkəni əsas ərzaqla təmin edə bilmirik. Hətta biz bu günə kimi ərzaq buğdası ilə bağlı məsələni həll eləməyi bacarmamışıq.
Düzdür, son vaxtlar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Beyləqan və Ağcabədi rayonlarında iki fermer təsərrüfatı yaradılıb. Orda hər hektardan 50 sentnerə yaxın taxıl götürüləcək. İndi 8-10 belə fermer təsərrüfatı yardılacaq. Ümumi götürəndə Azərbaycanda ərzaqla təminat çox ciddi məsələdir. Azərbaycan həm də müharibə vəziyyətində olan dövlətdir, ona görə də ərzaq təhlükəsizliyi məsələsinə daha həssas yanaşmalıyıq.
Bilirsiniz ki, bütün dünyada kənd təsərrüfatı dotasiya ilə işləyir. Azərbaycan da bu məsələdə istisna deyil. Ona görə də kənd təsərrüfatına əlavə dotasiyalar, güzəştlər verməyə böyük ehtiyac var.
Bu gün işlək əhalinin təxminən 40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Hesab edirəm ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox ciddi addımlar atılmalıdır.
Azərbaycan Dünya Ticarət Təşkilatına daxil deyil, amma ora daxil olmağa hazırlaşırıq. Həmin təşkilata üzv olmaq üçün gərək müəyyən səviyyəyə qalxaq, ölkənin daxili bazarını qorumaq imkanı əldə edək. Yəni, həm məhsulların keyfiyyətinə diqqət yetirmək lazımdır, həm ixraca, həm də idxala nəzart etmək gərəkdir. Yəni, bu sahədə ciddi problemlər çoxdur.
- Artıq meyvə-tərəvəz mövsümü başlayır. Yeni mövsüm özü ilə hansı problemləri gətirir?
- Ümumiyyətlə, meyvə-tərəvəzlə əlaqədar olaraq, narahat olduğum məsələ qiymət siyasəti ilə bağlıdır. Hələlik bazarlarda qiymət çox yüksəkdir.
İkinci tərəfdən, ərzaq təhlükəsiziyini təmin etmək, daxili istehsal məhsullarının bazara çıxrılıb satılması üçün idxala da nəzarəti artırmaq lazımdır. İdxalın strukturuna baxmaq lazımdır ki, biz xaricdən hansı malı alırıq, o məhsul bizim bazarda yerli məhsula rəqib olurmu?
Digər tərəfdən, ölkəyə geni dəyişdirilmiş məhsullar gətirilir. Azərbaycanda bu məhsulları istehsal etmək və təminatı ödəmək mümkündürsə, niyə kənardan, özü də geni dəyişdirilmiş məhsullar gətirilməlidir?
Bir də, əsas kənd təsərrüfatı məhsullarının ixracı məsələlərini həll eləmək lazımdır ki, insanlar öz məh-sullarını xaricə aparmaq istəyəndə ciddi problemlə üzləşməsinlər. Təəssüf ki, qeyd etdiyim məqamlarla bağlı ciddi problemlər var, amma həllinə çalışmaq lazımdır.
- Bir müddət öncə yerli istehsalçıların məhsullarını saxlamaq, bazara çıxarmaq və bu kimi digər problemlərin olduğunu deyirdiniz. Qarşıdakı dövrdə hansı problemlər gözlənilir?
- Saxlama ilə əlaqədar məsələlər müəyyən qədər həll olunub. Bir neçə saxlama kameraları tikilib istifadəyə verilib. Məsələn, şimal zonasında 25-ə yaxın saxlama kameraları var.
İkinci ən ciddi məsələ, istehsal etdiyimiz məhsulları qablaşdırmaq mexanizminin həlli ilə bağlıdır. Cənab Prezident bu ili Sənaye İli elan edib. Bölgələrdə, o cümlədən şimal rayonlarda kiçik sexlərin tikilməsinə ehtiyac var.
Əsas məsələlərdən biri də Azərbaycan bazarlarına məhsul çıxarmaq üçün olan maneələrdir ki, onların qarşısı alınmalıdır.
- İllərdir ki, inhisardan, Rəqabət Məcəlləsindən danışırsınız, amma ortaya müsbət mənada bir iş çıxara bilmirsiz...
- (Tələsik) Bəli, bu gün ölkədə inhisar var və bunu gizlətmək lazım deyil. Rəqabət Məcəlləsini də qəbul etməmişik, edə də bilmirik. Məcəllə gündəliyə salınıb, amma Milli Məclisin rəhbərliyi tərəfindən müza-kirəyə çıxarılmır ki, onu qəbul edək. Rəqabət Məcəlləsi Azərbaycan üçün çox vacib sənəddir. Niyə qəbul olunmur, niyə tilsimə düşüb, bunu deyə bilmərəm. Amma mütəmadi olaraq, məsələyə toxunuruq ki, gündəmdə olsun.
- Əgər Rəqabət Məcəlləsi ölkədəki inhisarçılığın qarşısını ala biləcək bir qanundursa və Milli Məclis bunun qəbulunda maraqlı deyilsə, belə çıxır ki, ali qanunverici orqanın rəhbərliyi inhisarçılığın qalmasında maraqlıdır.
- Deyə bilmərəm ki, Milli Məclisin rəhbərliyi ölkədə inhisarçılığın qalmasında maraqlıdır. Amma fakt odur ki, uzun müddətdir bu qanun müzakirəyə çıxarılmır ki, qəbul olunsun. Rəqabət Məcəlləsinin Milli Məclisə göndərilməsindən 7-8 il keçsə də, hələ də qəbul olunmur. Biz demirik ki, bu qanun qəbul olunandan sonra hər şey öz yerini tapacaq, amma müəyyən qədər müsbət nəticəsi ola bilər.
- Hər halda, ölkə iqtisadiyyatını iflic edən inhisarın mövcudluğunu qoruyub saxlamaq xırda sahibkarların imkanı xaricindədir...
- Əlbəttə. Hamı yaxşı bilir ki, xırda sahibkarların inhisarçılıqla məşğul olması mümkün deyil. Yalnız iri inhisarçılar hər yeri əhatə ediblər. Eyni zamanda, Rəqabət Məcəlləsinin qəbuluna mane olurlar. Onlar istəmirlər ki, qanun qəbul olunsun. Çünki müəyyən bir orqan yaranacaq, bazarda azad rəqabətin olması üçün mütəmadi fəaliyyət göstəriləcək.
- İnhisarın başında duran adamlar hakimiyyətdə təmsil olunurlarmı?
- (Gülür) Sən onu məndən yaxşı bilərsən.
- Vahid müəllim, son olaraq, bir neçə il əvvəl qaldırdığınız məsələyə toxunmaq istəyirəm. Kənd təsərrüfatında istifadə olunan dərman prepartları ilə bağlı vəziyyət indi necədir?
- Bu məsələ yenə gündəmdə var. Bilirsiniz ki, Balaxanıda gübrə zavodu tiklir, yaxın zamanlarda istifadəyə veriləcək. Təəssüf ki, hazırda da gübrələrin keyfiyyəti ilə bağlı problemlər mövcuddur, bu barədə şikayətlər alırıq. Amma cənab Baş nazir Gəncədəki elmi-tədqiqat institutuna müəyyən göstərişlər verdi, hazırda bununla bağlı işlər görülür. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA