QORXULU NAĞILLAR - Qalib ARİF YAZIR

img

11-11-2023 [17:01]


Qalib ARİF

***

1.MƏNİM DOSTUM

20 ilin söhbətidir. Orta yaşlı adamların yadında olar, 2000-lərin əvvəllərində “Sahil” metrosunun qabağı maşrut taksilərin dayanacaq yeri idi. Şəhərin hər tərəfinə gedən onlarla mikro avtobus burda əyləyirdi. “Taksi” qışqıran uşaqların səsi aləmə car çəkirdi. Mənim dostum da onlardan biri, bəlkə də ən kiçiyi idi...

Mən onda hələ “Xalq qəzeti”ndə işləyirdim. Sahil metrosundan marşrut taksiyə minib “Vosmoy”a gedirdim. Metronun qabağında gördüm ki, 10-12 yaşlı birisi 5-6 yaşlı kiçiyi yerə yıxıb döyür. Yaxınlaşıb qırağa itələdim, kiçiyin əlindən tutub qaldırdım, “Pasan, nə məsələdir?” Göz yaşları içində gülümsədi, “Mən Pasan deyiyəm, Əyiyəm. Buda “taksi” qışqıyıyam, bunnay qoymuy”... Başını tumarladım, çirkdən qaralmış ovcuna “Məmməd” basdım. Və heyrətlərə qərq oldum - “Sağ ol, müəyyim” deyib pulu öpdü, gözünün üstünə qoydu. Çevrilib gedəndə “Taksi, Vasmoy, Mikyayayon” qışqırtısını eşitdim...

5-6 il belə davam etdi. Əli döyülə-düyülə böyüyürdü, hər dəfə məni görəndə üstümə yüyürürdü, “necəsən, müəyyim?” deyib iki əlli görüşürdü. Üst-başı həmişə nimdaş olurdu. Dostumu “Məmməd”lə, olmayanda “Nizami” ilə mükafatlandırırdım, “Şirvan”a gücüm çatmırdı. Ürəyimdə “Yoxun üzü qara olsun” deyirdim. Əli “panyatka”lı idi, məni sözsüz başa düşürdü. Hər dəfə də pulu öpüb gözünün üstünə qoyurdu. 2000-lərin axırlarında maşrut taksilərin Sahil metrosundan yığışdırdılar, mən də “Xalq qəzeti”ndən getdim, bir müddət Əlini görmədim... 

Bir-neçə il də keçdi. 2010-ların əvvəlləri, deyəsən, bazar günü idi. “Vosmoy” bazarında yükümü tutmuşdum. Kimsə qolumdan dartdı, mənə tanış və şirin gələn “Salam, müəllim, necəsən?!” nidasını eşitdim. Bəli, səhv etməmişdim, Əli idi. Bığ yeri tərləmişdi, boyu uzanmışdı, əyin-başı da babatdı. Bazarda arabaçı işləyirdi. Mənim bazarlığımı səliqə ilə arabaya yerləşdirdi, taksi dayanacağına qədər gətidi. Yolda “əsgəyə gedəcəm, bazayda hələliyəm” dedi. İnanın Allaha, pul da götürmək istəmirdi. Zorla 2 manat verdim. Pulu öpüb gözünün üstünə qoydu. Amma bu da Əli ilə son görüşümüz olmadı...

2010-larda mən artıq Bakı Polisin mətbuat katibi idim. Bir gün işdən çıxanda Əlini gördüm. Daha doğrusu, o, məni gördü və üstümə yüyürdü. Görüşdük, hətta öpüşdük, hal-əhval tutduq. Böyümüşdü, əməlli kişi olmuşdu. “Əsgəydən gəlmişəm, müəllim, yenə bazayda işləyiyəm, evə bir tikə çöyək gətiyiyəm” dedi. Ayrılanda qolumdan çəkdi ki, “Mən buyda oluyam, gedək, qonağım ol”. Qonaq getmədim, amma şax bir 50-lik verdim, “mənim hədiyyəm olsun” dedim. Köhnə dost kimi, tərəddüdsüz götürdü, öpüb gözünün üstünə qoydu. Arabir Əli ilə görüşürdük, köhnə dost kimi kömək edirdim... İllər bir-birini əvəz edirdi, qəhrəmanım cavanlaşırdı, mən qocalırdım...

44 günlük müharibə... Bizi üzən qan-qada, şəhidlər və sevindirən qələbələr... Mən artıq Bakı Polisindən getmişdim, işləmirdim. Özümə evdə də yer tapa bilmirdim, çıxıb şəhərin küçələrini gəzirdim. Bakı Polisin yanından keçəndə qeyri-ixtiyari sağa döndüm. Bimirəm, divara vurulmuş qara çərçivəli şəkli görüb döndüm, ya dönüb gördüm. Şəkil mənə tanış deyildi, doğma idi. “Məmmədov Əli Vəli oğlu. 1998 – 2020”. Sola dönürəm, darısqal dalanla, alçaq evlərin arası ilə 15-20 metr gedirəm. Qara, taxta qapının üstündə qara lent bağlanıb, bayaqkı şəkildən biri də asılıb...

Bir az dayanıram, sonra qapını döyürəm, açan olmur. İtələyirəm, özü açılır, 2x2 ölçüdə dəhlizə keçirəm. Köhnə qaz plitəsi və su kranı qoyulub. Dəhliz deyəsən, mətbəxi də əvəz edir, arxası 3x2 ölçülü kiçik otqqdır. Otaqda bir çarpayı qoyulub, qarşısında bir ctol da var. Çarpayının üstündə qara çarşablı iki qadın oturb. Salam verirəm, “mən şəhidin dostuyam” deyirəm. Qara çarşablı qadınlardan yaşlısı ayağa durur, “mən şəhidin anasıyam” deyir, “bu da bacısıdır”. Mən sakitcə əlimi cibimə salıram, axırıncı 100 manatı çıxarıb stolun üstünə qoyuram. Amma bu dəfə pulu öpüb gözünün üstünə qoyan olmur... 

2.ŞƏHİD BALASI

Onun adı Dıqır deyildi, çox arıq olduğuna görə atası “dılqır” deyirdi. İndi atası 2 ildir ki, yoxdur, amma hamı “Dıqır” çağırır. Bir anası, bir də nənəsi “Tərlanım” deyir. Anası atasına da “Aslanım” deyərdi...

Zabrat qəsəbəsi, “Ayxan” marketin həndəvəri. Yerdən ikiotaqlı darısqal mənzildir, qabaq otağı həm də mətbəxdir. 3 baş ailə burda qışda soyuqdan büzüşür, yayda istidən bişirlər. Allahın suyu da həftədə bir dəfə gəlir. Həyətin ancaq quru adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolu ilə evin arasında turnik, altında iki nəfərlik oturacaq da var, atası düzəltmişdi. Səhərlər tezdən durur, bu turnikdə məşq edirdi, sonra iş dalınca "Qul bazarı"na  gedirdi. Axşamlar vaxtı olanda, bir az vuranda bu oturacaqda oturmağı, “dumkada” qalmağı sevirdi. Özü belə deyirdi...
 
2 il bundan əvvəl ermənilərlə müharibə başladı və atası gedib müharibəyə yazıldı. Anası ağladı: “Bizə kim baxacaq?”, nənəsi harayladı: “Balan yetim qalacaq!”, amma atası baxmadı, “Vətən dardadır!” deyə bağırdı. Səhər tezdən durdu, amma idman etmədi, “Dılqır”ı bağrına basdı, anasını, nənəsini qucaqladı, çörəyini yedi, getdi... Bir aydan sonra onu “vayenni”lər və qalstuklu kişilər gətirdilər. Amma Dıqır atasını görmədi, taxta yeşiyin içində idi. Sonra atasının böyük, qara çərçivəli şəklini onun əlinə verdilər, həyətdən aralı dayanan yük maşınına kimi getdilər. Çoxlu, lap çoxlu adam vardı, hətta müəllimlər, qonşular, qohumlar da vardı. Amma çoxunu Dıqır tanımırdı...

Bütün bunlar 2 il bundan əvvəl olmuşdu, indi Dıqırın 12 yaşı vardı. Amma məktəbə getmirdi. Doğrudur, atasının sağlığında gedirdi, amma sonra getmək istəmədi. Məktəbdə müəllimlər hər gün pul istəyirdi, gah “fondpulu”, gah da “forma pulu” yığırdılar, gah da direktorun, sinif rəhbərinin “ad günü” olurdu. Qəribədir, Dıqırın da, anasının da, hətta atasının da (xatırlayırdı...) ad günü ildə bir dəfə olurdu, amma məktəbin direktoru hər ay anadan olurdu. Həm də Dıqırın məktəb forması almağa pulu olmurdu, üst-başı pis gündə, yamaq içində olurdu. Qızlar ona “çuşka” deyirdilər, yanında oturmaq istəmirdilər, onu yandıran, məktəbdən saxlayan da bu, idi. Amma oğlanlar ondan çəkinirdilər, arıq olsa da qayış kimi idi. Atasının turnikində 30-40 dəfə çəkilə, 70-80 dəfə yerdə “jim” edə blirdi.
 
Dıqır səhər tezdən dururdu, əvvəl atası kimi turnikdə çəkilirdi, sonra şirinçayını içirdi. Hələ atasının aldığı köhnə cins şalvarını, dirsəkləri yamaqlı kurtkasını əyninə keçirirdi, özünü “Ayxan” marketin qabağına verirdi. Bura maşınlı, pullu dayılar, gombul, şubalı xalalar gəlirdi. O, maşınla gələnlərə fikir vermirdi, onunki tək gələn, marketdə əli dolu çıxan gombul xalalar idi. Görən kimi üstlərinə cumurdu, “xala, kömək eləyim” deyirdi. Bir-iki saata 2-3 manatını qazanırdı, bundan sonra adam da azalırdı. O da anasının işinə, çörək yeməyə gedirdi...

Atasının sağlığında anası işləmirdi. Atası yaxşı usta idi, qışda kombi, yayda kondisioner düzəldirdi, evə çörək gətirirdi. Pis dolanmırdılar, Dıqır hətta məktəbə gedirdi. Sonra atası “44 günlük” müharibədə şəhid getdi və evin çörəyi kəsildi. Nənəsi “qocalıq pulu”, anası “şəhid pulu” alırdı, amma bahaçılıqdı, pul çatmırdı. Kirayə pulu, işıq pulu, olmayan qazın və gəlməyən suyun pulu… Doğrudur, atasını evə gətirən qalstuklu kişilər də kömək etmişdilər, anasını yaxınlıqdakı “JEK”ə xadimə düzəltmişdilər. Anası da hər səhər həyəti süpürürdü, sonra da “JEK” müdirinin evinə gedirdi, yır-ıyığış edirddi. Bu zaman ev yiyələri işə gedirdi və Dıqır özünü anasının yanına vetirirdi. Anası onu görəndə sevinirdi, “Tərlanım” deyirdi. Tez-tələsik mətbəxdə əyləşdirirdi, qabaqdan qalanları ona verirdi...

Dıqır ləzzətlə yeyir, hətta təəccüb edir. “Adam da hər gün yağ, bal yeyə bilər?! Axı, adam hər gün bu qədər şirin şey yesə, ölər…”. Anası sevinir, onu da sevindirmək, heyrətləndirmək istəyir. “Bizim müdirin 15, arvadının 30 dəst qostumu var” deyir. Dıqır inana bilmir - "bir adam 15 qostumu necə geyinir?", amma baxmaq istəyir. Anası onu ev sahiblərinin yataq otağına aparır. Burda iki paltar şkafı var, anası müdirin şkafını açır. Dıqır qostumları sayır, bir də sayır, 14 edir. Anası deyir, birini də müdir geyib, səhər işə gedib. Sonra əlavə edir ki, sən bax, amma əl vurma, mən gedim, mətbəxdə yır-yığış edim...

Dıqır 14 qostumla tək qalır, baxır, baxır... Son vaxtlar “Ayxandan”dan çıxan xalalar ona baxmırlar, üst-başı tökülür deyə, qorxurlar. Burda isə, 14 qostum yatır, hər biri də ona baxır. Boz rəngdə olan qostum elə bil ki, onu çağırır. Dıqır özü qara, qıvrımsaç oğlandır, qostum isə açıqdır, qaraya yaraşıqdır. Qostumu asılqandan çıxarır, əyninə taxır. Bir az böyükdür, amma babatdır. Şalvarına da baxır, beli boynuna kimi çatır. Tez anasının yanına qaçır. Anası əvvəl hirslənir, sonra oğlunu sevindirmək istəyir.

Həm də Dıqır deyir ki, adamın 15 qostumu olanda, heç sayını bilmir. Şalvarın ciblərini qayçı ilə kəsirlər, Dıqır burdan qollarını çıxarır. Belini də iplə sıxıb boğazına bağlayır, əsl modnu “qambinzon” alınır.

Sonra pencəyini geyir və “Ayxan” marketin qabağına, iş dalınca yollanır. Bu qostumda məktəbə də getmək olar, qızlar ona “çuşka” deməzlər...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb