Büdcə gözləntilərimiz niyə özün doğrultmur?

img

04-06-2014 [12:14]


Məhəmməd Talıblı


Biz hər il növbəti ilin büdcə qanununun necə icra olunduğunu təqib edərkən, ötən ilin büdcəsinin necə icra olunması və onun bəzi paramatrləri ilə tanış olmaq məcburiyyətində qalırıq. Belə ki, ötən ilin büdcəsinin gəlir və xərcləri 19 milyard manat civarında olmuşdu. Büdcənin gəlir hissəsininin formalaşmasında yenədə əsas donor kimi Dövlət Neft Fondu çıxış etdi. Belə ki, büdcə gəlirlərinin 11,3 mlrd. manat və ya 59,3%-i ARDNF-dan olan transfertlərin payına düşüb. Müqayisə üçün qeyd edim ki, büdcəyə edilən transfertlər 2010-cu ildə büdcə gəlirlərinin 51.2%, 2011-ci ildə isə 59.2%, 2012-ci ildə isə 60,3% səviyyəsində olmuşdur. Müqayisədən də aydın görmək olur ki, NF-nun vəsaitləri dövlət büdcəsi gəlirlərinin 10 manatından 6 manatını ödəməkdədir. Bu artıq son illərin əsas tendensiyasıdır. Bəzi deputatlar belə büdcəni inkişaf büdcəsi adlandırsada, mən belə büdcəni transfert büdcəsi adlandırmağın tərəfdarıyam.

Büdcə daxilolmalarının NF-dan sonra 2-ci yerdə Vergilər Nazirliyi xətti ilə yığılan vergilər təşkil etdi. Yəni, büdcə gəlirlərinin 6,4 mlrd. milyon manatı və ya 33,4%-i Vergilər Nazirliyi xətti ilə daxilolmalar hesabına təmin edilirdi. Vergilər Nazirliyi xətti ilə daxil olacaq vəsaitin 58,8%-i qeyri-neft sektorundan, 51,2%-i isə neft sektorundan daxilolmalara hesabına ödənəcək. Bunun isə manatla ifadəsi 2,6 mlrd. manat edir. Onu isə NF-dan ödənəcək 11,3 mlrd. manatın üzərinə gələndə məlum olur ki, büdcə gəlirimizin təqribən 14 milyard (13,9) manatı neft sektorundan daxilolmalara hesabına təmin edilmişdir. O zaman isə məlum olur ki, büdcə gəlirimizin düz 73%-i neft sektorunun payına düşür. Əvvəlki illərlə müqayisə edəndə məlum olur ki, növbəti il büdcə gəlirlərində VN-nin payı 33,4% təşkil edəcəyi halda, 2010-cu ildə bu rəqəm 38,1%, 2011-ci ildə 33,5% olmuşdur. Biz bu müqayisədən onu da görmüş oluruq ki, vergi orqanlarının büdcədə fiskal gücü nə qədər daralıb. Əvəzində NF-dan köçürmələrin səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Halbuki, vergilərin büdcədə oynaya biləcəyi rola dərindən diqqət yetirmək lazımdır. Hazırda Azərbaycanda vergi

ödəyicilərinin sayı 387 min 923 nəfər təşkil edir. 2010-cu ildə vergi ödəyicilərinin sayı 350 min nəfər olub. 2000-ci ilə nisbətən bu artım 7 dəfə çox olub. Azərbaycanda vergi sistemi təkmilləşdirilib. Əvvəl 13 növdə idisə, indi 9 növdə vergi var. Bundan əlavə, ƏDV dərəcəsi 28 faizdən 18-ə, mənfəət vergi dərəcəsi isə 35 faizdən 14-ə düşüb. Amma büdcədə vergi ödəmələrinin həcmində ciddi artımlar yoxdur və nəticədə vergilərin yığılmasında ciddi problemlər qalmaqda davam edib. Maraqlıdır ki, hər zaman investisya xərcləmələri özünün dominant yükü ilə seçilməsinə baxmayaraq, yenədə növbəti ildə bu imkanlar bir az da artmışdır. Belə ki, 2012-ci illə müqayisədə 2013-cü ildə büdcənin gəlir hissəsində 2 mlrd. 138 mln. manat artım olmuşdur. Bu artımın yalnız 82,5%-i tikinti və idarəetmə xərclərininə yönəldilmişdir.

Ötən ilin icra büdcəsinin səmərəli olması haqqında əsas faktorlardan biri kimi sosial istiqamətin daha çox qabardılması idi. Halbuki, ötən ilin büdcəsində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi, dərman, təqaüdlər, sosial müavinətlər, üzrə xərclərin cəmi) cəmi 25,4% təşkil edirdi. Bunun isə manatla ifadəsi 5 mlrd. manat deməkdir. Bu isə 2012-ci illə müqayisədə təxminən 7,1%-lik artım deməkdir. Amma büdcə xərcləmələrimizin isə yuvarlaq olaraq 7 milyard manatı və ya 34,9%-i sənayə, tikinti və investisiya xərclərinə ayrılmışdır. Bu sırada sosial müdafiə və sosial təminat xərcləri isə 1,8 mlrd. manat, təhsil xərcləri isə 1,5 mlrd. manat, hüquq-mühafizə xərcləri 1 mlrd. manat təşkil etmişdir. Gələn ilki artımlar sırasında sosial müdafiə və sosial təminat xərcləri 1,6%, ümumi dövlət xidməti xərcləri üzrə 52,7%, təhsil xərcləri 1.2%, müdafiə xərcləri 8,6%, məhkəmə hakimiyyəti və hüquq-mühafizə, prokurorluq xərcləri 12,2% artmışdır. Yəni, hüquq-mühafizə orqanları xərcləri sosialyönümlü xərclərdən 10-20 (müxtəlif istiqamətlər üzrə fərqlər üzrə) dəfə daha çox artılmışdır. Büdcə xərclərinin sektorlar üzrə artımının illər üzrə müqayisəsinə baxanda məlum olur ki, bu artımlar ənənəvi olaraq eyni sahələrə daha az, digər sahələrə isə daha çox vəsaitlərin artırılması ilə yaddaşımızda qala bilər. Əgər 2012-ci ildə aqrar sahəyə vəsaitlər 2011-ci illə müqayisədə 4,3%, səhiyyəyə 5,7%, elm xərclərinə 3,4% artığı halda nəqliyyat sahəsinə 25%, idarəetmə xərcləri 20% artmışdır. Bu ildə dövlət qulluqçularının, xüsusilədə hüquq-mühafizə orqanlarında çalışanların əməkhaqqılarında artımları daha çox üstünlük təşkil etmişdir. Bu baxımdan da hesab

edirəm ki, dövlət büdcəsinin xərclərinin istiqamətlənməsi baxımından gəlirlərin bölgüsü ədalətli və proporsional həyata keçirilmir. Yəni, büdcə xərcləmələrində dövlətin idarəetmə insitutlarının payının dominant olması həm bürokratiyanı ağırlaşdırır, həm də ictimai vəsaitlərin sosial proqramlara deyil, məmur korpusunun saxlanmasına sərf olunmasına gətirib çıxarır. İdarəetmə xərclərinin isə ümumi büdcə xərcləmələrində payı sivil ölkələrdə optimal həddi gözlənilir. Həmin ölkələrdə dövlət idarəetmə xərclərinin büdcədə çəkisi büdcə xərclərinin 15-20%-in təşkil edirsə, bu normal hal kimi qəbul olunur. Çünki, idarəetmə xərcləri qeyri-məhsuldar hesab edildiyindən onun həddən artıq artırılması yolverilməz hesab olunur.

Ötən ilin büdcə icrasında əsas narahatçılıq yaradan məqamlardan biri də büdcənin xərc istiqamətində "Əsas bölmələrə aid olunmayan” başlıqlı istifadəsi nəzərdə tutulan xərc maddəsidir. Bu xərc maddəsi təyinatı açıqlanmayan xərclər hesab olunduğundan qeyri-şəffaflığa və korrupsiyaya ciddi risklər doğrur. Bu riskin daha narahat edici məqamı ondan ibarətdir ki, bu xərc maddəsinin illər üzrə xüsusi çəkisi azalmaq əvəzinə, artır. Bu isə büdcənin ümumi xərclərinin 10%-dən artığı təşkil etməsi deməkdir. Müqayisə üçün qeyd edim ki, 2012-ci ildə "və s. xərclər” büdcə xərclərinin 14%-i təşkil edirdi. Bu 2011-ci ilə nisbətdə 18,4%, 2010-cu illə müqayisədə 79,1% artım deməkdir. Ümumilikdə isə ötən ilin büdcə büdcəsində təyinatı bilinməyən xərclərin büdcədə xüsusi çəkisi 60%-ə yaxındır. (MBQ-nun 2012-ci dövlət büdcə layihəsi ilə bağlı Rəyi) Təbii ki, bu xərc maddəsi müxtəlif ölkələrdə faiz etibarı ilə dəyişir. Amma bunun üçün optimal nisbətin tapılması mümkün olmuşdur. Belə ki, "digər xərclər” adı altında xərcləmələrin payı inkişaf etmiş ölkələrdə 1-3% arasında dəyişir. Məsələn, ABŞ-da bu rəqəm 1%-dir. O da, sırf hərbi sirr xarakter daşıyan xərcləmələr hesab olunduğu üçün belə təsnifatı açıqlanmır. Amma bizdə niyə bu həddə təsnifatı məlum olmayan xərcləmələr var, onu başa düşmək olmur.

Ötən ilin büdcəmizin gəlir hissəsinin doldurulmasında ənənəvi NF-nun transfertlərinin üstünlüyü fonunda, fiskal qurumların fəaliyyəti də zəif olmuşdur. Yəni, Vergilər Nazirliyi və Gömrük Komitəsinin büdcə daxilolmalarında birgə payı 40,6% həddində olacaq. Halbuki, inkişaf etmiş, hətta keçid dövrü yaşayan ölkələrdə vergi gəlirlərinin büdcədə xüsusi çəkisi 75-80%-dən az deyil. Növbəti ilin büdcə gəlirlərində vergilərin ÜDM-də payı 11%-ə yaxın olacaq. 10 il bundan əvvələ qayıdıb müqayisə etsək məlum olacaq ki, 2003-cü ildə vergilər ÜDM-un 14%-i təşkil edirdi. Qərbi Avropa ölklərində bu göstərici 30-35%-dən aşağı deyil.

Bütövlükdə vergilər (sosial vergilərdə daxil) ABŞ-da, Yaponiyada, Kanadada və Avstraliyada ÜDM-un üçdə birini, bütün Qərbi Avropa ölkələrində 40-50%, İsveç və və Danimarkada 50%-i təşkil edir. Azərbaycanda ili-ildən vergilərin büdcə qarşısında yığım funksiyasının itirməsi onu deməyə əsas verir ki, bir neçə ildən sonra dövlət büdcəsinin əsas donoru rolunda yenə də neft fondunun aktivləri çıxış edəcək.

Bu yazi Azad İqtisadiyyata Yardım İB-nin Avropa İttifaqı və Oxfam Təşkiatı tərəfindən maliyyələşən "Sənin pulun, sənin gələcəyin" layihəsi çərçivəsində hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA