"Azəriqaz" qalmaqallarla bağlı açıqlama yaydı - Mətn

img

19-05-2014 [13:49]


Son günlər bəzi kütləvi informasiya vasitələrində ARDNŞ-nin "Azəriqaz” İstehsalat Birliyində struktur dəyişiklikləri barədə müxtəlif xarakterli məlumatlar yayılmaqdadır.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumatda deyilir ki,  bunlar həqiqəti əks etdirmir: 

""Azəriqaz” İB tərəfindən texniki baxışların keçirilməsinin vacibliyi nəzərə alınaraq, mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunması məqsədilə Bakı şəhəri və Abşeron rayonu üzrə yeni bir xidmət yaradılmışdır. Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərliliyini artırmaq məqsədilə yaradılan bu xidmət Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi adlanır.

Eyni zamanda, xarici və yeraltı qaz kəmərlərinə vaxtaşırı baxışların keçirilməsi üçün müvafiq təşkilatla müqavilə bağlanmaq ərəfəsindədir. Ən müasir avadanlıqlara malik, təcrübəli xarici mütəxəssislər, o cümlədən Türkiyə Respublikasında kurs keçmiş işçilərdən ibarət olan bu təşkilat qaz kəmərlərinin diaqnostikası; qaz kəmərlərinin üzərində yerləşən kranlarda, kranlı və armaturlu birləşmələrdə, siyirtmə və ventillərdə sızmaların aşkar edilməsi; şəhər qaz şəbəkəsinin diaqnostikası; qaz kəmərinin marşrutu boyu çətin keçilən ərazilərdə baş verən sızmaların axtarılması, təyini və lokallaşdırılması; qazlaşdırılmış obyektlərin ərazilərinə nəzarət edilməsi üzrə xidmət göstərəcəkdir. Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaqdır ki, bu da şəhər mühitində və eyni zamanda yaşayış məskənlərindən kənarda qaz kəmərlərində baş verən sızmaların dəqiq koordinatlarının təyin edilməsi üçün son diaqnostik avadanlıqlara malik bir sistemdir. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunmuşdur.

"Azəriqaz” İB bir daha bəyan edir ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismarı sahələrinin ləğv edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil və ümumiyyətlə, yaxın vaxtlarda bu region üzrə hər hansı struktur dəyişikliyi gözlənilmir.

"Azəriqaz” İB bir daha KİV-i Birliyin strukturunun təkmilləşdirilməsi prosesinin işıqlandırılması zamanı daha diqqətli olmağa, obyektivliyə riayət etməyə və sensasiya axtarmamağa çağırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA