Axundov adına kitabxanada audit aparılıb

img

18-05-2014 [12:57]


Azərbaycan respublikası Hesablama Palatası M.F.Axundov adına kitabxanada audit aparıb.

ANS PRESS-in məlumatına görə, Hesablama Palatasının 2012-ci il üçün İş planına uyğun olaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi həyata keçirilib.

Auditin əhatə etdiyi dövrdə Kitabxana tərəfindən müxtəlif kitab sərgiləri keçirilib, yeni çap məhsullarının Kitabxanaya verilməsi istiqamətində tədbirlər görülwb, nəşrlərin rəqəmsallaşdırılması üçün müasir avadanlıqlar alınıb, oxu zalları müasir kompüter avadanlıqları ilə təchiz edilib, lokal şəbəkə üzrə elektron oxu zalı yaradılıb.

Bununla yanaşı, audit zamanı bəzi nöqsanlara da yol verildiyi müəyyən edilib. Belə ki, Kitabxana tərəfindən bir sıra xərc maddələri üzrə proqnozların tərtibi prosesində müvafiq iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, tarif dərəcələrinin müəyyənləşdirilməsi zamanı bəzi hallarda qeyri-ixtisaslı işçilər ixtisaslı işçi kimi tarifləşdirilib. Xərclərin icrası zamanı təyinat dəyişikliyinə yol verilib, göstərilmiş xidmətlər üzrə daxil olmuş büdcədənkənar vəsaitlərin bir hissəsi kassaya mədaxil edilməyib, sanatoriya-kurort müalicəsində olduğu dövr üçün işçiyə əmək haqqı, bəzi işçilərə artıq mükafat və artıq ezamiyyə xərci ödənilib, əvəzsiz verilmiş nəqliyyat vasitəsi balansdan çıxarılmayıb, malların (işlərin və xidmətlərin) satınalınması zamanı bir sıra hallarda qanunvericiliyin tələblərinə əməl edilməyib. Bəzi avadanlıqlar isə uçota alınmayıb, faktiki istifadə olunan proqram təminatı, həmçinin istismar müddəti başa çatmayan əsas vəsaitlər uçotdan silinib, bəzi təmir-tikinti işləri tamamlanmayıb, satın alınan əsas vəsaitlər birbaşa xərcə silinib, əsas vəsaitlərin uçotu müvafiq qaydada aparılmayəb.

Hesablama Palatasının Kollegiyası audit nəticəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması istiqamətində və bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, habelə görülmüş işlər üzrə Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə Qərar qəbul edib. Həmin Qərar icra üçün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində 9810,5 manat vəsaitin dövlət büdcəsinə bərpa olunduğu, 113,8 min manat dəyərində təmir işlərinin görüldüyü, 156,1 min manat dəyərində inventar və avadanlığın təhvil verildiyi, 643,5 min manat dəyərində əsas vəsaitlərin, 708,0 manat dəyərində mal və materialların, 170,8 min manat dəyərində qeyri-maddi aktivlərin uçota alındığı, pullu xidmətdən daxilolmaların uçota bərpa edilərək xəzinə hesabına köçürüldüyü, işçilərin tarif dərəcələrinin müvafiq tələblərə uyğunlaşdırıldığı qeyd olunub.Eyni zamanda məlumatda nöqsanlara yol vermiş 4 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən təsərrüfat işləri üzrə direktor müavini, baş mühasib və böyük mühasibə töhmət, kadrlar şöbəsinin müdirinə xəbərdarlıq elan edildiyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA