"Onunla son görüşüm 2003-cü ilin 8 iyulunda oldu, dedi ki..." - Ramil Usubov Heydər Əliyevlə bağlı xatirəsini yazdı

img

18-04-2023 [09:02]


Ramil USUBOV,

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik

***

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzeetinin bugünkü sayında "Xilaskarlıq missiyası Zəfər strategiyasına çevrildi" başlıqlı yazı ilə çıxış edib.

Mia.az çoxdandır gündəmdə olmayan keçmiş daxili işlər nazirinin mərhum  Heydər IƏliyevlə bağlı xatirələrinin maraqla qarşılanacağını nəzərə alaraq, məqaləsinin oxuculara olduğu kimi təqdim edir:

***

"100 illik yubileyi ərəfəsində olduğumuz Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsi yalnız əlamətdar günlərdə deyil, hər zaman böyük ehtiram və sevgi ilə anılır. Müasir tariximizin son 54 illik zaman kəsimi Heydər Əliyevlə, onun dövlətçiliyimizin təməlinə çevrilən ideyaları ilə birbaşa bağlıdır. Bu dövrün bütün mərhələlərinə öz imzasını yazan Ulu Öndər, eyni zamanda qüdrətli dövlətin vətəndaşı olmaq haqqını bəxş etdiyi milyonlarla insanın fəxrinə, xeyirxahına və himayədarına çevrilmişdir. 

Çox xoşbəxtəm ki, bu dahi Şəxsiyyətin parlaq izi mənim də taleyimə əbədi həkk olunmuşdur. Uzun illər Heydər Əliyev komandasında çalışaraq Onun dühasının canlı şahidi olmuşam. Ulu Öndər bizim üçün əsl həyat məktəbi, mükəmməl idarəçilik ensiklopediyası olmaqla, dəyərli müəllim, kamil örnək idi. Daim ondan öyrənirdik və bu gün də öyrənirik, dərs alırıq. 

Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Onunla hər görüş, verdiyi tövsiyə və tapşırıqlar yaddaşımda işıqlı xatirə kimi qalıb. Ümummilli Liderin yaxından müşahidə etdiyim bütün fəaliyyəti, birmənalı olaraq, Azərbaycanın və azərbaycanlıların təhlükəsizliyinə, rifahına, mənafeyinə xidmət edirdi. Onlardan yalnız ikisini - əbədiyaşar şəxsiyyətlə ilk və son görüşlərimi böyük ehtiram, şükranlıq və həssas duyğularımla bölüşmək istərdim.

Təxminən 41 il öncə - 1982-ci il yanvar ayının 14-də Azərbaycana rəhbərlik edən Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Bölgədə erməni şovinizmini cilovlayan Heydər Əliyevə o zaman da vətəndaşlarımızın ehtiramı, məhəbbəti o qədər güclü idi ki, bu görüşə ətraf rayonlardan da kütləvi axın vardı. 

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Rəhbəri gətirən maşın Şuşanın girəcəyindəki yoxuşu qalxa bilmədi. Mən hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı və yaxınlıqdakı gənclərlə köməkləşib maşını yoxuşdan qaldırıb düz yerdə qoyduq. Çox möhtəşəm mənzərəydi. Erməni millətçilərinin məkrli əməllərinin hələ də davam etdiyi Qarabağın mərkəzində azərbaycanlı gənclər Ona - bu Dahi İnsana öz səmimi hissləri və böyük ehtiramları ilə, əslində, erməni millətçilərinə kəskin mesaj verir, bu torpaqların əsl sahibinin kim olduğunu göstərir, belə separatçı ünsürlərə sipər olan ölkə rəhbərinə dəstək olduqlarını bildirirdilər. Ulu Öndər də belə münasibətdən, bu cür qeyri-adi rəğbətdən çox razı qalmışdı və bütün səfər müddətində bunu aydınca hiss etdirirdi.

Ümummilli Liderimizlə son görüşüm 2003-cü ilin 8 iyulunda oldu. Təhlükəsizlik Şurasının iclasında aldığım təəssüratı indi də nisgillə və həyəcanla xatırlayıram. Müalicə üçün qardaş Türkiyəyə gedəcək cənab Prezident bizə öz məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətini, müstəqilliyimizi göz bəbəyi kimi qorumağı, ölkə və xalq qarşısında daşıdığımız məsuliyyətə, xidməti vəzifəyə sadiq olmağı, vətəndaşlarımızın qeydinə qalmağı, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformada olmağı tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yenə də öz sağlamlığını deyil, məhz həyatından çox sevdiyi Vətəninin, xalqının taleyi üçün keçirdiyi narahatlıq və nigarançılıq hissi məni çox mütəəssir etmişdi. 

Ulu Öndərdən öyrəndiklərim həyat və fəaliyyət dərsləri mənim üçün elə bu gün də unudulmaz örnək və məktəbdir. Azərbaycan xalqı bir də ona görə xoşbəxtdir ki, bu şanlı məktəbin ənənələri sonrakı illərdə daha da zənginləşdirildi, onun əbədiliyi təmin edildi.

Heydər Əliyev fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik şəxsiyyət idi. Təsadüfi deyil ki, o, Azərbaycan Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdu. 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi isə Heydər Əliyevin liderlik xüsusiyyətinin növbəti etirafı və təsdiqi idi.

Ulu Öndər ötən əsrin 70-80-ci illərində Azərbaycanın ilk Qurtuluş, 30 il öncə isə ikinci Qurtuluş missiyasını başlatdı. O, hər iki dövrdə - xalq və dövlət fəlakət girdabında olanda əsl Sərkərdə kimi meydana çıxıb, onu xilas etdi, ölkəsini, millətini tərəqqi və yüksəliş yoluna çıxardı. 

Ümummilli Liderin fəaliyyətinin ən mühüm uğurlarından biri də onun 1970-80-ci illərdə böyük uzaqgörənliklə və zərgər dəqiqliyi ilə həyata keçirdiyi Qarabağ siyasəti idi. Mən həmin prosesin də öncə müşahidəçisi, sonradan isə icraçısı olmuşam. 

60-cı illərdə hələ gənc olsam da, ermənilərin kompakt yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin sakini kimi aşkar görürdüm ki, respublikada cərəyan edən neqativ proseslər, kütləvi sosial ədalətsizlik və səbatsız idarəçilik bizim regionda daha acı fəsadlar törədir. O dövrdə rəsmi Bakının təsirindən kənarda qalan, Azərbaycan torpağı ola-ola azərbaycanlıları mənəvi, psixoloji repressiyalara məruz qoyan bölgənin şovinist erməni rəhbərləri və qeyri-rəsmi qurumları burada separatizm üçün münbit şərait formalaşdıra bilmişdilər. Ulu Öndər isə hələ ötən əsrin 60-cı illərindən, DTK-də rəhbər vəzifələrdə çalışarkən bu cür zərərli meyillərə qarşı barışmaz mübarizə aparırdı. Artıq 70-ci illərdə ölkə rəhbəri kimi bu prosesi daha dəqiq, sərrast strateji hədəflər və dəqiq taktiki həmlələrlə həyata keçirməyə başladı. Moskvadakı havadarlarının dəstəyinə baxmayaraq, vilayətin şovinist ünsürləri, o cümlədən rəhbər heyət administrativ postlardan kənarlaşdırıldı, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni millətindən olan kadrlar irəli çəkildi. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Beləliklə, bölgə tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Vilayətin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşdi, mühüm sosial infrastrukturlar yaradıldı və davamlı olaraq təkmilləşdirildi. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttinin çəkilməsi və başqa bir çox tədbirlərlə keçmiş Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını daha da möhkəmləndirdi. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, görülmüş tədbirlər yerli erməni icması tərəfindən də razılıqla qarşılanırdı. Çünki Ulu Öndərin xüsusi münasibəti sayəsində əldə olunan nailiyyətlər, sosial-iqtisadi inkişaf ölkəmizin bu bölgəsinin də hər bir sakininin, azərbaycanlılarla yanaşı, sadə ermənilərin də rahat yaşayıb-işləmələrinə şərait yaradırdı, onların da həyatına müsbət təsir göstərirdi. 

Necə ki bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev onilliklərdən sonra Qarabağda Azərbaycanın suveren hüquqlarını birmənalı şəkildə təmin etdi, eləcə də Heydər Əliyev ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan keçmiş Dağlıq Qarabağı Azərbaycana qaytardı.
Həmin illərdə muxtar vilayətdə bir çox vəzifələrə irəli çəkilən biz azərbaycanlı kadrlardan da Ulu Öndər bu proseslərdə xüsusi həssaslıq, ayıq-sayıqlıq, ən əsası isə dönməz vətənpərvərlik tələb edirdi. Bizlər də daşıdığımız məsuliyyəti dərindən anlayır, fəaliyyətimizi məhz Heydər Əliyevin rəhbərliyi ilə Qarabağda başlanan yeni dövrün tələblərinə uyğun qururduq.

Təsadüfi deyil ki, Qarabağa Ermənistanın əsassız iddialarının açıq şəkildə səsləndirilməsi də məhz Onun Moskvada tutduğu yüksək dövlət vəzifələrindən istefaya göndərilməsindən sonrakı dövrə təsadüf edir. Artıq 20 il idi ki, susmağa məcbur olan antiazərbaycançı şəbəkə Kremldəki havadarlarının dəstəyindən və ölkə daxilində yaradılmış "münbit" şəraitdən yararlanaraq yenidən hücuma keçdi. Qarabağda başlayan qanlı savaş, digər bölgələrdə baş qaldıran etnik separatizm meyilləri, ölkədə gündən-günə dərinləşən sosial-iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsinin yaranması və bütün bu problemləri həll etmək iqtidarında olmayan rəhbərlərin yanlış siyasətləri Azərbaycanı bir dövlət kimi tarixin səhnəsindən silinmək aqibəti ilə üzləşdirdi. Belə bir ağır, fəlakətli dönəmdə yenə də nicat ünvanı məhz Dövlətçilik Sərkərdəsi idi. Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycanın yeni Qurtuluş tarixinin müəllifinə çevrildi. 

Qısa müddət ərzində Azərbaycan böyük bir yol keçərək uzun onilliklər boyu əldə edə biləcəyi tarixi nailiyyətlər qazandı. Lakin bu uğurlara heç də asan nail olunmadı. Respublikamızın bölgənin lider dövləti, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifahının yüksəldilməsi məhz Ulu Öndərin misilsiz fəaliyyətinin, fədakarlığının və qətiyyətinin nəticəsi idi. 

Həmin illərdə daxili işlər naziri kimi bu proseslərin birbaşa iştirakçısı olaraq, birmənalı deyərdim ki, əgər Heydər Əliyev və onun polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı olmasaydı, Azərbaycan məhv olacaqdı. Ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili, ümumilikdə isə ictimai-siyasi sabitliyin təminatı kimi taleyüklü məsələlərin həlli ilə bağlı Onun müdrik siyasəti, həyata keçirilən qətiyyətli tədbirlər, nəticə etibarilə, Azərbaycan dövlətçiliyinin güclənməsini təmin etdi. Hüquq-mühafizə və xüsusi xidmət orqanları Ulu Öndərin rəhbərliyi altında sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, ölkədə tüğyan edən mütəşəkkil cinayətkarlığa, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu fəaliyyət göstərdilər. Bunun bariz nəticəsi odur ki, Azərbaycan cinayətlərin sayının azlığı, sabitliyin mükəmməl və etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik ölkələrdən oldu. Məhz elə həmin dövrdə milli inkişaf və təhlükəsizlik siyasətinin konseptual əsasları hazırlandı, bu siyasətin məqsəd və vəzifələri sistemli şəkildə həyata keçirildi. Heydər Əliyev ictimai-siyasi, sosial-iqtisadi, hərbi-sərhəd, nəqliyyat-tranzit, enerji, ərzaq, informasiya və digər sahələrdə həyata keçirilən təhlükəsizlik fəaliyyətini tənzimlədi, təkmil milli təhlükəsizlik strategiyası formalaşdırdı. 
Ümummilli Lider indi cismən aramızda olmasa da, onun dövlət və cəmiyyət həyatının bütün istiqamətlərində aydın görünən şərəfli izləri, şanlı töhfələri, bu gün də reallaşan hədəfləri və parlaq idealları ən böyük təskinliyimizdir. 

Onun ən böyük arzuları həyata keçib: Azərbaycanın dövlət müstəqilliyinin və iqtisadi yüksəlişinin davamlılığı təmin olunub - tarixin ən qüdrətli Azərbaycanı yaradılıb; Qarabağda dövlət bayrağımız dalğalanır - Vətən savaşında böyük Zəfər qazanılıb. Bu möhtəşəm tarixi nailiyyətlərin müəllifi isə möhtərəm Prezident İlham Əliyevdir.

Bu Zəfər Müzəffər Ali Baş Komandanın müdrik Sərkərdəliyinin və Silahlı Qüvvələrimizin bütün növ birləşmələrinin qəhrəman şəxsi heyətinin yüksək vətənpərvərliyinin nəticəsidir. Möhtərəm Prezidentimiz tam haqlı olaraq, bu müharibəni Vətən savaşı adlandırıb. Çünki bu savaşı Suqovuşandan Şuşayadək 44 gün döyüşən əsgər və zabitlərimizlə yanaşı, Vətənin hər bir insanı, bütün Azərbaycan xalqı aparırdı. Ön və arxa cəbhənin Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyi, səfərbər olması, Onun rəhbərliyi altında vahid və ədalətli mübarizə aparması ilə tarixən ikiəsrlik münaqişənin birdəfəlik həllinə nail olundu. 

Ulu Öndərin müəllifi olduğu kursun uğurlu icrasının nəticəsi və Heydər Əliyev ideyalarının təntənəsi olan Zəfər misilsiz hərbi nailiyyətdir, inkişafın davamlılığını təmin edən aparıcı faktordur. Eyni zamanda bunların əsas tənzimləyicisi olan yeni təhlükəsizlik sisteminin təməlidir. Unutmayaq ki, cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, əks-hücum əməliyyatı kimi başlayıb, qələbə ilə yekunlaşan savaşın əsas məqsədi məhz Azərbaycanın ərazi bütövlüyünün təmini və Qafqazda möhkəm təhlükəsizlik sisteminin yaradılması idi.

Yeri gəlmişkən, bir məqamı da xatırladım ki, Vətən savaşı 1988-ci ildən aparılırdı. Ermənistanda yaşayan azərbaycanlı əhalinin öz dədə- baba yurdlarından qovulması və I Qarabağ müharibəsi dövründəki məlum siyasi, iqtisadi, hərbi böhranlar, nəticə etibarilə ərazilərimizin 20 faizinin işğalı və bir milyona yaxın soydaşımızın qaçqın-köçkünə çevrilməsi ilə nəticələndi. İşğalın və etnik təmizləmə siyasətinin yaratdığı böhranlar isə, şübhəsiz ki, məhz möhkəm dövlətin, mərkəzləşdirilmiş idarəçilik sisteminin və ən əsası, qüdrətli, birləşdirici liderin olmamasından irəli gəlirdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayan Qurtuluş missiyası I Qarabağ savaşının acı və ağır nəticələrinin aradan qaldırılması istiqamətində də əsaslı dönüş yaratdı. Ümummilli Liderin rəhbərliyi altında cəbhə xəttində 1994-cü ildə Füzuli istiqamətində aparılan uğurlu əməliyyatlar nəticəsində Ermənistan atəşkəsə məcbur oldu. Həmin dövrdən etibarən, Azərbaycan Silahlı Qüvvələrinin bütün növ hərbi birləşmələri sağlam əsaslarda formalaşdırıldı, dövləti təhdid edən siyasiləşmiş hərbi destruktiv qüvvələr zərərsizləşdirildi, iqtisadi inkişaf üçün vacib olan təhlükəsizlik mühiti təmin edildi. Başqa sözlə, Ulu Öndərin misilsiz xidmətləri sayəsində gələcək Zəfərin tarixi bünövrəsi qoyuldu. Bu qələbə Heydər Əliyevin ən böyük vəsiyyətinin layiqincə həyata keçirilməsi ilə yanaşı, həm də cənab Prezident İlham Əliyevin timsalında xalqımızın Ulu Öndərə, eyni zamanda 30-cu ildönümünü təntənəylə qeyd edəcəyimiz Qurtuluş missiyasına əbədi minnətdarlığının ali ifadəsidir. 

Hərbi təhlükəsizlik strategiyasında belə bir tarixi deyim var: "Qələbə öncə komandanın beynində qazanılır". Vətən müharibəsində əldə olunan Zəfər də cənab İlham Əliyevin Prezident fəaliyyətinə başlamasının ilk anlarından yürütdüyü düşünülmüş, müdrik, ardıcıl kursun məntiqi nəticəsi oldu. Ölkə rəhbəri ilk gündən ədalətli savaşa hazırlaşırdı və Qələbəyə tam əmin idi. Bu taleyüklü vəzifənin vaxtında, qəti və az itkilərlə icrası yolları üzərində inamla çalışırdı və Zəfərə hesablanan qərarlar qəbul edirdi. 

Ölkə rəhbəri 2003-cü ilin oktyabrından etibarən, istisnasız olaraq, hər bir iclasda bu mövzuya toxunurdu. Cənab Prezidentin qələbə ovqatı, mübarizliyi yalnız ictimaiyyətlə ünsiyyətində, çıxışlarında özünü büruzə vermirdi, ən məhdud, qapalı görüşlərində belə biz Ali Baş Komandanın ədalət savaşına ciddi hazırlaşdığına və mütləq zəfər qazanağacına birmənalı əminliyinə şahid olurduq. Azərbaycanın qəti qələbəsinə ən çox inanan, buna əmin olan insan məhz möhtərəm Prezidentimizin özü idi. 

2020-ci ilin 10 noyabrında Ermənistanın təslimçilik aktını imzalaması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-təhlükəsizlik strategiyası öz hədəfinə çatdı və əsas mərhələsini yekunlaşdırdı. Həmin tarixdən yeni dönəm başladı. İndi paralel şəkildə həm azad olunmuş ərazilərin bərpası və quruculuğu həyata keçirilir, həm də yeni reallıqlar əsasında bölgənin möhkəm təhlükəsizlik və inkişaf sistemi formalaşdırılır. Eyni zamanda dayanaqlı sülhün əldə olunması məqsədilə qlobal platformada həssas və çevik diplomatik mübarizə aparılır. Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, diplomatik məharəti və milli maraqlara əsaslanan prinsipial siyasəti nəticəsində bu mərhələlərdə də mühüm nailiyyətlər qazanılmışdır.

Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin təhlükəsizlik, siyasi və iqtisadi dalğaları geniş qlobal miqyası əhatə edir. Onun nəticələri bu baxımdan bölgəmizlə yanaşı, Avrasiya məkanına da ciddi təsirlər göstərib. Yəni münaqişə yalnız Azərbaycana və Ermənistana, yaxud Qafqaza aid ziddiyyətlər və maraqların kəsişdiyi, bəzən də toqquşduğu məkan deyildi. Açıq deməliyik, bölgədə maraqları olan bəzi fövqəldövlətlər, hətta transmilli şirkətlər belə bu problem ətrafında öz mənfəətlərini müəyyənləşdirir, iqtisadi və siyasi qazanclarını güdürdülər. Bu baxımdan da, cənab Prezidentin qeyd etdiyi kimi, uzun onilliklər boyu bu qüvvələr danışıqlar prosesinə töhfə vermək əvəzinə, onun həllini qəsdən yubadır, süni maneələr yaradırdılar. Müzəffər Komandan bütün bu kimi məkrli oyunları da öz qətiyyəti ilə bir daha pozdu.

Münaqişənin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir. Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər. Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir. Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaqdır. 

Azərbaycan Qarabağ münaqişəsini həll etməklə qlobal təhlükəsizliyə, onun beynəlxalq terrorizm, qanunsuz narkoticarət kimi ünsürlərinə qarşı mübarizəyə böyük töhfə verdi və illərlə "dondurulmuş" sayılan bu kimi problemləri necə uğurla nizamlamağın mükəmməl nümunəsini yaratdı. Bu faktlar göstərir ki, Azərbaycanın qazandığı Zəfərin qlobal əhəmiyyəti də yüksəkdir və beynəlxalq miqyasda inkişafa, sabitliyə töhfə verir.

Qarabağda məskunlaşan ermənilərin təhlükəsizliyinə Azərbaycan dəfələrlə rəsmi münasibət bildirib. Cənab Prezident İlham Əliyev hər zaman bəyan edir ki, ərazimizdə yaşayan erməni əhalinin yalnız təhlükəsizliyi deyil, məşğulluğu, sosial rifahı, bütün hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Onlar vətəndaşı olacaqları dövlətin - Azərbaycanın birmənalı himayəsində təminat alacaqlar. İmzalanacaq sülh müqaviləsi bu şəxslərə 30 ildən sonra, nəhayət ki, təhlükəsiz, normal, rahat həyat bəxş edəcək. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqayslı quruculuq, tikinti işlərinin miqyası da bölgədə yaşayan erməni əhalisində seçim etmək üçün xüsusi imkan yaradır. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər də xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun köməyi ilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan, bərpa edilən möhtəşəm mədəni-mənəvi incilərimiz, sosial obyektlər həm də Ulu Öndərin əbədiyaşar ruhuna böyük ehtiramın nümunəsidir. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr yenidən cənnətə çevriləcək bu bölgələrin həyatında böyük canlanma yaradacaqdır.

Azərbaycan qüdrətli, nüfuzlu dövlətdir. Bu gücü təmin edən faktor Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin uğurla davam etdirilməsi və cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın bu müdrik siyasətə inamı və etimadıdır. Cəmiyyətdə Heydər Əliyev ideyalarına sarsılmaz sədaqət, öz dövlətinə, onun qüdrətli Liderinə tam etimad və dəstək sabahın daha uğurlu olacağına böyük əminlik yaradır. Bunlar isə ölkənin etibarlı təhlükəsizliyinin və davamlı inkişafının əsas şərtləri, möhkəm təməlləridir. 

100-cü ildönümünü böyük rəğbət və minnətdarlıqla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevə ümumxalq sevgisinin ən dolğun təzahürü və rəmzi isə Şuşada dalğalanan Azərbaycan bayrağıdır. Təkcə bu ilimiz deyil, elə əsrimiz də Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev əsridir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq