Tanınmış tərcüməçi "Azərsu" sədrinə şikayət yazdı - MƏTN

img

11-05-2014 [23:29]


Tanınmış tərcüməçi, yazar Nadir Qocabəyli "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova şikayət məktubu yazıb. 

Mia.az həmin məktubu təqdiim edir: 

"
Salam, hörmətli "Azərsu" sədri!

Hövsan kəndinə su və kanalizasiya çəkilişini həyata keçirən şirkət nədənsə xeyli müddətdir işini dayandırıb. 2014-cü il başlayandan heç bir fəaliyyətləri yoxdur. 2013-cü ildə əvvəlcə mərkəzi küçəylə bir boru çəkib, yalnız darvazası mərkəzi küçəyə baxanlara su çəkdilər. Hətta hasarı mərkəzi küçəyə, qapısı isə ara küçələrə baxanlara belə su verməkdən imtina etdilər. Amma istisnalar oldu, bunu hansı prinsiplə etdiklərini deyə bilmərik, amma birinə çəkib, beşinə çəkməmək təbii ki, əsaslı narazılığa və xoşagəlməz söz-söhbətlərə səbəb oldu. Sonra mərkəzi küçəyə paralel olan birinci küçəyə və bu küçəni mərkəzi küçəylə birləşdirən ara küçələrə çəkdilər. İşlərə rəhbərlik edən şəxslərdən təkidlə xahiş etsək də, mərkəzi küçəyə bitişik dalanları belə çəkmədilər və bunun növbəti mərhələdə, yəni üçüncü paralel küçə çəkildikdən sonra ara küçələr çəkiləndə həyata keçirəcəklərini dedilər. Zamanını soruşduqda, uzağı bir aya bizə də növbə çatacağını dedilər. Amma təəssüf ki, verilən sözün üstündən altı aydan artıq vaxt keçməsinə baxmayaraq işlər dayandırılıb. Şirkətə rəhbərlik edən və bu sözü verən şəxs (adı Aydın müəllim olmalıdır) nədənsə vətəndaşlardan gizlənir. Vətəndaşları qapıçı qarşılayır və işlərin niyə dayanması ilə bağlı heç bir məlumata malik olmadıqlarını deyir.

Biz dəfələrlə hörmətli cənab prezidentin dilindən Bakı ətrafı kəndlərin 2013-cü ilin sonuna kimi su və kanalizasiya ilə təchiz olunacağını eşitmişik. Amma artıq 2014-cü ilin may ayıdır. Belə çıxır ki, prezidenttin sərəncam və əmrləri icraçı orqan və şirkətlər tərəfindən vaxtında yerinə yetirilmir. Bunun obyektiv səbəbləri olsa belə, vətəndaşlara heç bir məlumat verilmir. Nəticədə də, vətəndaşlarda inamsızlıq və yanlış təsəvvür formalaşır.

Ona görə də, işlər qısa müddətdə bərpa olunmayacağı təqdirdə Hövsan kəndi və Zeytun qəsəbəsinin əhalisi birbaşa şəxsən prezident İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qalacaq.
Diqqətinizə görə, təşəkkür edirik.

Hörmətlə: Zeytun qəsəbəsinin bir qrup sakini adından Quliyev Nadir Ədilağa oğlu".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA