Banklar vətəndaşları necə “soyur”?

img

01-05-2014 [12:06]


Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank bu addımın sektorda və eləcə də monetar siyasətdə baş verən dəyişikliklərlə əlaqələndirsə də, bank sistemində reallıqda bu ilin birinci rübündə daha çox "oyun qaydalarına " inzibati müdaxilə müşahidə olunub:

"Əvvəla, banklara vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur. Təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır. İkincisi, mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin yenə əhəmiyyətli rəqəmlə ifadə edilmədiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlərlə təmin edilməsinə səbəb ola bilməz. Üçüncüsü, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, və ya ümumiyyətlə, yoxdur. Dördüncüsü, Mərkəzi Bankın bu tip kreditləri adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür ki, bəzi hallarda bu zaman bankların seçim meyarları tam aydın olmur. Beşincisi, uçot stavkasının aşağı olmasına baxmayaraq, mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyillərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığı üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır”.

İqtisadi ekspertin sözlərinə görə, bu ilin birinci rübündə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişikliklər baş vermədiyi üçün kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilməyib:

"Kredit faizləri yüksək olaraq qalmaqdadır. Bunun aşağı salınması istiqamətdə Mərkəzi Bankın təşviqedici fəaliyyətindən daha çox inzibati müdaxiləsi müşahidə olunur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrə dividentlərlə təklif edilən kreditlərlə faiz dərəcələri arasında kəskin uçurum var. Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürür. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Hətta dividentləri banklar üçün yeganə maliyyə mənbəsi olmadığını da nəzərə aldıqda da belə bu isə iqtisadi baxımdan normal hal kimi qiymətləndirilə bilməz.

Əslində Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədəuyğun olardı. Hal-hazırda ölkənin kommersiya bankları MDB-də ən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorunda vəziyyəti heç də yaxşı deyil. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir”.

Əli Rais, Hafta.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA