Müəllimlərin maaş artımı tam realdır! –TƏHLİL

img

15-04-2014 [13:14]


Son günlər Milli Məclisin Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin müəllimlərin maaşı ilə əlaqədar söylədiyi fikir mətbuatda geniş yer alıb. İqtisad elmləri doktoru, professor Ş. Hacıyevin fikrincə, əgər müəllimlərin maaşı artırılsa, onda inflyasiya ola bilər. Bu fikirlər səslənəndən dərhal sonra mən maaş artımının hətta iki-üç dəfə ola biləcəyi halda inflyasiyaya səbəb olamayacağı tezisi ilə FB səhifəmdə yazdım. Yaxşı ki, bu məsələyə Azərbaycanın tanınmış iqtisadçılarından Vahid Əhmədov və Əli Mənsimov da fikir bilidirdi. Onlar da müəllimlərin maaş artımının inflyasiya törətməyəcəyini dolayısı ilə iddia etdilər. Hətta Əli Mənsimov təhsil işçilərinin maaşının 800-1000 manata qədər artırılmasının real olduğunu qeyd etdi. Əlbəttə, Ə. Mənsimovun Moderator.az saytına verdiyi açıqlamada bəzi ziddiyyətlər də var idi. Belə ki o, təhsil işçilərinin maaşlarının tədricən ümumdaxili məhsulun adambaşına düşən hissəsinin 1,8–2 faizinə çatdırılmasını təklif edir, yəni 150 manata (?). Amma digər tərəfdən, Ə. Mənsimov əmək haqların 800-1000 manat olmasını tamamilə real hesab edir.

Nəzərə alsaq ki, hər bir cəmiyyətin siyasi, iqtisadi, texnoloji, mədəni və sair cəhətdən tərəqqisi məhz təhsil və elm sahələrinin inkişafı ilə birbaşa bağlıdır, onda bu sahələrdə çalışan insanların maddi təminatının da vacibliyi aydın olar. Amma təəssüf ki, Azərbaycanda sosial təminatı ən aşağı olan sosial qruplar da elə təhsil işçiləri və elm adamlarıdır. "Cəmiyyətin qaymağı” hesab edilən bu insanların sosial durumunun yaxşılaşdırılması üçün addımların atılmamasına, o cümlədən maaş artımına inflyasiya bəhanəsi ilə mane olunmasına qətiyyən haqq qazandırıla bilməz. Birincisi, ona görə ki, sosial təminatın zəif olması səbəbindən həm təhsil, həm də elm sahəsində ümumi intellektual səviyyə getdikcə azalır. İkincisi, təhsil və elm sahələrində orta əmək haqqının ölkə üzrə göstəricidən aşağı olması bu sahələrin sosial imicinə ciddi ziyan vurur. Üçüncüsü, cəmiyyətin intellektual aparıcı sosial qrupları tərəfindən potensial gərginlik çoxalır. Mövcud vəziyyətin digər fəsadlarını da sadalamaq olar. Bütün dünyada cəmiyyətin orta təbəqəsinin yaşayış səviyyəsi, sosial durumu ölkənin iqtisadi və mədəni inkişafının əsas göstəricisi hesab edilir. Odur ki, təhsil işçilərinin və elm adamlarının əmək haqlarının artırılmasına təkcə iqtisadi problem kimi yanaşılmamalıdır. Bu, ölkənin təhlükəsizliyi üçün strateji prioritet olmalıdır.

Bütün bunlara baxmayaraq, mən sübut etməyə çalışacağam ki, təhsil işçilərinin əmək haqlarını nəinki bir neçə faiz, hətta 2-3 dəfə artırılması Azərbaycan iqtisadiyyatında nəzərə çarpacaq dərəcədə inflyasiya yaratmaya bilər. Odur ki, əvvəlcə inflyasiyanın nə olduğuna qısaca nəzər yetirək. Ən sadə dillə desək, inflyasiya ölkədə əksər mal və xidmətlərin qiymətinin, yəni qiymətlərin ümumi səviyyəsinin yüksəlməsidir. Nəzərə almaq lazımdır ki, hər hansı bir qrup mal və xidmətin qiymət artımı hələ inflyasiya demək deyil. İqtisadi ədəbiyyatlarda inflyasiyanın yaranma səbəbi kimi, əsasən, üç səbəb göstərilir. Birincisi, ölkə iqtisadiyyatında dövriyyədə olan pul kütləsinin artmasıdır. İkincisi, bazarda təklif edilən mal və xidmət növlərinin ümumi həcminin azalmasıdır. Üçüncüsü isə, pulun dövretmə sürətinin artmasıdır.

Deməli, Şəmsəddin Hacıyevin iddiasına görə, təhsil işçilərinin əmək haqlarının artırılması bu üç səbəbdən hər hansı birinin və ya bir neçəsinin yaranmasına təkan verə bilər.

Qısaca olaraq bu halların hər birinə ayrılıqda nəzər yetirək. Təhsil işçilərinin əmək haqlarının müəyyən qədər artırılması (məsələn, 20-30% və ya 2 dəfə!) yuxarıda qeyd etdiyimiz iki halın, yəni bazarda təklif edilən mal və xidmətlərin ümumi həcminə və pulun dövretmə sürətinə təsir göstərə bilməz. Bu halların hər ikisi təhsil işçilərinin əmək haqlarının həcmindən deyil, digər iqtisadi faktorlardan asılıdır. Azərbaycan bazarında təklif edilən mal və xidmətlərin əksər hissəsi daha çox xarici istehsalla əlaqəli olduğundan tələbin istənilən qədər artması təklifin də artması ilə müşayiət oluna bilər. Beləliklə, Azərbaycanın iqtisadi cəhətdən açıq olması və idxal üçün ciddi maneələrin olmaması bazarda təklifin tələblə uyğunlaşmasına təminat verir. Bazarda pulun dövriyyə sürəti də hər hansı sosial qrupun əmək haqqının həcmindən daha çox, əmək haqlarının verilmə zamanından asılı olur. Əgər əmək haqlarının artırılması onların verilmə tezliyinə təsir göstərməyəcəksə, başqa sözlə desək, əmək haqları artırılandan sonra da təhsil işçiləri ayda bir dəfə maaş alacaqlarsa,o zaman artım pulun dövriyyə sürətinə təsir göstərə bilməz.

Beləliklə, hörmətli iqtisadçı professor Ş. Hacıyevin inflyasiya narahatçılığı yalnız və yalnız dövriyyədə olan pul kütləsinin həcminin artması ilə bağlı ola bilər. Doğrudan da, təhsil işçilərinin əmək haqqının, məsələn, 20-30% və ya Ə. Mənsimovun iddia etdiyi kimi 800-1000 manata qədər, artırılması büdcəyə müəyyən qədər yeni pul kütləsinin cəlb edilməsi ilə reallaşarsa, inflyasiyadan qaçmaq mümkün olmaz. Belə ki Azərbaycan respublikasının 2014-cü il dövlət büdcəsində təhsilə ayrılan vəsait təqribən 1,7 milyard manat nəzərdə tutulub. Bura təhsillə bağlı bütün xərclər, o cümlədən ali, orta, orta ixtisas və texniki peşə məktəblərinin müəllimlərinin və digər işçilərinin əmək haqları daxildir. Elmi institutlara çəkilən xərclər isə daha da azdır, yəni təqribən 147 milyon manatdır. Təhsil Nazirliyinin məlumatlarına görə 2012-ci ildə təhsil sahəsində çalışanların orta əmək haqqı 283.4 manat olub. Qeyd edək ki, həmin ildə ölkə üzrə orta əmək haqqı 398,4 manat olub. Deməli, təhsil işçilərinin orta əmək haqqı ölkə üzrə orta əmək haqqından 1,4 dəfə az olub. Azərbaycan dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkədə 2012-ci ildə 349 min, 2013-cü ildə isə 366 min təhsil işçisi olub. Əlbəttə, bunların arasında qeyr-dövlət təhsil sahəsində çalışanlar da var. Lakin hər halda, bu rəqəmlər bizə təhsil sahəsində çalışanların maaşlarının ümumi həcmini hesablamağa müəyyən qədər imkan verir. Beləliklə, bu rəqəmin təqribən 1 milyard ətrafında olduğunu söyləyə bilərik.

Deməli, 366 min təhsil işçisinin əmək haqqının minimum 20-30% artırılması əlavə 200-300 milyon manat, maksimum 2-3 dəfə artırılması isə 2-3 milyard manatın bu sahəyə yönəldilməsi deməkdir. Əgər bu vəsait büdcəyə"iqtisadiyyatla əlaqəsi olmayan” əlavə pul kütləsi kimi daxil edilərsə, onda inflyasiya faizi uyğun olaraq 0,2%-dən 2% qədər ola bilər."İqtisadiyyatla əlaqəsi olmayan” əlavə pul kütləsi əlavə "pul çapından” ibarət olduğundan iqtisadiyyat üçün qorxulu hadisədir. Deməli, Ş. Hacıyev təhsil işçilərinin əmək haqlarının artırılmasının yeganə vasitəsi kimi büdcəyə"iqtisadiyyatla əlaqəsi olmayan” əlavə pul kütləsinin daxil edilməsini nəzərdə tutduğundan belə inflyasiya qorxusunu hiss edib.

Amma hörmətli professora tamamilə bəllidir ki, Azərbaycan iqtisadiyyatında təhsil işçilərinin və elm adamlarının əmək haqlarının artırılması üçün digər variantlar mövcuddur. Məsələn, büdcəyə kənardan heç bir əlavə pul kütləsinin daxil edilməməsi və büdcənin xərclər strukturunun dəyişdirilməsi yolu! Belə ki, 2014-cü il üçün nəzərdə tutulan büdcə xərclərində tikinti üçün 6 milyard manatdan çox vəsait nəzərdə tutulub. Azərbaycanda heç kəsə sirr deyil ki, bu vəsaitin böyük bir hissəsi məmurlar tərəfindən asanlıqla mənimsənilir. Bu vəsait həm də hakimiyyətlə xalq arasında iqtisadi antoqonizmi azaldan bir sahədir. Belə ki bu xərclərin sayəsində məmurlar xalqın birbaşa cibinə girmədən və iqtisadiyyatda antoqonizm yaratmadan gəlir mənbəyi əldə edir. Beləliklə, dövlət büdcəsində tikinti üçün nəzərdə tutulan vəsaitdən nəinki 200-300 milyon manat, hətta 2-3 milyard manat təhsil işçilərinin əmək haqqı üçün ayrılarsa, inflyasiya QƏTİYYƏN yaranmaz! Çünki bu halda büdcəyə əlavə pul kütləsi daxil olmur.

İnflyasiyanın yaranmaması şərti ilə təhsil işçilərinin əmək haqlarının artırılması yollarından biri də dövlət büdcəsinin"iqtisadiyyatla əlaqəsi olan” əlavə pul kütləsi ilə artırılmasıdır."İqtisadiyyatla əlaqəsi olan” əlavə pul kütləsi Azərbaycanın valyuta ehtiyatları ilə və ya Neft Fondunda saxlanan vəsaitlə bağlı olduğundan iqtisadiyyat üçün qorxulu hadisə deyil. Odur ki, bu yolla dövlət büdcəsinin xərclərini artırmaq mümkündür. Lakin bu halda əmək haqlarının artırılması tədricən reallaşmalıdır. Görünür Ə. Mənsimov təhsil işçilərinin əmək haqlarının 800-1000 manata qədər artırılmasının mümkünlüyünü deyəndə məhz bu variantı nəzərdə tutub. Təhsil işçilərinin əmək haqlarının hətta bu səviyyədə artırılması inflyasiya yarada bilməz, çünki iqtisadiyyata daxil olan əlavə pul kütləsi "iqtisadiyyatla əlaqəsi olan” vəsaitdir. Qısa zamanda bu vəsait bazarda mal və xidmətlərin həcmini də artırdığından inflyasiya yarada bilməz!

Xüsusi olaraq birlik.az saytı üçün

Mayis Güləliyev (birlik.az saytının köşə yazarı)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA