Siyavuş Novruzovdan icra başçılarına xəbərdarlıq

img

14-03-2014 [13:36]


Parlamentdə hökumətin hesabatı ətrafında müzakirələr davam edir. Deputat Mübariz Qurbanlı çıxışında iqtisadi inkişafdan bəhs etdi və deputatı olduğu Şəmkirdəki inkişafı da buna misal çəkdi.
Hadı Rəcəbli Azərbaycanın "intibah dövrünü yaşadığını” bildirdi. Deputat qaçqın və köçkünlərə ayrılan vəsaitin 637 milyon manata çatdırıldığını, 2013-cü ildə büdcədən sosial məsələlərə 36,6 faiz vəsait ayrıldığını xatırlatdı. H.Rəcəbli tibbi sığorta ilə bağlı qanunun icra olunmamasından danışdı: "1999-cu ildə tibbi sığorta ilə bağlı qanun qəbul olunub. Amma bu başıbəlalı qanun bu günə qədər işləmir. Bu qanunu biz qəbul etmişiksə və cənab prezidentin tapşırığı varsa, niyə o, icraya yönəldilmir? Kimə deyirsənsə, deyir çox ağır məsələdir. Hansı məsələ ağır deyildi? Məgər yol çəkmək, körpü çəkmək ağır deyildi?”
Deputat Siyavuş Novruzov çıxışında dedi ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, soruşur ki, sən mənzilini sığortalamısan, ya yox: ""Sahil” metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, ancaq heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzili tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığortası olsa, belə problem yaranmazdı”.
"Bu gün Azərbaycan hətta corab, maykanı da ya İran, ya da Çindən alır. Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin” -deyə, deputat bildirdi. S.Novruzov "havada qalan” – sənədsiz evlərdən də danışdı. Dedi ki, artıq bu məsələyə ciddi nəzarət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltməyə çağırdı: "Elə insan var 5-6 ildir ön cəbhədə xidmət göstərir, onun digərindən fərqi olmalıdır”.
S. Novruzov icra başçılarına da xəbərdarlıq etdi. Dedi ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyac yoxdur: "Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. Dövlətin vəsaitini havaya sovurmasınlar”. Deputat Maliyyə Nazirliyini bu kimi faktları nəzarət altına almağa çağırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA