Gələn il dünyaya gələcək hər bir körpəmiz xarici ölkəyə 720 dollar borcla doğulacaq

img

02-03-2014 [21:38]


Yanvar ayının 1-nə qədər Azərbaycan Respublikasının xarici dövlət borcu 4,753.2 milyon manat olub. Bu isə o deməkdir ki, hazırda hər bir Azərbaycan vətəndaşının təxminən 500 manatdan çox xarici borcu var.
Amma Maliyyə Nazirliyi məsələyə fərqli aspektdən yanaşır. Nazirlik hesab edir ki, Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.2 faiz təşkil edərək, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Belə ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub.
Ќazirlikdən verilən məlumata görə, kredit vəsaitlərinin 8.1 faizi 10 ilə qədər, 43,6 faizi 10 ildən 20 ilə qədər, 48.3 faizi isə 20 ildən artıq olan müddətə cəlb olunub.
01 yanvar 2014-cü il tarixinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi bu cür olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 11.7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə - 47.1 faiz, avro - 28.8 faiz, yapon yeni - 9.5 faiz, digər valyutalar üzrə isə 2.9 faiz, o cümlədən BƏƏ dirhəmi, İs-lam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı.
Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Banı, Avropa Yenidənqurma və İnkişaf Bankı, digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsait-lər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası, yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.
Məsələyə münasibət bildirən İqtisadi Təhlil İnstitutunun idarə heyətinin rəhbəri, iqtisadçı ekspert Məhəmməd Talıblı "Reytinq"ə deyib ki, əvvəlki illərə nisbətdə adambaşına düşən xarici borc daha az idi, indi isə daha çoxdur: "Bundan əlavə, neft gəlirlərimiz çoxalır, büdcə profisiti yüksəlir, amma bir tərəfdən də xarici borcumuz artır. Bunun özü paradoksdur. Eyni zamanda, digər ölkələrdə xarici borcun ÜDM-də payı azdır, bizdə isə 8,2 faizdir. Düzdür, bu təhlükəli hədd olmasa da, tendensiya ürəkaçan deyil".
Qeyd edək ki, Maliyyə Nazirliyinin sənədlərində Azərbaycanın irəlidə olduğu iddia edilir. Nazirlik bildirir ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub.
İqtisadçı ekspert isə iddia edir ki, ölkələrin xarici borclarının yüksəlməsi hər ölkədə bəzən özünəməxsus olur. Onun fikrincə, məhz bu nisbətə görə Azərbaycanın uğurlu pozisiyada olduğunu iddia eləmək olmaz: "Avropa ölkələrində vəziyyət bir neçə ölkə üzrə eynidir, amma bir neçə ölkə üzrə tam fərqlidir. Məsələn, bəzi Avropa ölkələrində - İtaliya, İspaniya, Portuqaliyada vəziyyət oxşardır. Yunanıstanın döv-lət borcu hazırda ÜDM-in 160, İtaliyada isə 120 faiz həddindədir. Hətta dünya iqtisadiyyatının ən böyük güc sahibi ABŞ-da bu rəqəm ÜDM-in 100 faizi səviyyəsindədir. Azərbaycanın xarici borcunun ildən-ilə artması son illərin narahatlıq doğuran məsələsinə çevrilib. Yəqin ki, illər üzrə dinamikanın irəliləməsi on-dan xəbər verir ki, xarici borcumuz elə-belə yaranmayıb".
Təhlil üçün illər üzrə vəziyyətə gəlincə, M.Talıblı bildirib ki, 2003-cü ildə xarici borc 1,5 milyard dollar, bu borcun ÜDM-də nisbət payı 20 faiz olub: "2010-cu ildə isə xarici borcun həcmi 3,9 milyard dollar, ÜDM--dəki nisbət payı 9,3 faiz təşkil edib. Xarici borcların ÜDM-də xüsusi çəkisinin azalması onun faktiki azal-ması anlamına gəlməməlidir. Əslində, bu, xarici borcun məbləğ olaraq artması və hədsiz böyüməsi anla-mına gəlir. Bunu isə Azərbaycan hökuməti etiraf eləmək istəmir.
Məlum olduğu kimi, əsas kreditorları kimi Dünya Bankı və Rusiya çıxış edir. Gürcüstanın xarici borcu isə 2011-ci ilin ortasına 4,206 milyard dollar səviyyəsində olub. Azərbaycanın isə 2011-ci ilin əvvəllərinin statistikasına görə, xarici borcu 4 512,6 milyon ABŞ dollar təşkil edib. 2012-ci ildə büdcədən maliyyələşəcək investisiya layihələrini də (1,47 milyard manat) əlavə etsək, borcun həcminin artmasını görərik. Heç bir təbii resursu olmayan Ermənistan və Gürcüstanın xarici borcu resurs üstünlüyü olan Azərbaycanın xarici borcundan xeyli azdır. Bu isə o deməkdir ki, gələn il dünyaya gələcək hər bir körpəmiz xarici ölkəyə 720 dollar borcla doğulacaq. Amma hökumət bu günə faktiki borcunun 632 dollar olduğunu bildirir. İlin so-nuna hər bir vətəndaşımızın borcu məhz adambaşına 720 dollar olacaq".
M.Talıblı onu da bildirib ki, bir neçə ildən sonra xarici borcun artması və ÜDM-də neftin dominant rolu azaldıqca xarici borcun dərinliyi daha çox özünü büruzə verəcək. Onun qənaətincə, bu trendin ciddi əyintilərinin şahidi olmamaq üçün hökumət sürətli (bahalı) xarici borc kursundan imtina etməlidir: "Azərbaycanda xarici borc problemi ona görə cəmiyyəti daha çox narahat etmir və ictimai diqqəti daha çox cəlb etmir ki, hələ indi ən yaxşı halda il ərzində büdcədən 200-300 milyon dollar kreditləri qaytarmaqla işimizi bitmiş hesab edirik. Təkcə 2012-ci ildə xarici borcların qaytarılmasına 235,9 milyon manat vəsait ayrılıb. Bunun 121,1 milyon manatı faiz ödənişlərinə, 114,8 milyon manat isə əsas borc vəsaitinin ödənişinin payına düşür. Bu zaman isə birbaşa vətəndaşın cibindən heç nə getmir. Amma bir neçə beş illiklər-dən sonra belə narahatlıqlar daha dərin izlər buraxacaq və ictimai diskomfort artacaq. Çünki ölkəmiz aldığı kreditləri əsasən 10-15 ildən sonra qaytarmağa başlayacaq. Bax, o zaman cəmiyyət onun ağırlığını hiss edəcək".
Sonda müsahibimiz xaricdən alınan borcun daha səmərəli sahələrə xərclənməsinin vacibliyini də vurğulayıb: "Bu kreditlərin səmərəsiz istiqamətlərə xərclənməməsi və korrupsiyanın "yeminə" çevrilməməsi üçün vəsaitlər real layihələrə sərf olunmalıdır. Amma heç bir dəyər qazandırmayan layihələrə belə kreditlərin sərfi və həmin kredit portfelinin il-ildən şişməsi ciddi narahatlıq yaradan məsələdir. Axı, biz heç bir iqtisadi gücü və təbii ehtiyatları olmayan Cənubi Qafqaz ölkələrindən çox kreditdən istifadə etməli deyilik. Statistika onu deyir ki, hazırda bu belədir". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA