İcra başçısının milyonluq tender fırıldaqları - Siyahı

img

04-02-2014 [15:59]


Şəkinin icra başçısı Elxan Usubovun adı yenidən gündəmə gəlib. Bir vaxtlar «Kurtlar Vadisi» həvəskarı kimi tanınan icra başçısının sonuncu dəfə adı Şəkidə bazarın yanması məsələsinə qarışıb.

Demokratiya.info xəbər verir ki, yeni ticarət mərkəzinin açılış mərasimi ərəfəsində köhnə bazarın yanması əsaslı şübhələr üçün zəmin yaradıb.

Qeyd edək ki, Usubov ölkənin ən varlı icra başçılarından biri sayılır. Uzun illərdir bu sistemdə çalışan sözügedən şəxsin «sənətinin» sirlərinə dərindən vaqif olduğu da şübhəsizdir. Elə buna görədir ki, onun dövlət büdcəsindən ayrılmış pullarla oynaması çox vaxt elə bir şəkildə həyata keçirilir ki, kimsənin xəbəri olmur.

Demokratiya.info-nun apardığı araşdırmalar zamanı isə Elxan Usubovun tenderlər vasitəsi ilə nə qədər pullar qazandığı aşkarlanıb. Həmin araşdırmalar zamanı məlum olub ki, icra başçısı təkcə dəftərxana ləvazimatı və təsərrüfat mallarının satın alınması üçün 32200 manat pul ayırtdırıb. Hərçənd bu qədər dəftərxana ləvazimatının İcra Hakimiyyətinə niyə lazım olduğunun sirrini bilən yoxdur.

Düzdür, Usubov sair xərclər üzrə satınalmalara da az pul ayırtdırmayıb. 13580 manatlıq «xərci» niyə çəkdiyini isə elə özü bilir. Şəki şəhər İcra Hakimiyyətinin idarə xərcləri də az deyilmiş. Məlum olub ki, "Səmər-M" MMC-nin əliylə həyata keçirilən proses üçün 27230 manat «sərf» olunub.

İcra başçısının avadanlığın satın alınması üçün də 20788 manat ayırdığı məlumdur. Amma rahatlığı və komfortu sevən Elxan Usubov yumşaq inventarın satın alınmasına daha çox pul sərf edib- 44000 manat.

Milyonların içində oynayan və onları öz şəxsi məqsədlərinə sərf etməkdən çəkinməyən Şəkinin icra başıçısının onları hansı yollarla əldə etdiyi isə kifayət qədər maraqlıdır. Məsələn, Elxan Usubov digər maşın və avadanlıqların satın alınması adı altında 108070 manatı, bərk inventarın satın alınması adı altında isə 54440 manatın aqibətini «qara günə» qoyub.

Bundan başqa, Şəki şəhər İcra Hakimiyyəti Qoxmuq kəndində yeni 840 ş/y tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinə də astronomik məbləğdə pul ayırtdırıb. "İmarət-İnşaat" MMC-yə həvalə edilmiş iş üçün 59236 manat sərf olunduğu sənədlərdə qeyd olunur.

Ət və ət məhsullarının satın alınması üçün 97672 manat xərcləyən icra başçısı, süd və süd məhsullarının satın alınmasına 47002,5 manat, ərzaq məhsullarının satın alınmasına 119925,5 manat, çörəyin satın alınmasına isə 20400 manat pul ayırtdırıb.

Şəkidə M.F.Axundov prospektinin şərq tərəfindəki yamacdan keçən yolda baş vermiş torpaq sürüşməsi ilə əlaqədar zonada yamacın gücləndirilməsi məqsəilə mühəndisi tədbirlərin layihələndirilməsi işlərinin satın alınması 36863,45 manata başa gəlib. Şəkidə abadlıq, yolların və mənzil fondunun əsaslı təmir işlərinə ayrılmış 414661 manatın aqibətini isə bilən yoxdur. Çünki Şəkidə hər şey göz qabağındadır.

Bundan başqa, Elxan Usubov Şəkidə yolların əsaslı təmir işlərinə ayrılmıq 791490 manatı da həzmi rabedən keçirməyə nail olub. Mənzil fondunun əsaslı təmir işlərinin satın alınması işləri isə 284897 manata başa gəlib ki, bunun da hansı səviyyədə həyata keçdiyini şəkililər yaxşı bilirlər


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA