Sumqayıtda özünü yandırmaq istəyən sahibkar: “Mən niyə 1200 manat verməliyəm?” - YENİLƏNİB

img

30-01-2014 [18:31]


"Cavid” Ticarət Mərkəzində kiçik bizneslə məşğul olan Taleh Nəbiyev "Xeberle.com” saytına zəng vuraraq bildirdi ki, artıq məsələ müsbət istiqamətdə öz həllini tapıb. Mərkəz rəhbərliyi onunla görüşərək yaranan anlaşılmazlığa aydınlıq gətirib.

***************************************************************************

17:05

Sumqayıtda yerləşən "Cavid” Ticarət Mərkəzində ticarətlə məşğul olan Taleh adlı şəxs özünü yandırmaq istəyir. Bu barədə birlik.az saytının əməkdaşı Facebook sosial şəbəkəsində status paylaşıb. Statusu olduğu kimi təqdim edirik: "İndicə Sumqayıtda el arasında "Zamanın univermağı” adlanan ticarət mərkəzindən birlik.az saytına Taleh adlı şəxs zəng edib deyir ki, buranın rəhbərliyi məni bezdirib, özümü yandıracam. Sahibkarı güclə sakitləşdirmişik. Mən Vüsal Hətəmov ona bildirdim, ki qardaş bu cinayətdir, yandırsan da cinayətdir, yandırmasan da şantajdır. Və telefonu hirsimdən söndürdüm. Amma bilmirəm necə olacaq. "

Həmin şəxsin özü ilə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməyə çalışdıq. 35 yaşlı III qrup Qarabağ əlili Taleh Nəbiyev əvvəl danışmaq istəməsə də sonradan onu razı sala bildik. T. Nəbiyev bildirdi ki, "Cavid” Ticarət Mərkəzində kiçik bir piştaxtanı icarəyə götürüb və ayda 200 manat icarə pulu ödəyir. Corab satışı ilə məşğul olduğunu deyən Taleh ticarət mərkəızinin rəhbərliyi ilə 1 illik icarə müqaviləsi bağladığını və hər ayın 1-də icarə haqqını ödədiyini dedi: "2015-ci ilin yanvarına kimi müqavilə bağlanıb. Və hər ayın 1-də əvvəlcədən icarə haqqını ödəyirəm. Fevralın 1-də ödəniş etməliyəm”.

T. Nəbiyev yaranan problemlə bağlı dedi ki, ticarət mərkəzinin rəhbəri Tural müəllim ona bildirib ki, 200 manat birdəfəlik ödəniş etməlidir: " Mənə bildirdilər ki, 200 manat ödəniş etməliyəm. Bilmirəm ki, mən pulu niyə verməliyəm. Və bu ödənişə görə də heç bir sənəd verilmir. Bildirdim ki, mən əlil adamam və hardan verməliyəm 200 manatı? Ailəmi güclə dolandırıram”.

Sahibkar dəfələrlə ticarət mərkəzinin rəhbərliyinin qəbulunda olduğunu və probleminin həll olunmadığını bildirdi. Taleh onu da söylədi ki, üstəlik onu 200 manat ödəmədiyinə görə 1000 manat da cərimə ediblər: "Mən bütün bunları qeyri-qanuni hesab edirəm. Üstəlik 200 manatı vermədiyimə görə məni 1000 manat da cərimələyiblər. Hansı əsasla? Müqavilədə əlavə heç bir ödəniş göstərilməyib. Bilmirəm dərdimi kimə deyim. Məni özümü yandırmaq həddinə gətirib çıxarıblar. Mən icarə haqqını ödəməkdən boyun qaçırmıram. Amma mən nəyə görə əlavə olaraq 1200 manat ödəməliyəm? Harda yazılıb bu?”

Sahibkar onu da bildirdi ki, ticarət mərkəzinin direktoru Tural əlilliyi ilə bağlı onu təhqir edib : " Mənim əlimdə 3 barmağım yoxdur. Bir dəfə burdan keçirdi, mənə dedi ki, Taleh barmaqların üşümür? Mən də dedim yox, niyə soruşurdunuz? Qayıdıb mənə dedi ki, barmaqlarını hər yerə soxma”

T. Nəbiyev fevralın 1-də 1200 manat ödəməyəcəyi təqdirdə yerini itirəcəyini də sözlərinə əlavə etdi.

Qeyd edək ki, "Cavid ” Ticarət Mərkəzi Zaman İsgəndərovun oğlu Nizami İsgəndərova məxsusdur. Onun sahibkarları incitməsi ilə bağlı mətbuatda dəfələrlə yazılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA