Hafiz Paşayev – 80 - ADA Universitetinin prorektoru yazır
29-04-2021 [13:33]
Fariz İsmayılzadə,
ADA Universiteti İcraçı prorektor
***
Hafiz Paşayev 1941-ci il may ayının 2-də Bakıda doğulmuşdur. Onun bu il tamama yetən 80 illik yubileyi təntənə ilə qeyd olunmağa layiq dəyərli hadisədir.
Çox xoşbəxtəm ki, ölkəmiz milli müstəqilliyini bərpa etdiyi gündən etibarən təhsil sahəsində ən böyük layihələrdən biri olan ADA Universitetinin inkişafında onunla yaxından işləmək fürsətim olmuşdur. Bu yolda qismətimdə Hafiz müəllimlə yoldaşlıq şansı olduğundan xeyli xatirələrim var və bunlardan bəzilərini oxucularla bölüşmək mənim üçün xüsusi bir şərəfdir.
Yolumuz Vaşinqtondan başladı. Səfir Paşayevlə ilk dəfə 1996-cı ildə Klinton Administrasiyasının ABŞ Konqresi ilə büdcə məsələlərinə dair fikir ayrılığı səbəbindən hökumətin fəaliyyətini dayandırdığı bir vaxtda - şaxtalı bir yanvar günündə tanış oldum. Hafiz müəllim o zaman Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri idi və səfirliyimizdə bir qrup azərbaycanlı tələbə ilə görüşməyə lütfkarlıqla razılıq vermişdi.
Azərbaycanın bu super güc ölkəsində ilk səfiri ilə görüşmək, ölkəmizin ön diplomatik cəbhəsində yer alan Səfirliyimizi görmək istədik. Səfir Paşayev özünün gərgin iş cədvəlinə baxmayaq biz gənclər üçün vaxt ayırdı. Görüşümüzün sonunda işlərimizlə, planlarımızla maraqlandı. Əlbətdə, çox təsirləndik, ona çox minnətdar idik. Bizə amerikalılarla münasibətlərimizdə Azərbaycanı tanıtmağa və Vətənə necə kömək edə biləcəyimizə dair məsləhətlərini verdi. Həmin gün Gürcüstanın səfiri Tedo Caparidzenin də onunla görüşə gəldiyini gördüm. O zaman heç bilməzdim ki, bu iki şəxsiyyət bölgəmizin strateji mahiyyətini dəyişdirəcək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə dair həssas və mürəkkəb danışıqlar aparırmış. Bundan əlavə, onu da çox yaxşı xatırlayıram ki, səfirliyin hər işçisi təcili diplomatik vəzifələrin icrası ilə necə məsul bir atmosferdə son dərəcə ciddiyyətlə çalışırdı.
Səfir Paşayevi ikinci dəfə 1999-cu ildə səfirliyə təcrübəçi kimi işləməyə gəldiyimdə gördüm. Səfirlik tarixində ilk təcrübəçi idim və Hafiz müəllim mənə o gündən etibarən çiyinlərimə inanılmaz dərəcədə böyük bir məsuliyyətin düşdüyünü söylədi. "Yaxşı işləsən, yaxşı nümunə olsan, işimizə daha çox təcrübəçi cəlb edərəm" dedi. Keçdiyimiz təcrübə Vaşinqtonun isti və rütubətli yay fəslinə təsadüf edirdi və bu da həyatımın ən dəyərli yaylarından biri oldu. Səfir Paşayev hamımıza, səfirliyin komanda
üzvlərinə medianın monitorinqi və icmalı daxil olmaqla bir sıra vacib tapşırıqları yerinə yetirmək, mühüm iclas və konfranslarda iştirak etmək, beyin mərkəzləri, media qurumları və universitetlərin nümayəndələri ilə müzakirələr aparmaq səlahiyyətini verdi. O günlər səfirlik qızğın fəaliyyətinə görə arı pətəyinə bənzəyirdi.
O zaman çalışdığım komanda üzvləri sırasından gələcəkdə Azərbaycanın müxtəlif ölkələrində fəaliyyət göstərən altı səfirinin yetişməsi indi heç də təəccüblü görünmür. Onlar bizim diplomatlarımızın ən güclü kadrlarına çevrildilər. Sözsüz ki, Hafiz müəllimin yetirmələrinə peşəkarlıqla verdiyi diplomatik təlim onun şəxsi təşəbbüsü ilə Azərbaycan Diplomatik Akademiyasının (hazırda ADA Universiteti) əsasının qoyulmasından daha əvvəl başlamışdı. Təəccüblü deyil ki, indi o, Xarici İşlər Nazirliyində ölkənin diplomatik xidmətinin ağsaqqalı qəbul edilir.
Səfir Paşayev Amerikada bizi tez-tez bir yerə toplayır, mütəmadi olaraq hesabatlarımızı dinləyir, bizə rəy və məsləhətlərini verirdi. Görüşlərimiz vəzifələrimizə dair qızğın müzakirələrlə keçər, sonda isə o, öz qərarlarını və təlimatlarını ifadə edərdi. Müzakirələrdəki ayrıntılara, eləcə də onun hər birimizə böyük diqqəti və qayğısı unudulmazdır. O, rəsmi səlahiyyət sahibi kimi ciddi olduğu qədər də mehriban və qayğıkeş idi. Ən gərgin məsələlərin müzakirəsində belə əsəbiləşdiyini görmədim. Amma çiyinlərində hansı strateji məsuliyyət yükünün olduğunu da yaxşı bilirdik.
Təmsil etdiyi ölkəmiz ciddi problemlərlə üz-üzə idi: Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, qaçqın və məcburi köçkün axını. Bunlar hamı kimi onun da ürəyini dağlamışdı. İki onillik sonra, 2021-ci ilin fevralında səfir Paşayevlə işğaldan azad Qarabağa səfərimiz zamanı onun gözlərinə baxdım. Sevinc dolu gözləri xoşbəxtliklə, şükranlıqla parlayırdı. O da mənim onu gördüyümü gördü, ikimiz də duyğularımızı gözlərimizdən oxuduq: Vaşinqtonda keçirdiyimiz bütün o çətin günlər, hətta bəzən səbr tükədən anlar, demək, nəticəsiz qalmadı. Səbrimiz, planlaşdırma və fədakarlığımız bəhrəli oldu. Ayaq üstə qürurla durmağına yardımçı olduğu ölkə yenidən bütövləşdi. Bir millətin ümidləri doğruldu! Xəyallar gerçəkləşdi!
Amerikanın Azərbaycan hökumətinə yardımını haqsız qadağan edən – “Azadlığa Dəstək Aktı”nın (1992-ci ilin yayında qəbul edilmiş) məlum 907-ci maddəsinin ləğvi üçün ABŞ Konqresində qaldırılan məsələnin müzakirəsində səsvermənin gedişatını izləyirdik. Bu, təcrübəmin xüsusi bir mərhələsi kimi bioqrafiyamda yer alır. Vaxtilə nüfuzlu erməni lobbisi tərəfindən irəli sürülmüş və səfir Paşayevin Vaşinqtona gəlməsindən, vəzifəsini icra etməyə başlamasından daha əvvəl qəbul edilmiş qanunu ləğv etmək səylərinə senator Sam Braunbek (“R-KS”) rəhbərlik edirdi. Səfirimizin səyləri sayəsində, o, ABŞ-Azərbaycan strateji münasibətlərinin tərəfdarı oldu və 907-ci maddəni ləğv etmək cəhdlərinə rəhbərlik etdi. Səfirlikdə hamı bir nəfər kimi ABŞ qanunvericilərini buna inandırmaq üçün gecə-gündüz çalışırdı. Yadımdadır, işçilərimizin hər biri veriləcək səslərin proqnozlaşdırılması üçün hər adın yanına “+” və ya “-“ işarəsi qoyaraq senatorların və nümayəndələrin adlarından ibarət uzun siyahı tuturdu. Başımızın da üstündə səfir Paşayev... Vəziyyət gərgin idisə də, biz nikbin və enerjili idik. Uğura çox
yaxın idik - qazanılan nəticə yalnız 25 səs sayı fərqi ilə əldə edilmişdi (ABŞ Konqresinin cəmi 435 üzvü arasından).
Təcrübə müddətim bitmişdi. Səfir Paşayev mənə zaman ayıraraq ulu öndər Heydər Əliyevin 1997-ci ildə ABŞ-a 11 günlük ilk rəsmi dövlət səfərinə hazırlıq işləri barədə danışırdı. O, bu səfərin bir çox təfərrüatını mənimlə bölüşdü, yeni nailiyyətlərdən, eyni zamanda, belə bir miqyasda mühüm tədbirin təşkilinə dair həyata keçirilmiş xeyli maddi-texniki və protokol işlərindən bəhs etdi.
Amerikada səfir Paşayevin həyat yoldaşı Dr. Rəna Paşayevanı da yaxından tanımaq fürsətini qazandım. Xeyirxah, mülayim bir insan, həyat yoldaşına tarixi missiyasında daim dəstəkçi olan, eləcə də bütün azərbaycanlı gənc diplomat və tələbələrə ana kimi qayğıkeş Rəna xanımı.
2001-ci ildə Sent - Luisdəki Vaşinqton Universitetində magistr tələbəsi idim. Səfir Paşayev, o zaman gürcü və özbək həmkarları ilə birlikdə mühazirə oxumaq, onların şərəfinə təşkil olunan tədbirlərdə iştirak üçün universitet şəhərciyinə gəlmişdi. O zaman sərgilədiyi məğrurluğun, ləyaqətli davranışlarının, səylə çalışmasının, fədakarlığının bir daha şahidi oldum.
İnsanlara qarşı səmimiliyi, açıqsözlülüyü, vətəndaş cəmiyyəti nümayəndələrinə, elm cameəsində çalışanlara, jurnalistlərə qarşı nəcib münasibəti onu ölkəmizin ən yaxşı səfirlərindən biri etmişdi. İnsanlar ona etimad bəsləyir və bu etimadları da Azərbaycana münasibəti yaxşı mənada dəyişirdi. Xatırlayıram ki, Vaşinqtonda bir neçə mötəbər beyin mərkəzində çalışan mütəxəssislər məhz səfir Paşayevlə şəxsi əlaqələrinə görə tədricən Azərbaycana rəğbətlərini açıq ifadə etməyə başladılar. Onların arasında senatorlar, akademiklər, media nümayəndələri və Zbiqnev Bjezinski kimi Amerika geostrategiyasının böyük ustadı da var idi.
Səfir Paşayev 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını qurmaq üçün Bakıya qayıdanda yollarımız yenidən kəsişdi. O, məni bu yeni təhsil müəssisəsində işləməyə dəvət etdi. Başlanğıcda nə bina vardı, nə müəllim və işçi heyəti, nə də büdcə. Bütün bunların ərsəyə gəlməsində onun dahiyanə uzaqgörənliyi, böyük arzuları öz işini gördü. ADA öz fəaliyyətinə diplomatlar üçün mütəxəssis hazırlığı akademiyası kimi başladı. Əlbəttə, Azərbaycanın bu günü və gələcəyi ilə bağlı arzuları tükənməyən rektor Paşayev ADA-nın rolunu yalnız diplomatik təlimlə məhdudlaşdıra bilməzdi. O, çox doğru olaraq ADA-nın gələcəyini Bakının mərkəzində yerləşən yeni, mükəmməlliyə, təcrübəyə əsaslanan, dünyaya açıq təhsil ekosisteminin milli avanqardı olaraq gördü. O, ADA-nı millətimizi və siyasi rəhbərliyimizi qürurlandıracaq dünya səviyyəli bir universitetə çevirmək istədi. Onun elmi və diplomatik təcrübəsi bu mühüm işdə öz həlledici rolunu oynadı.
Azərbaycan Diplomatik Akademiyası gənc diplomat kadrlar üçün təlim platformasından tədricən tamhüquqlu bir Universitetə çevrildi. Bu gün ADA Universitetində 4 müxtəlif istiqamət üzrə 16 fərqli ixtisasda 45 ölkədən ümumilikdə 3000 tələbə təhsil alır. Biz 100 beynəlxalq tərəfdaş universitet və 100 yerli korporativ əməkdaş şirkətdən ibarət geniş bir şəbəkə qurmuşuq. Bu günümüzün məzunları artıq
islahat və yeniliklərin katalizatoruna, eləcə də dəyişiklik və inkişaf üçün lokomotivə çevrilən bir brendin - ADA Universitetinin tələbələri olmağa can atırlar.
Bəs ADA-nın uğur sirri nədədir? Rektor Paşayevin misilsiz liderlik üslubunu nə təşkil edir?
Öncə onun səmimiliyi və dürüstlüyü!
Rektor Paşayev Universitetdə elə bir şəffaflıq və hesabatlılıq sistemi qurmuşdur ki, burada hər işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar və daha çox şey, sözsüz ki, səfir Paşayevin xarakterini əks etdirən bənzərsiz liderlik xüsusiyyətlərindəndir. İnsanlar onunla özlərini güvənli və dəyərli hiss edirlər. O, özünü aktiv və dinamik fərdlərlə əhatə edir, tabeliyində olan şəxslərin layihələrini uğur hekayələrinə çevirmələrinə yardımını əsirgəmir.
Rektor Paşayev ixtisasca fizik olaraq detallara qarşı çox diqqətlidir. Onun ADA Universitetində rəsmi məktubları 15 dəfəyə qədər yoxlaması və düzəliş etməsi kimi çoxlu əhvalat və xatirə var. O, kampusdakı hər çiçəyə, kola, hətta hər bir mebel hissəsinə xüsusi diqqət yetirir. Hər kəs – bağbanlar və təmizlik işçiləri də rektorumuzdan lazımi diqqət və qayğı görür.
Rektor Paşayevin təvazökarlığı və sadəliyi!
Onun tələbə və işçilərlə bərabər nahar etməsini indi hamı adi bir davranış tərzi kimi qarşılayır. Onlarla danışmağı, uğurlarını və qayğılarını dinləməyi xoşlayır. O, əlçatan olmağı sevir. ADA Universitetində “Açıq qapı” siyasətini israrla tətbiq edən məhz cənab Hafiz Paşayevdir. Onun bu siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli tövhə verir. O, səbirlidir, müsahiblərini anlayışla dinləyir. Emosional reaksiya verməkdən çəkinir, hər zaman zəiflərin yanında olur. Xüsusilə o hallarda ki, söhbət tələbələrin problem və narahatlıqlarından gedir!
Rektor Paşayev həqiqi bir alim kimi tədqiqat və təlimin əsl dəyərini yaxşı bilir. Bizim Universitetdə prioritetlərdən biri peşəkarlığın inkişafının təşviqinə vəsait ayrılmasıdır. Məsələn, ADA müəllim heyətinin imkanlarının artırılması naminə həm fərdi tədqiqatlar, həm də beynəlxalq potensial inkişaf proqramları və təlimlər həyata keçirilir. Tədqiqat işlərinə əksər hallarda özü rəhbərlik edir. Azərbaycan Xalq Cümhuriyyətinə dair materiallar da daxil olmaqla, unudulan arxivlər və əlyazmaları onun əlində yeni həyat qazanır.
Nəhayət, onun gələcəyə baxışı və dünyagörüşünü qeyd edərdim. Rektor Paşayev hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. İşlər durğunlaşanda narahatlıq keçirir. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Ən çətin vəziyyətlərdə belə ümidini itirmir, həmişə məğrur və qətiyyətlidir. O, bu mübarək yaşında da millətinə, ölkəsinə məsuliyyətli xidmət missiyasını uğurla davam etdirir.
Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider. Bunlar Hafiz müəllimi ən yaxşı səciyyələndirən sözlərdir.
Bəzən elə bilirlər ki, Hafiz müəllim kimi insanlara, daha çox keçmişin sanballı şəxsiyyətləri qəbildən olanlara indi çətin rast gəlmək olar. Günümüzün qloballaşan, təlatümlü dünyasında rektor Paşayev min illərin dəyərlərini öz şəxsində və amalında yaşadan bir İnsandır! O, uzaqgörənliyi, tükənməz enerjisi ilə çoxumuzdan daha gəncdir.
Onun həyata keçirmək istədiyi çoxsaylı yeni planları olduğunu bilirəm. Qarabağ Beynəlxalq Forumu, İtalya-Azərbaycan Universiteti, Lütfi Zadə tədqiqat mərkəzi, texnoparklar, ağıllı kənd layihələri və daha nələr! Bütün bu arzu və planlarının gerçəkləşməsi naminə biz rektor Paşayevə möhkəm cansağlığı və güc-qüvvət arzulayırıq!
Həyatımı tanışlığımızın ilk illərindən etibarən ADA-nın 15 ili də daxil bu günlərədək tarixi bir şəxsiyyətlə – qalib və müstəqil Azərbaycanın möhtəşəm bir siması ilə bölüşmək mənim üçün şərəfdir!
MİA.AZ
Fatih Terimin Super Liqada çıxış edən klub alır
Rəmişin həyat yoldaşı restorandan çıxarılıb? - Açıqlama
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
Elza Seyidcahan: “Yazdığım şeirlərdən biri artıq dərsliyi düşüb" - DİM-dən reaksiya
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
"Carlsberg Azerbaijan" şirkətinə cərimə kəsilib
Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar verib
Partiya funksionerləri tutulub
Rusiya-Ukrayna müharibəsi: yeni faza və gözləntilər... - TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rəsmi Ankara Qəzzada 88 nəfərin ölümü ilə bağlı bəyanat yayıb
DAHA İKİ QURUM LƏĞV OLUNUB - Sərəncam
Pakistanda sərnişin mikroavtobuslar silahlı hücum olub - 28 nəfər ölüb, yaralılar var
Azərbaycan Pakistanda başsağlığı verdi: "Bu dəhşətli hücumla..."
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - FOTOLAR
Türkiyənin ən böyük 5 gölündən biri quruyur - "1600 il əvvəlin tarixi abidəsi üzə çıxıb"
5 bloger haqqında həbs tələbi var - SƏBƏB
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
Nazir oğlu istintaqda: "Onun özünün və qardaşının adına ABŞ-da mülklər almasından qətiyyən xəbərim olmayıb”
Ceyhun Bayramovla Misirin naziri arasında telefon danışığı olub
Xaçmazda ağır qəza: bir nəfər ölüb, 3 nəfər xəsarət alıb
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
BMT Baş katibi Bakıda: "Fikir ayrılıqları qalır və..."
"Fənərbağça"dan döyülərək qovulan futbolçuya məşhur klub "elçi" düşüb: "Danışıqlar başlayıb"
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
"AccessBank"da əmanətlər niyə qorunmur?
Yaşayış və minimum maaş nə qədər artırılacaq? - Məbləğlər açıqlandı
Ukrayna MN: "Rusiya qitələrarası ballistik raketlərlə elektrik xətlərini sıradan çıxarıb, Kiyev işıqsız qalıb" - Biri Həştərxandan atılıb
Pakistanda terror hücumları artıb - Daha 55 hərbçi öldürülüb
Aparıcı Vüsalə Əlizadə: "Elə qapalı qadınlar var ki, etdiklərini görəndə, dünya başıma fırlanır!"
Putin əmr verdi - Rusiya "mobil nüvə sığınacaqları" tikir (FOTOLAR)
Müğənni Kəmalə Günəşli "dollar yağışı"na tutulub - VİDEO
Zaxarova: "COP29 beynəlxalq arenada Bakının nüfuzunu artıracaq"
“Eurohome” tikinti bazarının sahibinin bacısı oğlu ilə qalmaqal yaşayan iş adamı problemlə üzləşib
Sabahın hava proqnozu açıqlandı
Türk müğənni ilə İkardi sevgilidir? - "Dəlisən?"
Sahil Babayev: "3 milyon insanın pensiyası artırlacaq"
Müğənni Aysel Əlizadə yeni pozada - FOTOLAR
PKK/KCK-nın daha bir məsul üzvü zərərsizləşdirilib - İraqda
Nazirlər Kabineti hava sərhədimizin pozulması ilə bağlı mühüm qərar verdi - Nələr olacaq?
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar... - Hökumət təsdiqlədi
Azərbaycan nefti bahalaşdı
Rayonlar üzrə pensiya ödənişi niyə gecikir? - Açıqlama
İlqar Əfəndiyev vəzifəsindən azad edilib - Nazirdən əmr