Gediş haqlarının bahalaşması ilə bağlı xəbərdarlıq gəldi

img

08-01-2014 [12:41]



Bayram günlərində paytaxtdan rayonlara üz tutan vətəndaşların sərnişin nəqliyyatından istifadə ilə bağlı problemlərlə üzləşməsi barədə məlumat vermişdik. Sözügedən xəbərdə bildirilirdi ki, bölgələrdəki avtovağzallarda sərnişinlərə biletlər bir neçə gün əvvəlkindən 2,5-3 manat baha qiymətə təklif olunub.

Sərnişinlərin sözlərinə görə, dekabrın 30-da Bakı Avtovağzalındakı kassadan Bakı-Qax marşrutuna rəsmi qiyməti 6 manat 43 qəpiyə olan bileti 7 manat 50 qəpiyə alsalar da, tətili başa vurub paytaxta dönərkən qayıdış haqqı olaraq 10 AZN ödəməli olublar. Mənbənin sözlərinə görə, rayon avtovağzalındakı çoxsaylı sərnişinlərin qəfil qiymət artımına etirazı da heç nəyi dəyişməyib. Sürücülər bunu sərnişin sıxlığı və yanacağın baha olması ilə "əsaslandırıblar”. Xəbər saytlarından biri isə Bakı Beynəlxalq Avtovağzalında araşdırma aparıb və vəziyyətin fəlakətli olduğunu bir daha ictimaiyyətə çatdırıb. Xəbərdə deyilir ki, gediş haqlarında qanunsuz qiymət artımı daha çox Mərkəzi Aran rayonları istiqamətində hərəkət edən avtobuslarda müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, Bakı-Sabirabad, Bakı-İmişli, Bakı-Füzuli istiqaməti üzrə hərəkət edən avtobuslarda qiymətlər 0.5-1 manat aralığında artırılıb. Bakı-Sabirabad avtobusunun sərnişini Cəfərin sözlərinə görə, süni qiymət artımı qeyd etdiyimiz istiqamət üzrə hərəkət edən avtobusda intensiv olaraq gah artırılır, gah da əvvəlki halına yəni 3,5 manata salınır. İmişli, Füzuli, Beyləqan istiqaməti üzr hərəkət edən avrobusların da sərnişinləri eyni problemləri yaşayıblar. Məlumata görə, yanacağın qiymətinin artmasından sonra köhnə şərtlərlə işləməyin mümkün olmadığını deyən sürücülərin etirazını səngitmək üçün Nəqliyyat Nazirliyi gizli şəkildə marşrut haqlarının qaldırılmasına razılıq verib. İddialara görə, bir müddət sonra Taarif Şurası qiymət artımını rəsmiləşdirəcək, sadəcə indiki halda əhalini yeni qiymətlərə öyrətmək istəyirlər.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə "Musavat.com”-a bildirdi ki, qiymət artımı ilə bağlı rəsmi hər hansı göstəriş olmayıb: "Bununla bağlı Avtovağzalın xüsusi qiymət komissiyası var, belə məsələləri onlar araşdırır. Əgər sərnişinlərdə belə faktlar varsa, birbaşa ora müraciət edə bilərlər. Hansısa sürücü özbaşınalıq edibsə, komissiya tədbir görəcək. Biz həmişə demişik ki, Avtovağzal yalnız avtovağzaldan bilet alan sərnişinlər üçün məsuliyyət daşıyır. Hansı sərnişin avtobus sürücüsünə pul ödəyirsə, artıq günah sərnişinlərin özündədir. Kassadan bilet alınmalıdır. Kənarda kim möhtəkirliklə məşğul olursa, bu məsələni araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Amma söhbət avtovağzalda qiymət artımından gedirsə, onda bəli, biz bun aməsuliyyət daşıyırıq və o halda ciddi tədbirlər görürük. Həmişə sərnişinlərə müraciət olunur ki, kənardan heç kəsdən artıq qiymətə bilet almasınlar. Şəhər daxilindəki marşrutda da belə hallar olmuşdu, amma bununla bağlı sahibkarlara birbaşa göstəriş verildi və belə hallar aradan qaldırıldı. Dəfələrlə deyilib və bir daha bəyan edirik ki, Tarif Şurasının qərarı olmadam heç kimin qiyməti artırmağa ixtiyarı yoxdur. Kimsə subyektiv maraqları çərçivəsində belə bir addım atıbsa, təbii ki, öz cəzasını alacaq”. N.Həsənov gediş haqlarının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət edilmədiyini bildirdi: "Yaxın vaxtlarda belə müraciət gözlənilmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA