İlin ilk günündən neft hasilatının tədricən artdığı qeydə alınan Liviyadan daxil olan xəbərlər fonunda neftin dünya qiymətləri azalmağa başlayıb. Bu xəbəri RBC saytı yayıb.
Nyu-Yorkda yanvarın 2-də keçirilən hərracın nəticələrinə görə, müddətli mal birjasında WTI (Light Sweet) neftinin 1 barelinin rəsmi qiyməti 2,98 dollar azalaraq, 95,44 dollara enib. ISE Futures Europe" elektron mal birjasında isə neftin qiyməti 3,02 dollar azalaraq, 107,78 dollara düşüb.
Liviyanın "National Oil Corp.” şirkətinin mətbuat katibi bildirib ki, istirahət günlərində iki neft yatağı hasilatını bərpa edib. Bir müddət əvvəl Liviyada neft yataqlarında və neft terminallarında etirazlar bazara xammal neft tədarükünün məhdudlaşmasına gətirib çıxarmışdı.
2013-cü ilin noyabrında Liviyanın neft istehsalı gündə 350 min barel təşkil edib, ayın sonuna doğru gündəlik 1,4 milyon barel istehsal üçün potensial imkan olduğu halda, hasilat 250 min barelə qədər enmişdi.
"Qara qızıl”ın qiymətinin azalmasına Kuşinge anbarında (Oklahoma ştatı) xammal neft ehtiyatının kəskin şəkildə artması mövzusundakı spekulyasiyalar da təsir edib. Bu barədə xəbəri BBC yayıb.
Analitiklər 2013-cü ildə çıxarılan neft ehtiyatlarının həddən artıq çox olması problemini qeyd edirdilər. Çünki indi dünya bazarına bir neçə mənbədən əlavə neft daxil olmağa başlayıb. Birincisi, ABŞ-İran anlaşması fonunda İran dünya bazarlarına neft göndərməyə başlayıb. İkincisi, Liviyada üsyançıların neft terminallarının mühasirəsinə son qoyulub və hasilat bərpa edilir. Üçüncüsü, Suriyada vəziyyət dinc yolla tənzimlənir və terrorçuların nəzarətində olan neft rayonlarına nəzarət bərpa edilir. Bu amillər "qara qızıl”ın qiymətinin necə olacağını proqnozlaşdırmağı belə çətinləşdirir.
İran və Liviyanın dünya bazarına çıxışı qiymətlərin avtomatik olaraq ucuzlaşmasını stimullaşdırır. Dünya neft ehtiyatlarının həcminə görə İran dördüncü (ehtiyatların həcmi 150 milyard 600 milyon barel qiymətləndirilir), Liviya isə onuncu yerdədir (47 milyard barel). Bu iki neft nəhənginin dünya bazarına çıxışının təmin edilməsi təklifin artmasına və qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağı şübhəsizdir. Ancaq neftin hansı həddə qədər ucuzlaşacağına proqnoz vermək mümkün deyil. Bununla belə, analitiklər belə hesab edir ki, ilin ikinci yarısında neftin qiyməti 2013-cü ilin dekabrındakı səviyyə ilə müqayisədə azı 15 faiz ucuzlaşacaq.
Azərbaycan nefti "Brent” markası altında satılır. 2013-cü ilin sonunda hasilat azalıb və gündəlik 830 min barelə enib. Sentyabrda isə gündəlik hasilat 912,7 min barel idi. İndi Azərbaycan nefti dünya bazarında 1 bareli 106 dollara satılır. 2014-cü ilin dövlət büdcəsində isə neftin 1 barelinin qiyməti 100 dollardan götürülüb.
Deməli, Azərbaycan iqtisadiyyatı çox ciddi təhlükələr astanasındadır. Bir tərəfdən hasilat azalmağa doğru gedir və neftdən asılı olan büdcə bundan milyonlarla manat itirir. O biri tərəfdənsə, qiymət ucuzlaşarsa, xam neft satışı hesabına formalaşan (büdcədə neft sektorunun payı 68 faizdir) büdcə sözün həqiqi mənasında çökə bilər. Əgər ilin birinci yarısında hökumətin üzünü ağ edən "qara qızıl” 15 faiz ucuzlaşarsa, bu o deməkdir ki, Azərbaycan nefti 89 dollara enəcək. Bu isə büdcədə nəzərdə tutulan baza qiymətindən 11 dollar azdır.
Bu il Azərbaycanda 41 milyon barel neft hasilatı nəzərdə tutulur. Bunu 7 milyon bareli daxili tələbatın ödənilməsinə yönələcək. Qalan 34 milyon barelin isə ixracı nəzərdə tutulur. Orta hesabla ilin birinci yarısında 17 milyon barel neft ixracı nəzərdə tutulur. Əgər qiymət ilkin proqnozlaşdırıldığı kimi 15 faiz ucuzlaşsa və "Brent” markası 89 dollara satılsa, onda büdcə gəlirləri 190 milyon dollara yaxın azalacaq. Nəzərə alsaq ki, bu büdcə kəsiri 1 milyard 679 milyon manat həddində proqnozlaşdırılır, bunun büdcə üçün nə demək olduğunu xüsusi izah etməyə ehtiyac qalmır. Qiymət ucuzlaşarsa, dövlət büdcəsinin kəsiri 2 milyarda manata bilər. Özü də neftin 15 faiz ucuzlaşması nikbin proqnozlara əsaslanır. Pessimist müşahidəçilər İran və Liviyanın xam neft satışı bazarında mövqeyini gücləndirdikdən sonra qiymətlərin daha çox ucuzlaşacağını düşünürlər.
Ancaq məsələ bununla da bitmir. Bu il 41 milyon barelin hasil edilməsi sadəcə nəzərdə tutulur. Yəni bu həcmdə neft çıxarılmaya da bilər. Hasilatın azalması davam edir və bp-nin səylərinə və hökumətin hədələrinə baxmayaraq nəinki hasilatı artırmaq, heç sabit saxlamaq da mümkün olmayıb. Əgər hasilat azalmaqda davam edəcəksə, hökumət həm həcmdə, həm də qiymətdə uduzacaq. Bu halda hökumət büdcəni doldurmaq üçün əlavə mənbələr axtarmalı olacaq. Hökumət hələ ki, bir alternativdən istifadə edir - qiymətlərin artırmaqla itkiləri kompensasiya etmək. Ancaq neftin qiymətinin ucuzlaşması və hasilatın azalması fonunda itkiləri yalnız qiymət artımları ilə qarşılamaq mümkün olmayacaq. Qiymət artımları sonsuzluğa qədər davam edə bilməz. Ona görə də hökumət qiymət artımları əvəzinə şaxəli iqtisadiyyata keçid haqqında düşünsə yaxşı olar.
musavat.com