Milli Məclis qərar verdi, vergidən azad olundular

img

27-12-2013 [20:57]




Milli Məclis bu gün keçirilən iclasında yeni qanun qəbul edib.

Mia.az "Media forum”-a istinadən xəbər verir ki, qanunla körpələr evləri, körpələr evi-uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə mənfəət vergisi və sadələşdirilmiş vergini ödəməkdən azaddır.

Layihəni təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ölkədə 1-5 yaşlı uşaqların yalnız 15 faizi bağçaya gedir, çünki bağça çatışmazlığı var: "Bu dəyişiklik özəl şirkətləri bağça tikməyə həvəsləndirəcək. Hazırda ölkədə 40 özəl bağça var. Sahibkarları bu sahəyə sərmayə qoymağa çağırıram”.

Müzakirələr zamanı deputat Aytən Mustafayeva bağçalarda vəziyyətin həddən artıq pis olduğunu deyib: "İstilik bərbad vəziyyətdədir. Mən Nəsimi rayonundakı bağçaların birində isti üst geyimi ilə bir saat otura bilmədim, soyuqdan dondum. Bu məsələyə ciddi nəzarət etmək lazımdır”.

Deputat Siyavuş Novruzov da uşaq bağçalarında vəziyyətdən narahatlığını bildirib. O deyib ki, rayonlarda uşaq bağçaları anlayışı ortadan çıxır: "Amma təhsil qanununa görə, uşaqlar orta məktəbə bağçadan gəlməlidir”.

Deputat özəl bağçaların çox baha olduğunu da vurğulayıb: "Bağçalara elə qiymət qoyublar ki, ailənin bütün üzvləri işləsə belə, uşağını bağçaya qoymaq üçün yetərli deyil. Elə bağçalar var ki, qiymət 700 manat, 1000 manatdır. Amma nəzərdə tutulan güzəştlər həmin özəl bağçalara da şamil olunur. Əgər bu güzəştlər kimlərinsə cibinin doldurulmasına xidmət edirsə və bundan sonra qiymətlər enməyəcəksə, onda bu dəyişikliyin elə bir mənası yoxdur”.

Parlament sədri Oqtay Əsədov deputatın sözlərinə belə reaksiya verib: "Gəlin bağçalara dəstək verək və sonra onlardan qiymətləri endirməyi tələb edək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA