Dövlət büdcəsinin talan statistikası

img

23-12-2013 [13:10]


2006-cı ildə Azərbaycana axan böyük neft dollarları ölkə iqtisadiyyatının şaxəli inkişafına təkan vermədi. Neft dollarının ölkəyə sürətli axınından 9 il ötsə də, ölkə büdcəsində neftin payı 70, ixracatda isə 90 faizi ötür. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı neftin girovluğundan hələ də qurtula bilməyib. Bəs neft pullara hara və necə axıb ki, heç bir səmərəsi yoxdur? 

2006-cı ildən başlayaraq dövlət büdcəsinin investisiyalar bölümünün analizi acınacaqlı mənzərəni ortaya qoyur. 15 milyard manata yaxın büdcə vəsaiti büdcənin əsas donorları arasında bölüşdürülüb. Söhbət yüksək rentabelli dövlət müəssisələrindən gedir. O dövlət müəssisələrindən ki, öz gəlirləri hesabına sərmayə qoymaq imkanları yetərincədir.
Nə qədər təəccüblü görünsə də, dövlət büdcəsindən ən çox pay alan büdcənin əsas donoru olan Dövlət Neft Şirkətidir. Gürcüstandan tutmuş Balkanlaradək, Türkiyədən tutmuş Yunanıstana qədər yatırımlar qoyan, hətta Tbilisidə təmənnasız stadion tikən ARDNŞ dövlət büdcəsindən 970 milyon manat və yaxud 1,2 milyard dollar investisiya piroqu əldə edib. 

Büdcənin əsas donorlarından olan "Azərbaycan Hava Yolları” QSC-yə yatırılan sərmayələrin mənbəyi şirkətin daxili resursları yox, dövlət büdcəsidir. Nazirlər Kabinetinin məlumatına görə, 2005-ci ildən indiyə kimi dövlət büdcəsinin investisiya proqramı çərçivəsində QSC-yə düz 900 milyon 157 min manat (1 milyard  154 milyon dollar) sərmayə yatırılıb. Bu şirkətin sərnişin daşınma tarifi  xarici həmkarları ilə müqayisədə xeyli yüksəkdir. Ancaq bazarda təbii inhisarçı olan dövlət şirkəti ziyanla işlədiyini iddia edir və dövlət büdcəsindən pay qoparır.

Eyni sözləri büdcənin əsas donorlarından olan "Azərbaycan Dəmir Yolları” QSC haqında da demək olar. Dövlət İnvestisiya Proqramı çərçivəsində QSC-yə 642 milyon 159 min manat və ya 823 milyon dollar sərmayə yatırılıb. Bu qədər dövlət sərmayəsinə baxmayaraq infrastruktur, texnika bərbad durumdadır, vaqon-elektrovoz parkını yeniləmək istiqamətində heç bir iş görülməyib. Xaricdən alınan vaqon və elektrovozlar isə istismar müddətini başa vurmuş "metallom”luq texnikadır.


Büdcənin əsas donorlarından olan "Azərenerji” ASC də bu baxımdan istisna deyil. Elektrik enerjisinin təbii inhisarçı olan "Azərenerji” 2006-cı ildən üzü bəri dövlət büdcəsindən 1 milyard 419 milyon manat və ya 1 milyard 820 milyon dollar investisiya alıb. Ancaq ölkənin bütün ərazisinin fasiləsiz elektrik enerji ilə təchizatı yenə də arzu olaraq qalır. 

Paytaxtın enerji təchizatına cavabdeh olan "Bakıelektrikşəbəkə” ASC 588 milyon manat və ya 750 milyon dollar dövlət investisiyasını udub. Ancaq Bakının enerji təchizatında heç bir yeniləşmə baş verməyib. O da maraqlıdır ki, "Bakıelektrikşəbəkə”yə xeyli vəsait ayrılsa da, regional elektrik şəbəkələrinə 1 qəpik də ayrılmayıb. Deməli, bu sektorda dövlət investisiyaları olmadan da keçinmək mümkündür.  


Büdcədən daha çox pay alanlar sırasında "Azərsu” ASC önəmli yerlərdən  birini tutur. ASC büdcədən son 8 ildə 2 milyard 28 milyon manat və ya 2 milyard 600 milyon manat pay götürə bilib. Ancaq əhalinin içməli su ilə təchizatında dəyişiklik yoxdur.

Adı 2010-cu ilin Kür daşqınlarında çəkilən və sonra yenidən gündəmdən yoxa çıxan Meliorasiya və Su Təsərrüfatı ASC 2006-cı ildən bu günə kimi 1 milyard 189 milyon manat və ya 1 milyard 500 milyon dollar qopara bilib. Ancaq elə Kür daşqınları göstərdi ki, ASC-yə yatırılan pullar birbaşa çaya axıdılır.

2006-cı ildən bu günə kimi Nəqliyyat Nazirliyinə 7 milyard 98 milyon manat və ya 9 milyard dollar ayrılıb. Ancaq Azərbaycanda yol infrastrukturunun yeniləşməsi başa çatmayıb. Yolların bərbad durumu gündəmin əsas mövzularından biri olaraq qalır.
Rəqəmlərin analizi belə deməyə əsas verir ki, nəhəng müəssisələr büdcəyə ödədiyi vergilərin əhəmiyyətli kəsimini sonradan "investisiya” adı ilə geri alıb onu korrupsiya yeminə çevirirlər.

Nəhayət, ən acınacaqlısı da budur ki, büdcədən pay qoparan yüksək rentabelli bu nəhəng dövlət müəssisələri  büdcə öhdəliklərini də ödəmir. 

 "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna görə, 9 iri vergi ödəyicisinin dövlət büdcəsinə borcu 1,5 milyard manata yaxındır. Məsələn, ARDNŞ ixrac edilən məhsulların topdansatış və ixrac qiymətləri arasındakı fərqdən büdcəyə ödənişlər üzrə öhdəliklərini yerinə yetirmir. Bu mənbə üzrə büdcə gəliri proqnozu 406,4 milyon manat nəzərdə tutulub. Hesablama Palatasının rəyində qeyd olunur ki, Vergilər Nazirliyi bu mənbə üzrə 424,9 milyon manat vergi hesablayıb. Lakin buna baxmayaraq ARDNŞ bu vergi növü üzrə cəmi 197,7 milyon manat ödəniş edib və öhdəliklərini yerinə yetirməyib. Bu isə proqnozun 48,5 faizi, hesablanmış vergilərin isə 46,5 faizi deməkdir. Böyük ehtimalla bu pullar korrupsiya yeminə çevrilib.

2012-ci ildə 6 iri dövlət vergi ödəyicisi (Rabitə Nazirliyinin müəssisələri, Azərenerji ASC, Dövlət Dəmir Yolları QSC, Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Hava Yolları QSCvə Azərsu ASC) dövlət büdcəsinə 210,5 milyon manat vergi ödəyiblər ki, bu da əvvəlki illə müqayisədə 3,2 milyon manat və ya 1,5 faiz azdır. Azalmaya əsas səbəb Dövlət Dəmir Yolları QSC üzrə vergi ödənişlərinin 64,6 faiz azalmasıdır. Bu şirkət 2012-ci ildə dövlət büdcəsinə cəmi 9,9 milyon manat vergi ödəyib. Ümumiyyətlə isə son 5 il ərzində şirkətin vergi ödənişləri ilbəil azalıb. Son 5 ildə vergi ödənişlərinin azalma tendensiyası Dövlət Dəmir Yolları QSC ilə yanaşı, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Hava Yolları QSC-yə də aiddir. Son 5 il ərzində Dəniz Gəmiçiliyinin dövlət büdcəsinə ödədiyi vergilərin həcmi 77,1 faiz, AZAL DK-nın ödədiyi vergilər isə 27,9 faiz azalıb. Ümumilikdə son 5 il ərzində 6 iri dövlət vergi ödəyicisinin dövlət büdcəsinə ödədiyi vergilər 940,5 milyon manat olduğu halda, bu şirkətlər dövlət büdcəsindən 2,2 milyard manat investisiya yatırımları alıblar. Dövlət sektorunda olan şirkətlərin büdcəyə borcları 2012-ci ildə 13,2 faiz azalıb, ancaq bu, dövlət şirkətlərinin vergi borclarının ödəməyə başlaması nəticəsində baş verməyib. ARDNŞ, "Azərenerji” SC, AZAL DK və "Azərsu” SC-nin borcları Nazirlər Kabinetinin borcların silinməsi ilə bağlı qərarları sayəsində azaldılıb. Göründüyü kimi, burada söhbət fantastik, hətta İtaliyanın dünyaca məşhur Siciliya mafiyasını belə təəccübləndirəcək korrupsiya layihələrindən gedir. Dövlət müəssisəsinin gəlirləri artır, ancaq vergi ödəmələri azalır, dövlət büdcəsi hesabına bu müəssisələrə milyardlar yatırılır, vergi ödəmələri yenə azalır, dövlət müəssislərinin nəhəng vergi borcları yaranır, ancaq Nazirlər Kabineti borcların ödənilməsini təmin etmək əvəzinə, borcların silinməsi ilə bağlı qərar qəbul edilir. Bunun analoqu doğurdan da yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA