Şeyxin deputat qudasına şok ittiham - Mənimsəmə

img

17-12-2013 [11:26]


"POSAT” bağ-tikinti kooperativinin 28 üzvü Milli Məclisinin sədri Oktay Əsədova və baş prokuror Zakir Qaralova müraciət edib.

Müraciətlərinin surətini redaksiyamıza kooperativ sədri Yadulla Kərimov təqdim edib. Müraciət müəllifləri yazır:

"Xahiş edirik ki, öz əməlləri ilə Milli Məclisin adına ləkə vuran deputat Qalib Salahzadə və onunla birlikdə qanunsuzluğa, saxtakarlığa yol vermiş Əmlak Məsələləri Dövlət Komitəsinin Baş Dövlət Reyestr Xidmətinin Bakı səhər ərazi idarəsinin rəhbərləri barədə araşdırma aparılsın (əgər mümkünsə bizim iştirakımızla) və bu faktlara qanunvericilikdə nəzərdə tutulmuş hüquqi qiymət verilsin. Biz ömür boyu Azərbaycana xidmət etmiş 28 nəfər təqaüdçü deputat Qalib Salahzadə və Dövlət Əmlak Məsələləri Komitəsi tərəfindən bağ-tikinti kooperativimizə məxsus torpaq səhəsinin oğurlanması faktını və bunun üçun onların necə inanılmaz saxtakarlığa əl atdıqlarını ictimayyətə çatdırmaq istəyirik. Yəqin ki, Dövlət Əmlak Komitəsinın fəaliyyəti barədə əlavə məlumat vermək lazımsızdır. Çünki bu ”fəaliyyəti" hər bir Azərbaycan vətəndaşı öz üzərində azı bir dəfə hiss edib. Lakin bizə qarşı bu təşkilat tərəfindən həyasızcasına törədilmiş qanunsuzluq yəqin ki, xusisi yerlərdən birini tuta bilər.

Əhvalatın qısa tarixcəsi belədir: 28 nəfər üzvü olan "POSAT” bağ-tikinti kooperativi Bilgəh qəsəbəsində kooperativə məxsus 4 hektar torpaq sahəsinə "Çıxarış” (kupça) verilməsi üçün bütün tələb olunan sənədlər, o cümlədən Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən verilmış "Kadastr Planı” hələ 2012-cı ildə Dövlət Əmlak Məsələləri Komitəsinin Baş Reestr Xidmətnin Baki ərazi İdarəsinə (xalq arasında BTİ kimi tanınır) təhvil verilib. Keçən dövr ərzində bu təşkilatın məmurları, o cümlədən rəhbərləri bizim nümayəndələrlə görüşlərdə kooperativin sənədlərinin tam qaydada olduğunu etiraf ediblər. Ancaq məsələnin müsbət həllinin yuxarılardan asılı olduğunu deyiblər. Eyni zamanda bu təşkilat müxtəlif süründürməçiliklə məsələni həll etməyib, biz məhkəmələrə müraciət edəndə isə bizə qarşı çıxıb. Və nahayət, işin növbəti məhkəmədə baxıldığı vaxt, 2 oktyabr 2013 tarixdə bizə məxsus 4 hektar və əlavə olaraq qonşu 1,3 hektar (cəmi 5,3 hektar ) torpaq sahəsi, Bilgəhdə özünü tam ağa hiss edən və müvafiq olaraq özünü aparan deputat Qalb Salahzadənın bir neçə il əvvəl ölmüş nənəsi Camalova Kubra Mir Əbdül Hüseyn qızının adına həyətyanı torpaq sahəsi kimi özəlləşdirilib. Rəhmətə getmiş qadının adına RX 0272020№li "Çıxarış”verilib. Qeyd edirik ki, bu "Çıxarış” heç bir qanuni əsası, o cümlədən tələb olunan əsəs sənədlərdən biri - Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin "Kadastr Planı” olmadan, həyatda olmayan insanın adına verildiyinə görə tam qanunsuzdur və saxtadır".

Müraciət müəllifləri baş verən qanunsuzluqla bağlı müraciətlərinin araşdırılmamış qaldığını qeyd edirlər: "Bu qanunsuzluqla bağlı aidiyyəti dövlət qurumlarına bir neçə şikayət ərizəsi göndərmişik. Lakin məmurlar tam laqeydliklə bizim məktublarımızı Əmlak Komitəsinə göndəriblər. Axı bu necə ola bilər? Ömür boyu ölkəyə xidmət etmiş və indi təqaüddə olan 28 nəfərin hərəsinə bir neçə sot torpaq rəva bilinmədiyi halda, hasısa harınlamış, adını ”Hacı" qoyaraq camaatın torpağını mənimsəyən deputat Qalib Salahzadəyə 5,3 hektar(530 sot !!!) "hədiyyə” edilib. Çox maraqlıdır, görəsən, hansı xidmətlərə görə və hansı şərtlərlə?! Bəlkə onun Şeyx Allahşükür Paşazadənin qudası olduğuna görə, ya da başqa "özəl” xusisiyyətlərinə görə? Üstəlik, biz həmin torpaq sahələri üçün o dövrdə 8-15 min rubl arası pul da ödəmişdik. Qeyd edirik ki, bizim həmin torpaq sahəsinə iddiamızın qanunluğunu təsdiq edən bütün sənədlərimiz var və bütün instansiyalara təqdim etməyə hazırıq. Tələb edirik ki, qarşı tərəf -Dövlət Əmək Komitəsi və deputat Qalib Salahzadə, 2 oktyabr 2013 tarixində Camalova Kubra Mirəbdül Hüseyn qızının adına verilmiş RX 0272020№-li "Çıxarış”ı əsaslandıran sənədləri təqdim etsinlər. Ekspertlərin bu sənədləri yoxlamaları nəticəsində bizim haqsız olmağımız aşkarlansa, biz üzr istəməyə, başqa məsuliyyət daşımağa hazırıq".
musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA