İcra başçısının tender oyunu - Korrupsiya

img

12-12-2013 [12:18]


Abşeron İcra Hakimiyyətinə hər il ərzaq məhsullarının alınması üçün yüz minlərlə manat pul ayrılırmış. İcra başçısı Zakir Fərəcovun göstərişinə əsasən həyata keçirilən bu prosesdən hər il xeyli büdcə pulu silinir. 

Maraqlıdır ki, ümumiyyətlə, icra nümayəndələrinin əliylə bu qədər ərzağın alınması hansı məqsəd daşıyır? Əgər alınan ərzaq qaçqın ailələrinə verilməsi üçündürsə, bu hər hansı bir İcra Hakimiyyətinin vəzifəsi deyil. Bu «Qaçqınkom»un səlahiyyətindədir. Kasıb ailələrə yardım göstərilməsi niyyəti güdürsə, o zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə işə yarayır? Qarabağ qazilərinə yardım məqsədi güdübsə, bu qədər ərzaqla bütöv bir ordu saxlamaq olar.

JAM.AZ-ın araşdırmaları zamanı üzə çıxan məqamlardan biri də İcra Nümayəndələrinin əliylə ərzaq alınmasının eyni şirkətlər vasitəsi ilə həyata keçirilməsidir. İlkin olaraq, bu ərzaqların hansı kəndlər üçün alındığı və nə qədər pul sərf edildiyi barədə məlumat verək.

-Abşeron İcra Hakimiyyəti Pereşkül Qobustan kənd İcra Nümayəndəliyi ərzaq məhsullarının alınması məqsədi ilə «Mətin 2013» MMC şirkətinə 11028 manat pul ayrılıb.

- Fatmayi kənd İcra Nümayəndəliyi ərzaq məhsullarının alınması üçün «Mətin 2013» MMC-yə 16542 manat;

- Digah qəsəbəsi İcra Nümayəndəliyinə ərzaq məhsullarının alınması məqsədi ilə «Mətin 2013» MMC-yə 16542 manat;

- Hökməli qəsəbə İcra Nümayəndəliyi ərzaq məhsullarının alınması üçün «Mətin 2013» MMC-yə 11028 manat;

-Məhəmmədi kənd İcra Nümayəndəliyinə ərzaq məhsullarının alınması üçün «Mətin 2013» MMC-yə 16542 manat;

- Masazır qəsəbə İcra Nümayəndəliyinə ərzağın alınması üçün «Mətin 2013» MMC-yə 16542 manat;

- Mehdiabad qəsədə İcra Nümayəndəliyi «Sünbül 2013» MMC-yə 22056 manatlıq ərzağın alınması sifariş edilib;

- Novxanı İcra Nümayəndəliyinə «Sünbül 2013» MMC-yə ərzağın alınması üçün 35840 manat xərcləyib;

- Ceyranbatan qəsəbə İcra Nümayəndəliyi «Əli Kommersiya» MMC vasitəsi ilə 48247 manatlıq ərzaq alıb.

-Goradil kənd İcra Nümayəndəliyinə ərzaq məhsullarının alınması məqsədi ilə «Əli Kommersiya» MMC-yə 5514 manat;


Burada şübhə doğuran əsas amillərdən biri tenderlərin qaliblərinin eyni şirkətlər təşkil etməsidir. Bəzi məlumatlara görə, «Mətin 2013» MMC və «Sünbül 2013» MMC şirkətləri Abşeronun icra başçısı Zakir Fərəcova məxsusdur. Yaxın qohumları tərəfindən idarə edilən bu şirkətlər vasitəsi ilə rayonlarda bir çox işlərin də həyata keçirildiyi bildirilir.

İkinci şübhəli məqam isə əhalinin sayının fərqli olmasına rəğmən, ayrı-ayrı kənd və qəsəbələrin bir çoxuna eyni məbləğdə ərzaqpulu ayrılmasıdır. Məsələn, Fatmayi və Məhəmmədi kənd, Digah və Masazır qəsəbələrinə eyni məbləğdə pul ayrılıb.

Qeyd edək ki, bütün İcra Hakimiyyətlərində həyata keçirilən ərzaq alınması oyunu isə birmənalı olaraq korrupsiyadan başqa bir şey deyil. Daha doğrusu, hər bir icra başçısının əlavə gəlir mənbəyi kimi sayılan sahələrdən biri də bu hesab edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA