Qubad İbadoğlu Avropa Birliyi-Gömrük İttifaqı barədə referendum keçirilməsini təklif edir

img

07-12-2013 [17:19]


Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Azərbaycanın strateji seçimi: Avropa Birliyi, yoxsa Gömrük İttifaqı" adlı debat-müzakirə keçirilib.

Hərəkatın mətbuat xidmətindən daxil olan məlumata görə, tədbirdə iqtisadçı-ekspert Qubad İbadoğlu və "New Baku Post" qəzetinin baş redaktoru Tofiq Abbasov mühazirəçi kimi iştirak ediblər.
Q.İbadoğlu çıxışında Azərbaycanın strateji seçimini Avropa Birliyindən yana etməli olduğunu bildirib. O deyib ki, azad iqtisadi bazar və demokratik dəyərlər baxımından Avropa Azərbaycan üçün Rusiyadan daha əlverişli məkandır.
İqtisadçının sözlərinə görə, Azərbaycanın Avropa Birliyi, yoxsa Gömrük İttifaqından hansını seçməli olduğunu Azərbaycan xalqı özü müəyyənləşdirməlidir. O bildirib ki, bunun üçün referendum keçirmək və xalqın hansı birliyi istədiyini öyrənmək olar.
T.Abbasov isə çıxışında qeyd edib ki, Azərbaycan Avropa Birliyi və Gömrük İttifaqı arasında konkret seçim etməyə məcbur deyil və bu ii birliklə eyni zamanda əməkdaşlıq etmək, ikisinə də eyni məsafədə dayanmaq ən əlverişli yoldur.
Baş redaktor deyib ki, Rusiya Azərbaycanın Gömrük İttifaqına qoşulması üçün təzyiq göstərir, ancaq eyni zamanda Avropa Birliyi də Azərbaycana bu tipli təzyiq edir.
T.Abbasov bildirib ki, Azərbaycan özünün iqtisadi asılılığını aradan qaldırmalı və bu iki birliyin etdiyi təzyiqlərə müqavimət göstərməyi bacarmalıdır.
Çıxışlardan sonra tədbir iştirakçıları qonaqlara suallar ünvanlayıblar. Gənclər suallarında Avropa Birliyi və Gömrük İttifaqının Azərbaycana hansı iqtisadi üstünlüklər vəd etdiyini, həmçinin, bu birliklərdən birini seçdikdə ölkəyə ediləcək təzyiqlərin hansı forma və səviyyədə olacağını soruşublar.
T.Abbasov və Q.İbadoğlu müdafiə etdikləri fikirləri arqumentləşdirməyə çalışıblar.
Tədbirdə 150-dən çox qonaq iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA