Bakıda 600 min sürücüyə və 122 min piyadaya protokol yazılıb

img

28-11-2013 [16:10]


Bakı həhər Dövlət Yol Polisi İdarəsi, Jurnalistika və İnkişaf Mərkəzi və «Digesta» Hüquq Firmasının təşkilatçılığı ilə Bakı Dövlət Sosial İqtisad Kollecinin müəllim və tələbə kollektivi ilə görüşü keçirildi. Görüşün keçirilməsində məqsəd yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə dair təbliğat işlərinin aparılması, yol qəza hadisələri, onların təhlili və aradan qaldırılması yollarının müzakirəsi, eləcə də mövcud vəziyyət və şəraitlə əlaqədar sualların cavablandırılması idi. Tədbirdə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov, «Jurnalistika və İnkişaf Mərkəzi»nin sədri Elməddin Muradlı, «Digesta» Hüquq Firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov və digərləri iştirak edərək mövzu ilə bağlı fikirlərini açıqlayıblar. Tədbirdə Bakı şəhər DYPİ-nin və APA TV-nin birgə layihəsi olan Ümumdünya yol qəza qurbanlarının anım gününə həsr olunmuş film də nümayiş olunub. Vaqif Əsədov bildirib ki, bu il yanvarın 1-dən bu günədək Bakı şəhəri ərazisində 122 mindən çox piyadaya inzibati protokol yazılsa da, hələ də piyadaların keçidlərdən istifadəsi sahəsində problem var. Ötən il bu rəqəm 70 min olub. Bundan əlavə, ötən il ümumi yol qəzalarının 52 faizi piyadavurmalarla bağlı idisə, bu il bu rəqəm 35 faizə düşüb. Ölkə üzrə qeydə alınan yol qəzalarının 30 faizi paytaxt Bakının payına düşür. Onun sözlərinə görə, qeyd olunan müddət ərzində sürücülərə qarşı tətbiq olunan protokolların sayı 600 mini keçib: «Amma elə sürücülər var ki, il ərzində 4-5 dəfə qayda pozuntusu törədərək məsuliyyətə cəlb olunurlar. Bu gün Azərbaycanda 1 milyon 200 min avtomobil qeydiyyatdadır. Onun da 62 faizi paytaxtın payına düşür ki, bu da istər-istəməz tıxacların yaranmasına səbəb olur. Yol polisi bu problemlə bağlı intensiv tədbirlər görür. Bu sadə vətəndaşlarla yanaşı, elə bizi də narahat edən problemdir. Çünki biz də o yollardan istifadə edirik, biz də tıxaca düşürük». Vaşif Əsədov bildirib ki, yol mədəniyyətinin hələ də aşağı səviyyədə olması müəyyən problemlərə gətirib çıxarır: «Ona görə bu sahədə mövcud olan problemləri birlikdə həll etməliyik. Hər birimizin üzərinə bir iş düşür, o da qayda-qanuna əməl etməkdən ibarətdir». Tədbirdə çıxış edən APA TV-nin «Qoşa xətt» verilişinin aparıcısı, Jurnalistika və İnkişaf Mərkəzinin sədri Elməddin Muradlı bildirib ki, hər il yol qəzalarında 1000-dən artıq insanın həlak olması faicədir. Bundan çıxış yolu kimi aidiyyatı qurumlarla yanaşı, vətəndaşların da üzərinə iş düşür: «Bu da qaydaları öyrənməkdən və əməl etməkdən ibarətdir. Biz burada tələbələrlə görüşürük. Statistikaya nəzər salsaq görərik ki, qayda pozduğu üçün cərimə olunan tələbələrin sayı az deyil. Tələbələr bu qaydaları daha dəqiq bilməli və əməl etməlidirlər». Hüqüqşünas Ərşad Hüseynov isə yol hərəkəti qaydalarındakı çatışmazlıqlardan və bu sahədə mövcud problemlərdən danışaraq bildirib ki, il ərzində dünyada 1 milyon 300 min insanın həlak olması ciddi siqnaldır və inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bunun qarşısının alınması yolları tapılmalı və ciddi tədbirlər görülməlidir. Sonda müəllim və tələbələrin sualları cavablandırılıb. Piyada qismində qayda pozan tələbələrin cərimələnməsi əvəzinə xəbərdarlıq olunması təklifi səslənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA