"Bu müharibə Ermənistanın dağılmasına, Rusiyanın isə parçalanmasına gətirib çıxara bilər"

img

16-11-2020 [10:45]


ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru, dosent,

e-mail: atif.islamzade@mail.ru

***

Qorxu yaratmaq məqsədyönlü təbliğatdır.

Necə ki, uşaqlara “Səsini kəs, yoxsa xoxan gəlib səni aparar” deyirdilər. Uşaq üçün onu apara biləcək xoxan qeyri-adi qüvvə idi. İndi də süni şəkildə cəmiyyətdə rus xofu, rus vahiməsi yaratmağa cəhd edənlər var. Sanki rus məğlubedilməzdir, rus toxunulmazdır. Ona toxunan olarsa, hamının başı bəla çəkər. Bu təbliğatı Rusiyada da, Azərbaycanda da yaratmağa cəhd edənlər var. Ancaq onu unudurlar ki, Rusiyanın içində belə bir ovuc çeçen Rusiya ilə 12 il savaşıb (1994-1996, 1999-2009). Xüsusilə I Çeçen savaşından Rusiya demək olar ki, məğlub çıxıb. Dinc əhalini bombalamağı çıxsaq, bütün böyük arsenalına baxmayaraq Rusiya hərbi qüvvə etibarilə 4000, Çeçenistan isə 3000 itki ilə müharibədən çıxıb.

Rusiya əfqanlar ilə döyüşünü 10 il aparıb (1979-1989) və nəticədə heç bir qələbə əldə edə bilmədən Əfqanıstan ərazisini tərk edib. Mühakimə yürütmək olar ki, Rusiya ilə müharibədə Əfqanıstanın arxasında ABŞ var idi və sovet ordusu buna görə geri çəkildi. O zaman onu da nəzərə almaq lazımdır ki, bizim də arxamızda Türkiyə kimi Nato ölkələri arasında ABŞ-dan sonra ikinci böyük dövlət olan Türkiyə var. Özü də o ABŞ kimi arxa planda durmur, ön planda durur və açıq şəkildə bəyan edir ki, biz bu savaşın aktiv tərəfiyik. Belə bir situasiyada saxta rus vahiməsi yaratmağa ehtiyac varmı?

Rusiyanın məcburi şəkildə Qarabağa daxil olması məlumdur ki, yaxşı hadisələrin olacağından xəbər vermir. Ancaq bu o demək deyil ki, biz buna görə ruhdan düşməliyik. Bizim Şuşanı dünya hərb tarixinə düşəcək şəkildə ala bilən əfsanəvi qəhrəmanlarımız Rusiya ilə savaşmaqda heç də çeçenlərdən geri qalmayacaqlar. Elə Rusiya da bunun fərqindədir. Bu baxımdan Rusiyanın

məqsədi aydındır. Birincisi, Azərbaycan xalqının qələbə ovqatını dəyişmək, onu udduğu halda uduzmağa məhkum etmək və bədbinləşdirmək, ikincisi isə Türkiyənin bölgədə əsas güc olmasının qarşısını almaq. Əgər bu iki məsələ uğurlu şəkildə aparıla bilərsə, ərazilərin yenidən işğalına, erməni dostlarına pay edilməsinə heç bir əngəl qalmaz. Ancaq bu mümkündürmü? Xeyr, mümkün deyil.

Rusiya I Qarabağ savaşında buna ona görə nail ola bildi ki, biz SSRİ-nin daxilində olan bir Respublika kimi Rusiyaya tabe idik. Heç bir dövlət bu baxımdan bizə kömək etmək üçün hüquqi faktor yarada bilməzdi. O zaman əslində Rusiya bizi silahsızlaşdırdı və qarşılığında erməniləri silahlandırdı. Özü də ermənilərə qoşulub üzərimizə gəldi. Ən azından Xocalıda 366-cı motoalayının qətliam və soyqırım həyata keçirməsi burada Rusiyanın birbaşa iştirakını arqumentləşdirir. Ümumiyyətlə Rusiyanın çar dövründə də, sovet dönəmində də ərazilərimizə basqınları və işğalları məlumdur. Təəssüf ki, Rusiya dəyişməz olaraq qalır. Çarları prezidentlərin əvəz etməsi heç nəyi dəyişmir. Ancaq indi biz bir millət olaraq savaş psixikasını mənimsəmiş və ən müasir silahlarla döyüş bacarığına nail olmuşuq. Bizim Vətən torpağından ötrü canını verən qəhrəman oğullarımız var. Bu baxımdan Rusiya özünü əvvəlki kimi apararsa, qarşısında daha böyük güc görəcək. Eyni zamanda əvvəlki dövrlərdə Rusiyaya meylli bir cəmiyyət mövcud idi. İndi isə o cəmiyyət yoxdur. Dünya inteqrasiyasını mənimsəyən Azərbaycanda bu gün Türkiyə birmənalı söz sahibidir. Türkiyəyə böyük sevgi və sayğı vardır. II Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan cəmiyyəti Azərbaycan və Türkiyə bayraqları ilə süslənib yumruq kimi düşmənə qarşı birləşə bilir. Hələ Pakistan dövlətini demirik. Bir sözlə Azərbaycan əvvəlki kimi tək deyil . Onun yanında Türkiyə və Pakistan vardır. Vəziyyət gərgİnləşərsə, hətta Rusiyanın öz içərisinə qədər yayılacaq, türk xalqları da bu prosesdə öz səsini qısıb saxlamayacaqdır.

Bir məsələni də qeyd etməmək olmaz. Rusiya yaxşı anlayır ki, Azərbaycan Gürcüstan deyil. Gürcüstanı birbaşa müdafiə edərək yanında duracaq dövlət yox idi. Yalnız Qərbin ciddi təsiri ilə Rusiya Tiflis yaxınlığından geri çəkildi. Azərbaycan isə həm özü qüvvətli orduya malik dövlətdir, həm yanında Türkiyə

kimi Nato dövləti vardır, həmçinin enerji resurslarına və digər maddi nemətlərinə görə Qərbin dəstəyini alan ölkədir. Xüsusilə ABŞ-da demokratların hakimiyyətə gəlməsi təmin olunarsa, bölgədə daha fərqli situasiya yaranacaq. Bu Rusiya və Qərb qarşıdurmasını artıracaq və nəhayətdə Rusiyanın geriyə addım atmasına, hətta ola bilər ki, Qarabağda heç 5 il qala bilməməsinə gətirib çıxaracaqdır.

Azərbaycan qalibdir. Millət bütövdür. Çaldığı qələbəni ona məğlubiyyət kimi göstərməyə yol vermək olmaz. Əlbəttə bu qələbə hələ tamamlanmamışdır. Ancaq proses davam edir. Təsəvvür edin ki, ay yarım bundan əvvəl iki zirvə alınsa idi bu da 2016-cı ildəki kimi xalqımızda ruh yüksəkliyinə səbəb olacaqdı. Halbuki bu gün Azərbaycan ərazisinin işğalda olan mühüm hissəsi qəhrəman ordumuz tərəfindən azad olunmuşdur. Azərbaycan torpaqlarının geri qalan hissəsində nə qədər oyunlar oynanılmağa çalışılsa da, nəhayətdə geri alınacaqdır. Bunun üçün biz məkrli siyasi və psixoloji tələlərə düşməməliyik. Qələbə ovqatımıza kölgə salınmasına imkan verməməli, Türkiyə ilə əl-ələ olmalı, Rusiyanın Qarabağda olmasına isə bir cəmiyyət olaraq müsbət baxmamalıyıq.

Rusiya Azərbaycana Qarabağ vasitəsilə qayıtsa da, əvvəlki kimi hegemon ola bilməz. Çünki burada Rusiyanı yox, Türkiyəni sevirlər. Son proseslərdə isə Türkiyənin həm Rusiya, həm də İranla müqayisədə bizə nə qədər doğma olduğu hər kəsə aydın oldu. Hətta bu günlərə kimi müəyyən təbliğat nəticəsində dünyaya məzhəb gözü ilə baxan, İranı şiə, Türkiyəni sünni ölkəsi adlandırıb və Qarabağda döyüşən nə qədər insanlar gördülər ki, şiə adlandırdıqları İran ermənilərə silah göndərir və əksəriyyəti şiə məzhəbində olan Qarabağlılara qarşı erməniləri silahlandırır bə bir neçə tır Cənubda yaşayan azərbaycanlı qardaşlarımız tərəfindən yandırıldıqdan sonra mövqeyini dəyişir, sünni dedikləri Türkiyə isə Qarabağa qardaş yardımı edir və öz canını da üstünə qoyur. Bu təbiidir ki, Türkiyənin bölgədə əsl qardaş, eyni millət və əsas güc olmasını birmənalı olaraq təsdiq etdi. Əlbəttə, bu, Rusiyanın xoşuna gəlmir. Ancaq bununla barışmağa da məcburdur. Bu baxımdan Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasına maraqlı olmalıdır.

Bəs əksi olarsa, nə baş verəcək?

O zaman Azərbaycan və Rusiya müharibəsinin şahidi olacağıq. Bu müharibədə Türkiyə də Azərbaycanın yanında olacaq. İtkilər daha çox olsa da buradan geriyə yol da yoxdur. Bu müharibə Rusiyanın öz içərisinə doğru gedib, Ermənistanın dağılmasına, Rusiyanın isə parçalanmasına belə gətirib çıxara bilər. Elə bunu Rusiya strateqləri də yaxşı bilir. Ona görə də Azərbaycanın suverenliyini tanımaqla Ermənistana da təsir imkanlarını əldən buraxmamaq üçün bizə belə gəlir ki, bir müddət bu proses həyata keçəcəkdir.

Burada bir nüansı da diqqətdən qaçırmaq olmaz. Rusiyanın birdəfəlik bu torpaqlardan getməsini düşünmək sadəlöhvlük olardı. Əlində olan bütün imkanlardan istifadə edərək Rusiya hələlik bu şəkildə Qarabağa daxil olub. Ancaq proses dayanmayıb. İmkan çatan qədər işğal altında olan torpaqlar azad edilib. Əgər Rusiya bir qədər tez gəlsəydi heç rayonları da azad etmək bu qədər tezliklə mümkün olmayacaqdı. Buna görə də biz bir cəmiyyət olaraq buna hazır olmalı, daha ağır situasiya yaranarsa, millət və dövlət birliyini təmin etməli, savaş vəziyyətində isə canımızdan belə keçməyi bacarmalıyıq. Zəfər bizimlə olacaqdır. Müzəffər olan yalnız Uca Allahdır!

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR