"Banditizm həbs etdi, MTN-nin saxladığı bankirlə idarə rəisinin 5 milyonluq fırıldağı üzə çıxdı

img

19-11-2013 [10:22]



Xəbər verildiyi kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin marketinq şöbəsinin rəisi, QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs ediblər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bu işdə A.Əsgərovun oğlu "Liman Group” şirkətinin rəhbəri, Elnar Əsgərovun da adı hallanır. 

Qaranlıq maliyyə əməliyyatlarında R.Hüseynov qardaşı Emin Hüseynovun da iştirakı ilə bağlı məlumatlar var. Hüseynov qardaşları dəmir yollarının təchizat sistemində çalışıb. Bununla bağlı 50 sahibkar zərər çəkib və onlar prezidentə müraciət etməyə hazırlaşırlar.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, bu işin bir qolu da Tovuz rayonuna gedib çıxır (Arif Əsgərov əslən Tovuzun Qovlar qəsəbəsindəndir – red.). Mənbənin dediyinə görə, ölkə prezidentinin rayona dövlət büdcəsindən ayırdığı milyonlarla manat vəsaiti "Bank Teshnique”in (əvvəlki adı "Texnikabank”) yerli şöbəsinin rəhbərinin əli ilə çıxararaq onu Arif Əsgərovun qohumlarına, daha doğrusu oğlu Elnara faizə veriblər. Bu işlə rayonun bəzi rəhbər şəxsləri və onların övladları məşğul olub. Bir sözlə, dövlətin milyonlarla vəsaitini mütəşəkkil dəstə əlbir olaraq öz mənafeləri naminə talan edib.  

Mənbəmiz iddia edir ki, 2012-ci ildə dövlət büdcəsindən Tovuz rayonuna ayrılmış 11 milyon manatın 5 milyon manatı "Bank Teshnique”in "Tovuz” filialı vasitəsi ilə nağdılaşdırılaraq hesabdan çıxarıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verib. Bu işdə Elnar Əsgərovun Qoşqar adlı bacanağının da aktiv rol oynadığı haqda məlumatlar dolaşır.  

Məlumatı verən mənbənin iddialarına görə, büdcə pulları "Bank Teshnique”in "Tovuz” filialının müdiri Elnur Süleymanovun birbaşa təşkilatçılığı ilə bankdan çıxarılıb. Elnur Süleymanovun Elnar Əsgərovla yaxın qohumluq münasibətində olduğu bildirilir.

Ötən saylarda yazmışdıq ki, bu işlərə görə Arif Əsgərovun oğlu Elnar Əsgərov saxlanılıb. Amma atası onu xeyli "əziyyət”dən sonra azad etdirə bilib.

Bununla bağlı əlimizdə başqa detallar da var. Sadəcə hazırda bəzi dəqiqləşdirmələr aparırıq. Yaxın saylarda bu haqda geniş araşdırma yazısı hazırlayacağıq.

Son olaraq onu da xatırladaq ki, sözügedən bakın sahibi Etibar Əliyevi ötən il MTN müxtəlif cinayətlərdə ittiham edərək saxlanılmışdı. Amma bu hadisədən sonra bank Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevin nəzarətinə keçirildi. Bu proses yekunlaşdıqdan sonra isə keçmiş bankir azad edildi. Onun həbsi bu günə qədər də cəmiyyət üçün müəmma olaraq qalır. 

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA