Səlim Müslümovun naxçıvanlı “genosidi”

img

18-11-2013 [13:05]



Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov strukturda çalışan Naxçıvan əsilli məmurları kütləvi şəkildə işdən çıxarmağa başlayıb. Onun nazir kimi ilk əmrləri də məhz Naxçıvan əsilli rəhbər kadrların işdən kənarlaşdırılması ilə bağlı olub. Bu barədə "Yeni Müsavat”a nazirlikdəki mənbələrdən məlumat daxil olub.  

Mənbənin məlumatına görə, nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, aparat rəhbəri Elnur Kələntərov və onun müavini Elnur Camalxanov işdən azad ediliblər. Bu şəxslər Naxçıvan əsilli məmurlar olmaqla yanaşı, həm də sabiq nazir Füzuli Ələkbərova çox yaxın personalar hesab edilirdilər. Bundan başqa, nazirliyin ən mühüm postlarından sayılan Dövlət Əmək Müfəttişliyinin Naxçıvan əsilli rəisi Nəbi Şükürlü işdən çıxarılıb. İşdən çıxarılanların yerini S.Müslümovun keçmiş işçiləri - Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tutur. Məsələn, nazirliyin aparatının rəhbəri vəzifəsinə DSMF-də eyni funksiyanı icra edən Əjdər ol, Dövlət Əmək Müfəttişliyinin rəisi postuna isə fondun maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev təyinat alıb. Hər iki şəxs qeyri-regionları təmsil edir.

Mənbənin iddiasına görə, indi nazirliyin Bakı rayonları üzrə şöbələrində Naxçıvan əsilli məmurların işdən çıxarılmasına başlanılıb. Naxçıvan əsilli məmurların daha çox təmsil olunduğu Dövlət Əmək Müfəttişliyində isə bu daha qabarıq nəzərə çarpır. Müəssislərdə əmək müqavilələrinin bağlanmasına nəzarət edən bu qurum nazirliyin ən "rentabelli” idarələrindən sayılır. Ona görə də S.Müslümov ilkin olaraq bu strukturu tam nəzarətə götürməyə qərar verib. Əmək Müfəttişliyinin yerli strukturlarının rəhbərliyi də kütləvi şəkildə dəyişdirilir.

Bundan başqa, nazirlikdə Tibbi Sosial Ekspert Komissiyalarının (daha çox VTEK adı ilə tanınır) sədrləri də kütləvi şəkildə dəyişdirilir. Ötən saylarımızda S.Müslümovun əlillik dərəcələrini müəyyən edən Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyətini araşdırmaq üçün xüsusi göstəriş verdiyini qeyd etmişdik. Araşdırma indiyə qədər komissiyalardan daxil olan şikayətlər əsasında aparılır. S.Müslümov araşdırmanın gedişinə şəxsən nəzarət edir və təftişçilərə bu məsələdə kompromissiz mövqe tutmağı tapşırıb. Nazir eyni zamanda ünvanlı sosial yardımların verilməsindəki neqativ halların araşdırılmasına da göstəriş verib. Bir neçə gün öncə keçirilən iclasda ünvanlı sosial yardımların təyin olunması və ödənişdə neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması xüsusi müzakirə edilib. Nazirliyin bir neçə yerli şöbəsinin rəisi iclasdaca işindən kənarlaşdırılıb, bir neçə Tibbi Sosial Ekspert Komissiyasının sədrinə ciddi xəbərdarlıq edilib. İclasda nazirliyin Şamaxı şöbəsinin rəisi işdən kənarlaşdırılıb. İclasın gedişindən S.Müslümov onu ayağa qaldıraraq möhkəm danlayıb və artıq işdən çıxarıldığını deyib. Ünvanlı sosial yardımların ayrılması ilə bağlı şikayətlər üzrə Şamaxı "lider” olub. Ona görə də S.Müslümov ilk olaraq nazirliyin Şamaxı şöbəsinin rəisini işdən çıxarıb. Bunun ardınca S.Müslümov sabiq nazir F. Ələkbərovla qohumluq münasibəti olan nazirliyin Şamaxı şöbəsinin rəisinin fəaliyyətini araşdırmaq göstərişini verib. Bundan başqa, iclasda Səlim Müslümov Ağdam-Ağcabədi rayonlarını əhatə edən 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Ələmdar Quliyevi kəskin tənqid edib. Keçmiş nazir Füzuli Ələkbərova yaxınlığı ilə seçilən Ə. Quliyev barədə nazirliyə hər zaman çoxsaylı şikayətlər daxil olub. Ancaq nazirlə şəxsi yaxınlığı ona toxunulmazlıq statusu verib. Ancaq indi situasiya dəyişib və yeni nazir idarədə ciddi yoxlamaların aparılması barədə göstəriş verib. Onun çoxlu sayda saxta əlillik dərəcəsi verməsi barədə iddialar var. İclasda tənqid atəşinə tutulan Ə. Quliyev qəfildən özünü pis hiss edib və yerə yıxılıb. Həmkarları təcili yardım çağırmağa məcbur olublar.

Mənbə deyir ki, bütün bu göstərişlər uzun müddətdə nazirlikdə kök salmış kadrların işdən kənarlaşdırmasına hesablanıb. Uzun müddət nazirliyə Naxçıvan əsilli məmurlar rəhbərlik etdiyindən bu bölgədən olanlar çoxluq təşkil edirlər. 1996-2006-cı illərdə nazirliyə Naxçıvan əsilli Əli Nağıyev, 2006-2013-cü illərdə isə Naxçıvan əsilli Füzuli Ələkbərov başçılıq edib. Bu səbəbdən də onların həmyerliləri burada daha çox təmsil olunur. Ağsu əsilli Səlim Müslümovun dövründə isə vəziyyət dəyişib - Naxçıvan əsillilərin kütləvi şəkildə işdən çıxarılmasına start verilib.

Obyektivlik naminə bir detalı qeyd edək ki, əslində burada məqsəd kadrları məhz naxçıvanlı olduqlarına görə "genosid” etmək deyil. Məsələ budur ki, xalqla hakimiyyətin əsas təmas məntəqəsi olan bu nazirlikdəki əksər problemli kadrlar naxçıvanlılardır. Yəni nazirlikdə onların xüsusi çəkisi çox olduğu üçün belə bir mənzərə yaranıb.

Sonda qeyd edək ki, prezident bu nazirliyi qaydaya salmaq və təmizləmək üçün S.Müslümova xüsusi səlahiyyətlər verib.  

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA