Altay Göyüşovdan tələbələrinə çağırış

img

13-11-2013 [22:51]


Tarix elmləri namizədi, BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşovun işdən çıxarılması universitetdə çaxnaşma yaradıb.

Xatırladaq ki, A.Göyüşov özü işdən çıxması haqda məlumat yaymışdı: " Bu gün universitet rəhbərliyi öz ərizəmlə işdən çıxmağımı istədi. Sonra isə dərsin ortasından auditoriyadan çıxarıldım. Səbəb isə facebook. Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır". 

Əvvəlcə BDU-dan bu məlumatı təkzib etsələr də, sonradan universitetin rektoru, deputat Abel Məhərrəmov A.Göyüşovun ona verilən vəzifəni yerinə yetirmədiyi barədə açıqlama verdi: "Altay Göyüşov Bakı Dövlət Universitetinin dosentidir. Biz onu uzun müddət ABŞ-a elmi ezamiyyətə göndərdik. Gələrkən düşünürdük ki, biz ondan səmərəli istifadə edəcəyik. Həm müəllim kimi yenidən bərpa etdik, həm də ona İslam araşdırma mərkəzində aparıcı elmi işçi vəzifəsi verdik. Bu mərkəzdə artıq bir neçə ildir işləməsinə baxmayaraq, heç bir layihə həyata keçirməyib, hətta işə də getməyib. Biz onun işə gəlmədiyini nəzərə alaraq, dosent kimi yox, İslam araşdırma mərkəzində tutduğu vəzifə ilə bağlı məsələsini müzakirə etməyə qərar verdik. Təsəvvür edin, ortada heç bir şey yoxdur və sən pul da alırsan”. 

Tələbələr isə... A.Göyüşovun işdən çıxarılmasından sonra onlar dərsləri boykot edəcəklərini deyirlər. Sosial şəbəkələrdə qərarlaşan tələbələr sabahdan etibarən dərslərə getməyəcəklərini bildirirlər.

Virtualaz.org xəbər verir ki, A.Göyüşov dərsləri boykot etmək istəyən tələbələri bu fikirlərindən daşınmağa çağırıb. O, öz facebook səhifəsindən tələbələrinə müraciət edib: "Tələbələrə təşəbbüs göstərib məni dəstəklədiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Çox-çox sağ olsunlar. Hamısından artıq dərəcədə xahiş edirəm ki, dərslərindən qalmasınlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA