General danışdı: "Əgər doğrudan da Səfər Əbiyev rüşvətxordursa..." - Müsahibə

img

09-11-2013 [13:28]


Azərbaycan Silahlı Qüvvələrinin Tibb İdarəsinin sabiq rəisi, ehtiyyatda olan general-mayor Dağlar Abdullayev də Müdafiə Nazirliyində baş verən nazir və digər kadr dəyişikliyi, eləcə dəə keçmiş nazir Səfər Əbiyev haqda maraqlı açıqlamalar verib. 

Mia.az generalın Publika.Az-a müsahibəsini təqdim edir: 

- Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə Zakir Həsənov Azərbaycanın yeni müdafiə naziri təyin olunub. Zakir Həsənovla tanışılığınız necədir?

- Yeni nazirin təyinatından xəbərim var. Ancaq onunla yol yoldaşı olmamışam, dostluq etməmişik. Lakin o məni, mən də onu tanıyırıq. Zakir Həsənov Daxili Qoşunların komandanı olub, mən Tibb İdarəsinin rəisi. Amma bizim birgə dostluğumuz və tanışlığımız olmayıb. Çünki bir yerdə çalışmamışıq.

Bildiyimə və eşitdiyimə görə də Zakir Həsənov çox qabiliyyətli insandır. Ən əsası da odur ki. Zakir Həsənov əsgərin qədrini bilir. Bu böyük işdir. Ötən gün yeni nazir ilə baş qərərgah rəisinin döyüş bölgəsinə getməsi ilə bağlı məlumatlarla tanış olmuşam. Bu çox vacib və yaxşı addımdır. Döyüş bölgəsinə tez-tez getmək lazımdır, düşmənlə təmas xəttində xidmət edən hərbiçilərin vəziyyətilə yaxından tanış olmaq lazımdır. Bütün bunlar olan təqdirdə isə orduda onun nüfuzu da artacaq.

Zakir Həsənov həm də cavan kadrdır və o yeniliyi sevən adam olub. Daxili Qoşunların şəxsi heyəti də hər zaman bu adam haqqında müsbət fikirdə olub. İndi bizim orduya da belə bir insan çoxdan lazım idi. Yeni müdafiə nazirini 5-10 il əvvəl təyin etsəydilər daha yaxşı olardı.

- Yeni nazirin kadr islahatlarını necə qiymətləndirirsiz?

- Hələ ki, kadr islahatları gedir. Bu islahatlar tam başa çatsın, Allahın köməyi ilə hamımızın bunun nəticəsini görərik. Ancaq hələlik kadr islahatı gedir.

- Tez-tez belə fikirlər səslənir ki, Azərbaycan ordusunda korrupsiya və rüşvət var. Bu fikirlərlə nə qədər razısınız?

- Bilirsiniz, korrupsiya elə bir məsələdir ki, bu, hər kəsin özündən asılı olan məsələdir. Misal üçün, hər adam gedib rüşvət kimi pul vermir ki, mənim uşağımı filan yerə salın və sairə. Gərək insan özü özünü rüşvətə öyrətməsin. Bu çox pis adətdir. Bu sanki insanın narkotik və spirtli içkidən asılı olmasına bənzəyir. Korrupsiyaner də korrupsiyaya öyrənəndən sonra onsuz yaşaya bilmir.

Rüşvət alan insan da bunu çalışır ki, hamıdan gizlətsin. İndi orduda da müxtəlif cür insanlar var. Mən hər zaman çalışmışam ki, insanlara hər zaman kömək edim və bunun qarşılığında heç kəsdən heç bir şey gözləməmişəm. Kimsə deyə bilməz ki, mən filankəsdən rüşvət almışam və sairə. Mən heç kəsdən rüşvət almamışam. Mənə görə də rüşvət alan insan vicdanını itirmiş adamdır. İnsan insana kömək etmək istəyirsə, bunu təmənnasız etməlidir, nəyinsə xatirinə deyil. Bəzən olur ki, kimsə gəlib xahiş edir və rüşvət təklif edir ki, mənim uşağımı ön cəbhəyə salmayın və sairə. Elə adamlar var ki, ön cəbhədə xidmətdən boyun qaçırmaq üçün bütün malını satmağa hazırdır. İndi sual olunur ki, bəs ön cəbhədə sənin, onun usağı xidmət etməsin, bəs kimin uşagı xidmət etsin? Həmin valideynlər bu suala cavab verməlidir. Hamı bu Vətəni qorumalıdır.

- Sabiq müdafiə naziri Səfər Əbiyevlə münasibətiniz necədir?

- Səfər Əbiyevlə münasibətim normal olub. Hər zaman da çalışmışam ki, öz vəzifə borclarımı doğru icra edim. Vəzifə borclarını düzgün yerinə yetirən zabitlərə də heç zaman onların rəislərinin pis münasibəti ola bilməz. İndi özüm barədə də deyə bilərəm ki, mən Səfər Əbiyevlə nə dost deyiləm, nə də düşmən. Mən vəzifəmi 2009-cu il yanvar 12-də təhvil vermişəm. O gündən indiyədək bir dəfə də olsun ki, Səfər Əbiyevlə söhbətim olmayıb. Arada olub ki, hansısa generalın övladının toyunda Səfər Əbiyevi uzaqdan görümüşəm.

- İndi bir sıra mətbu orqanları Səfər Əbiyyevi korrupsiyada da ittiham edirlər. Buna münasibətiniz necədir?

- Düzdür ki, yazırlar. Ancaq yazılanların heç biri təsdiq olunan məlumatlar deyil. Əgər doğru yazırlarsa, o zaman bunu araşdıran müvafiq orqanlar, o cümlədən prokurorluq var. Qoyun araşdırsın və onlar qərar versinlər. Əgər doğrudan da Səfər Əbiyev rüşvətxordursa, o zaman hüquq-mühafizə orqanları özləri qərar versinlər. Yox, əgər bu yazılanlar söz-söhbətdirsə, o zaman açıqlama versinlər ki, hər şey yoxlanılıb və normaldır. Çünki istənilən adam haqqında korrupsiya ittihamından danışanda o adam özünü çox narahat hiss edir. Yazılanları mən də oxuyuram və məsələnin bu qədər uzanmasının tərəfdarı deyiləm.


- Bir neçə ehtiyatda olan hərbçi var ki, onlar Səfər Əbiyevi rüşvət almaqda ittiham edirlər. Siz Səfər Əbiyevlə bir yerdə çalışmısınız. Olubmu ki, Səfər Əbiyev sizdən rüşvət alsın?

- Mən bir daha deyirəm ki, rüşvət alan adam çalışır ki, bunu heç kəs bilməsin. Yəni, o mənim yanımda sövdələşməyib, mən bunu görməmişəm. Allah etməsin ki, Səfər Əbiyev məndən rüşvət istəsin. Birincisi heç kəs o riski edib məndən rüşvət istəməz. Çünki mən heç vaxtı heç kəsdən vəzifə filan istəməmişəm. Mən heç kəsdən nə rüşvət almamışam, nə də rüşvət verməmişəm. İndiyədək bu olmayıb və bundan sonra da olmayacaq.

- Yeni müdafiə naziri orduda kadr islahatları həyata keçirir. Artıq bir neçə yüksək rütbəli hərbiçi tutduğu vəzifədən azad olunub, yerlərinə isə digər şəxslər təyin olunur. Yeni nazirdən sizə iş təklifi gəlibmi?

- Bilirsiniz, mən bu gündən sonra heç bir vəzifə istəmirəm. Artıq yaşım da yetmişi keçib, çox yorulmuşam. O vaxt da özüm gəlib Səfər müəllimdən xahiş etdim ki, məni yaşıma görə istefaya göndər, artıq çox yorulmuşam, həm də yaşım əl vermir. Bu söhbət hardasa təxminən il yarım davam etdi, ancaq sonra Səfər müəllim icazə verdi və mən 2009-cu ilin əvvəlindən istefaya çıxdım. İstefaya çıxanda da Səfər müəllimlə halallaşdım. Öz yerimə keçən həkimlərə də hər zaman demişəm ki, nə kömək lazım olsa mən hər zaman hazıram. Amma əgər Azərbaycan ordusu torpaqlarımızın işğaldan azad olunması üçün müharibəyə başlasa, o zaman mən çağırılmamış hərbi xidmətə qayıdacam. O zaman məni çağırmaq lazım deyil, heç yadlarına düşməsəm belə özüm mütləq gedəcəm.


- Hazırda nə işlə məşğulsunuz?

- Heç, evdə oluram, nəvələrimlə günümü keçirirəm. Allaha çox şükür ki, 7 nəvəm var. Ona görə də onların hər biri üçün vaxt ayırmağa çalışıram.

- Övladlarınızdan hərbiçi olanı var?

- Əlbəttə ki, var. Bacımın nəvəsi Vüqar Abdullayev hazırda polkovnikdir və Mərkəzi Hospitalda çalışır. Bundan əlavə, qardaşım oğulu Bəhruz Abdullayev də Ədliyyə Nazirliyində polkovnik-leytenantdır. Digər övladlarım isə mənim kimi həkim olublar.

- Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə Zakir Həsənov Azərbaycanın yeni müdafiə naziri təyin olunub. Zakir Həsənovla tanışılığınız necədir?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA