Təhsil Nazirliyində əməliyyat keçirildi, Misir Mərdanovun kadrı həbs olunacaq? - Prokurorluq

img

05-11-2013 [11:59]


"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İB-nin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalar zamanı birliyin vəzifəli şəxsləri tərəfindən 2010-2013-cü illərdə İB-nin hesablaşma hesabına daxil olan pul vəsaitlərinin xərclənməsi zamanı maliyyə pozuntularına yol verilməsində, qrant müqaviləsi əsasında ayrılmış 43.0 min ABŞ dolları məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməyərək xarici ölkə vətəndaşının hesabına köçürülməsində, Təhsil Nazirliyi və «Azərbaycan Universiteti» MMC ilə keçirilən birgə layihələrin icrası zamanı büdcə vəsaitlərinin istifadəsində qanun pozuntularına yol verilməsində, zəruri sənədlər tərtib edilmədən xidmət haqqı kimi kənar müəssisəyə 10 min 500 manat, digər müəssisəyə isə 16 min 800 manat pul vəsaitinin nağd şəkildə ödənilməsində və sair maliyyə pozuntularına yol verilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Mərkəzin proqram rəhbəri Elmina Kazımzadə həm də Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının sədridir. 

Mi.az  AzNews.az-a istinadən xəbər verir ki, Elmina Kazımzadə  təşkilatla bağlı cinayət işinin açılması xəbərindən məlumatsız olduğunu bildirib. E.Kazımzadə Təhsil Nazirliyində aparılan kadr islahatlarından sonra da Dərslikləri Qiymətləndirmə Şurasının sədri kimi fəaliyyətini davam etdirdiyini və hazırda dərsliklərlə bağlı tenderin keçirildiyini deyib: 

"Mən hələ də nazirlikdə yaradılan Dərslikləri Qiymətləndirmə Şurasının sədri kimi fəaliyyətimi davam etdirirəm. Sadəcə hazırda tender keçirilməsi prosesi gedir. O ki qaldı, Baş Prokurorluğun məlumatına, bizdə yoxlamalar aparılırdı. Ancaq hesab edirəm ki, müəyyən qədər anlaşılmazlıqlar var və bunlar dəqiqləşdirilməlidir. Biz öz tərəfimizdən bütün baş verənləri araşdıracağıq”.

Sonda onu da xatırladaq ki, Elmina Kazımzadə sabiq Təhsil naziri Misir Mərdanovun əsas kadrlarından biri olub. O, 2008-ci ildən Dərnəklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində çalışır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA