Nəcməddin Sadıqovun səlahiyətlərinin artırılması hakimiyyətdə qorxu yaradır

img

04-11-2013 [23:10]


"Azərbaycanla NATO arasında 2005-ci ildə razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planına (Individual Partnership Action Plan) görə rəsmi Bakı Silahlı Qüvvələrdə xeyli sayda islahatlar həyata keçirməli idi”, - "Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli belə deyir.

Onun sözlərinə görə, buraya Müdafiə Nazirliyi kadrlarının idarəedilməsi sisteminə yenidən baxılması, birləşmələrdə NATO standartlarının tətbiq olunmasını təmin edəcək mexanizmlərin işə salınması, Silahlı Qüvvələrin demokratik cəmiyyətin dəyərlərinə maksimal şəkildə cavab verməsinə nail olmaq, habelə Müdafiə Nazirliyinə mülki şəxsi rəhbər təyin etmək və bütün bunlarla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər və əlavələr etmək daxil idi: "Ötən 8 il ərzində qeyd olunan islahatlar demək olar ki, həyata keçirilməyib, əksinə problemlər daha da "şişib” və nəticədə Silahlı Qüvvələrdə ciddi idarəçilik böhranı yaranıb. Xüsusilə də, Müdafiə Nazirliyi aparatı və SQ Baş Qərargahı arasında səlahiyyətlərin dəqiqləşdirilməməsi ordu quruculuğu üçün ciddi problemlərin yaranmasına gətirib çıxarıb”.

MN aparatı ilə SQ Baş Qərərargahı arasındakı qeyri-müəyyən funksiyalara və səlahiyyətlərə diqqəti yönəldən hərbi ekspert bildirib ki, ümumiyyətlə, bununla bağlı hərbi-siyasi elitada vahid konseptual baxışlar yoxdur. C.Sümərənli daha sonra deyib ki, siyasi hakimiyyət IPAP-da göstərilən islahatlara gediləcəyi təqdirdə Silahlı Qüvvələrin ənənəvi fəaliyyətindən "kənara çıxa” biləcəyindən və bununla da mövcud "sabitliyiə zərbə dəyəcəyindən” narahatdır. "2005-ci ildə IPAP sənədində əksini tapan müddəalara görə, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının "J” strukturu üzrə qurulması tövsiyyə olunub. "Joint” – "birləşmiş” sözünün ingiliscə tərcüməsinin baş hərfini əks etdirən bu islahat Azərbaycanda bütün hərbi birləşmələrdə tabeçilik münasibətlərinin nizamlanmasını nəzərdə tutur.
"Müdafiə Nazirliyindəki ənənəvi hərbi qüvvələrin SQ Baş Qərargahının tabeçiliyinə keçməsi üçün qanuni əsasların yaradılması Azərbaycanın hərbi-siyasi hakimiyyəti tərəfindən qulaq ardına vurulub. Əslində qeyd edilən münasibətlər sistemi, yəni "J” Türkiyə Silahlı Qüvvələrində çoxdan tətbiq olunub”. Türkiyə SQ Baş Qərargahına beş qoşun növünün tabe olduğunu nümunə gətirən ekspert onların münasibətlərinin ierarxik və bərabər şərtlərlə tənzimləndiyini söyləyib. "Türkiyədə müdafiə naziri mülki şəxsdir və ordunun idarəçiliyi SQ Baş Qərargahının üzərindədir. Gürcüstanda da demək olar ki, oxşar sistemdir, müxtəlif istiqamətdə fəaliyyət göstərən hərbi təyinatlı strukturlar Birləşmiş Baş Qərargaha tabedirlər və bu, ümumilikdə ordu idarəçiliyinin "beyni” rolunu oynayır”, - deyə C.Sümərinli bildirib.

Onun sözlərinə görə, Azərbaycan reallğınıda orduda "söz sahibi” həmişə müdafiə naziri olub, SQ Baş Qərargahının hər hansı qərarverici rolu gözə dəyməyib: "Təəssüflər olsun ki, Azərbaycanda müdafiə naziri postuna mülki şəxsin təyin olunması prosesi gecikdirilir. Rəsmilər bunu Azərbaycanın müharibə şəraitində olması ilə əlaqələndirirlər ki, bu da bəhanədən başqa bir şey deyil. Çünki ortada ən azı Gürcüstan və Türkiyə təcrübəsi var. Gürcüstanın iki regionu Rusiyanın işğalı altındadır, Türkiyə isə on illərdir ki, separatçılarla münaqişə vəziyyətindədir, amma hər ikisində müdafiə naziri mülki şəxsdir və bu da ordu quruculuğunda özünün müsbət nəticələrini artıq göstərib”.

Hakimiyyətin Qorxduğu İslahat
Ekspertin fikrincə, Azərbaycanın siyasi hakimiyyəti SQ Baş Qərargahını "J” strukturuna deyil, daha çox "G”-yə uyğun qurmağa cəhd edir. Bu da "Great General Staff” mənasını daşıyır, yəni "Böyük Baş Heyət (Qərargah)”. "2005-ci ildə İPAP sənədi imzalandıqdan sonra bu istiqamətdə müəyyən addımlar atılıb. Lakin MN rəhbərliyindəki ziddiyyətlər bu prosesin dondurulmasına gətirib çıxardı. İndi hərbi-siyasi hakimiyyət diqqətini "G” sisteminə yönəldib və bu əslində Rusiyanın Sovetdən qalma ordu standartlarını təkrarlamaqdır . Burada hər hansı demokratik idarəetmə qaydalarından söhbət gedə bilməz. Ortada Türkiyə və Gürcüstan kimi müsbət təcrübələr varkən Rusiyanın ordu quruculuğu modelinə istinad etmək, əslində Azərbaycan Silahlı Qüvvələrini inkişafdan geri salır."

C.Sümərənlinin sözlərinə görə, "J” sistemi ordu idarəetməsində kompleks tədbirləri özündə əks etdirir. "Belə ki, "J” sistemi qurularkən onun 9 istiqaməti tam inkişaf etdirməlidir. Buraya Heyət (J1), Kəşfiyyat (J2), Əməliyyatlar (J3), Logistika (J4), Planlaşdırma (J5), Kommunikasiya və İnformasiya Texnologiyaları (J6), Təlim və Məşğələlər (J7), Büdcə və Maliyyə (J8) və Mülki-Hərbi Münasibətlər (J9) daxildir. Gürcüstan Silahlı Qüvvələrində J1, J2, J3, J4, J6, J7 istiqamətlər üzrə işlər tamamlanıb. Bu ciddi göstərici hesab olunur."

"Əgər Azərbaycan hakimiyyəti "J” sistemini gerçəkləşdirməyə qərar versə, ordu quruculuğunda bütün istiqamətlər üzrə ciddi islahatlar aparılmalıdır. Müdafiə nazirinin funksiyası ordu quruculuğunun sosial rifah, maddi-texniki təchizatının gücləndirilməsi, konseptual sənədlərin hazırlanması, xarici əlaqələr, parlament və cəmiyyət qarşısında lobbiçilik funksiyaları ilə məhdudlaşdırılmalıdır. Baş Qərargah rəisi isə taktiki və strateji əməliyyatların planlaşdırılması, şəxsi heyətin döyüş hazırlığının artırılması ilə məşğul olmalıdır", - deyə C.Sümərənli islahatın mahiyyətini açıqlayıb.

Hakimiyyətin Qorxduğu İslahatNATO standartlarına uyğun ordu quran ölkələrdə müdafiə nazirinin orduya nəzarət mexaizminin əsas açar amillərindən biri sayıldığını deyən ekspert bildirib ki, burada söhbət mülki müdafiə nazirindən gedir. "Təəssüf ki, Azərbaycan Silahlı Qüvvələri ilə bağlı bunu demək mümkün deyil. Baş verən proseslərə əsaslanaraq yaxın perspektivdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması və MN ilə SQ Baş Qərargahın vəzifələrinin, funksiyalarının bölüşdürülməsi istiqamətində ziddiyyətlərin qalacağını proqnozlaşdırmaq olar”, - deyə C.Sümərənli bildirib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının Müdafiə Nazirliyinin tabeliyindən ayrılmamaq şərti ilə səlahiyyətlərinin artırılması, ona xüsusi əlavə səlahiyyətlər verilməsi gözlənilir. Bu təklif bir qrup deputat tərəfindən irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA