Jurnalistlər sumqayıtlı deputat haqda nə düşünür?

img

31-10-2013 [16:31]



"Xəbərlə” xəbər portalı (xeberle.com) "Onları necə tanıyırıq?" adlı yeni rubrikaya start verir. Rubrikada sumqayıtlı millət vəkillərinin, məmurların fəaliyyəti haqqında şəhərimizin jurnalistlərindən münasibət öyrəniləcək, onlar haqda fikir yürüdüləcək. İlk olaraq Sumqayıtın millət vəkillərindən başlamağa qərar verdik, elə deputat Leyla Abdullayevadan.

Sualımız belə oldu: "Sumqayıt şəhər 41 saylı I Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Leyla Abdullayevanın fəaliyyətini necə qiymətləndirisiniz?”

"Xəbərlent” portalının (xeberlent.az) baş redaktoru Bəhruz Salmanov:"Bu xanımı desəm ki, tanımıram, necə olar?!”

AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə müxbiri Aida Eyvazova:"Mən bu deputatı ilk dəfədir görürəm. Heç Milli Məclisdə də fəaliyyətini görməmişəm, səsini eşitməmişəm. Deyəsən, bizim 4-cü məhəllənin də deputatı odur. Bərbad 4-cü məhəllənin sakinləri ilə heç görüşdüyü olubmu? Sumqayıt və sumqayıtlılar üçün nəsə edib?!

"Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı:"Sabiq icra başçısı Vaqif Əliyevin vaxtında məktəb direktoru olub, sonra bələdiyyə üzvü, sonra da mandat alıb, yəni seçilməyib.”

"Rekord.az” saytının redaktoru Anar Xanlarov:"Səhv etmirəmsə, bu xanım 15 nömrəli məktəbdə müəllimə işləyib. Necə oldu ki, gəlib deputat oldu, bu, mənə qaranlıqdır. Fəaliyyətinə gəlincə, şəxsən mən hər hansı bir aktiv fəaliyyətini görməmişəm. Nə Milli Məclisdə, nə də Sumqayıtda. Görənlər varsa, buyursun, desin.”

"Turan” informasiya agentliyinin əməkdaşı Hafiz Babalı:"Onun parlament kimi mötəbər bir quruma seçildiyini söyləmək seçki institutuna ən azı hörmətsizlikdir. Yaşadığım dairədən deputat hesab edilir. Hələ onun vətəndaşlarla görüşdüyü barədə bir xəbər eşitməmişəm. Son dəfə onun YAP-ın mitinq-konseri zamanı "İnşaatçı" stadionunda çıxışını dinlədim. Məncə, bu səviyyədə çıxışı heç orta təhsilli müəllimə belə layiq deyildi.”

"Zaman” qəzetinin bölgə müxbiri Nicat Xıdırlı:"12 nömrəli məktəbin direktoru olarkən yaxşı işləyib, nizam-intizamlı məktəb yaradıb. Səmimi xanımdır. Millət vəkili olaraq fəaliyyətini bilmirəm.”

"MİA” informasiya agentliyinin (mia.az) redaktoru Zaur Əhməd:"Susqun, sumqayıtlıların problemlərini Milli Məclis tribunasından qaldırmaq imkanı olsa da, bunu gerçəkləşdirməyən deputat. Qanunvericilik bazasının formalaşmasında da deputat kimi hər hansı bir fəaliyyətinin şahidi olmamışam. Əsas vəzifəsi bunlar olan Leyla xanımın bu sahədə hər hansı bir fəaliyyəti olmadığı üçün deputat saymaq olmaz. Subyektiv fikir olsa da, təəssüf, həqiqətdir.”

"Zaman və Biz” qəzetinin baş redaktoru Sübhan Arifoğlu:"Millət vəkili kimi bir fəaliyyəti ancaq tədbirlərdə görünmək və söz xətrinə tribunadan nə isə 1-2 söz deməkdirsə, mən belə bir millət vəkili tanımıram!”

"168 saat” qəzetinin baş redaktoru Vusal Məmmədov:"Bizim əməkdaşlarda Leyla xanımın bir nömrəsi var. Hansısa mövzuda münasibətini öyrənmək üçün zəng edirik, anası cavab verir, deyir ki, bala, Leyla xanım yoxdur... Artıq 3 ildir ki, belə davam edir... Bir dəfə isə Leyla xanımın direktoru olduğu 18 saylı məktəbin tibb otağı ilə tanış olmaq üçün həmin məktəbə getmişdik.., direktor müavini bizi məktəbdən yumşaq desək, qovaraq - "Məktəbin yiyəsi yoxdur?! Kimdən icazə almısınız?! Çıxın çölə!", - söylədi.”

"APA" TV-nin əməkdaşı İlahə Vəliyeva:"Elə bir deputatı tanımıram, Sumqayıta aid heç bir tədbirdə rastlaşmamışam. Onun millət vəkili kimi fəaliyyətinə 0 qiymət verirəm.”

"168 saat.com” saytının baş redaktoru Elşən Allahverdiyev:"Olduqca mədəni, sakit, kübar... Bir sözlə əsl EV xanımıdır.”

"Birlik.az” saytının baş redaktoru Vusal Hətəmov:Var "Millət vəkili", var "Millətin vəkili". Belələri Millət vəkilidir. Məncə, bu qədər yetər.”

Müstəqil jurnalist Elçin Abdullayev:"Leyla xanım yaşadığım dairədən deputat olmasa da, eşitdiyimə görə öz seçiciləri də onu çıraqla axtarır.”

"Yeganə yol” qəzetinin baş redaktor müavini Məftun Ənvəroğlu:"Təəssüf ki, Milli Məclisə hər çağırışda bütün bölgələrdən olduğu kimi, Sumqayıtdan da "lal deputat” seçilir... Leyla xanım da parlamentdəki "lal deputat”lardan biridir. Qısa olaraq onun fəaliyyətini bu cür xarakterizə edirəm: Sumqayıtın problemləri kifayət qədərdir və bu problemlərin həllinə çalışan cəfakeş millət vəkillərimizin olmasını hər zaman arzulamışam. Təəssüf ki, kreslonun yumşaqlığı mürgüyə verir onları. Seçicilərə verilən vədlər isə "vozdux" və ya sabun köpüyü kimi bir şeydir...”

"Xəbərlə” portalının və "168 saat” qəzetinin redaktoru Elnur Ağayev:"Leyla xanım Abdullayeva sakit, fağır, passiv deputatlardandır. Milli Məclisdə çıxışlarını görməmişəm, seçiciləriylə, sakinlərlə görüşlərini eşitməmişəm, bəlkə də olub, amma bu barədə ictimaiyyətə hansısa məlumat verilməyib. Əlamətdar günlərdə, təqvim bayramlarında şəhər tədbirlərində görünür. Digər sumqayıtlı deputatlarla nisbətdə sanki mətbuatdan qaçır... Amma onu əsl pedaqoq, məktəb direktoru hesab etmək olar...”

Müstəqil jurnalist Çinarə Hüseynova:"Mənim işlədiyim müəssisənin müdiri parlament seçkilərində Leyla xanımın vəkili olub. Amma Leyla xanım deputat seçiləndən sonra müdir onu tapa bilmədi. İstəyirdi ki, oğlunun işdən çıxarılması haqda ona danışsın, məsləhətləşsin, problemin həllinə yardım istəsin.”

"Milli.az” portalının əməkdaşıTeymur Hacıyev:"Sumqayıtlı olsam da, tanımıram Leyla Abdullayeva adlı millət vəkilini. Birinci dəfədir ki, onun adını eşidirəm. Belə çıxır ki, ya mən pis jurnalistəm, ya da ki, o yaxşı millət vəkili deyil. Əks təqdirdə heç olmasa adını eşitmiş olardım.”

"Faktxeber.com” saytının əməkdaşı Xəyal Şükür:"Düzünü desəm, şəhərimizin Leyla Abdullayeva adlı bir millət vəkilinin olmasını birinci dəfərdir ki, eşidirəm. Təbii ki, Azərbaycanda hər hansı bir şəxsin sağlam, sivil və qanuni yolla millət vəkili kürsüsünə yiyələnməsi şübhəlidir artıq. Bunu Gülerqeyt skandalı da hardasa göstərdi. Ona görə də sumqayıtlı xanım deputatın fəaliyyətinin gözə dəyməməsi təbii qəbul olunmalıdır. Görün vəziyyət nə dərəcədə dəhşətlidir ki, səhərdən axşama qədər ictimai-siyasi proseslərin içində olan biz jurnalistlər şəhərimizin belə bir millət vəkili olmasından xəbərsizik. Əgər jurnalistin belə bir millət vəkilinin olmasından xəbəri yoxdursa, onda sadə insanın haradan xəbəri olsun?!”

Müstəqil jurnalist, yazar Günel Eyvazlı:"Bu xanım hazırda 18 nömrəli məktəbin direktorudur. Məktəbin hazırkı durumuna bir baxsanız! Qalan gördüyüm və şahidi olduğum mətləblərin üzərinə işıq salsam.., yaxşısı budur, mən susum...

"Günəşli sabah” qəzetinin baş redaktoru Aygün Hacıyeva:"Leyla xanım deputat seçilməmişdən əvvəl bizim qəzetdə müxbirimizin məktəbdəki problemlərlə bağlı materialı dərc olunmuşdu. Şəxsən tanışlığım yoxdur. Millət vəkili seçiləndən sonra qəbuluna düşmək müşkül məsələdir. Müavini çox məharətlə müxtəlif bəhanələr gətirir. Bir də ki, iş görən şəxs hesabat verər. Passiv fəaliyyətdə olan nə desin?!”

"Xəbərlə" xəbər portalı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA